“İran doktrinasına görə Azərbaycan təhlükədir” – MÜSAHİBƏbackend

"İran doktrinasına görə Azərbaycan təhlükədir" – MÜSAHİBƏ

Son günlər Tehran və Bakı arasında gərginliyin pik həddə çatması, Azərbaycanın məlum terror aktından sonra səfirlik əməkdaşlarını geri çağırması iki ölkə arasındakı gələcək münasibətləri ciddi sual altına qoyub. Hətta vəziyyət elə həddə çatıb ki, beynəlxalq siyasi ekspertlər İranın Azərbaycana hücum edə biləcəyi haqqında fikirlər də səsləndirirlər. Bəs, görəsən, proseslər necə cərəyan edə bilər? Ümumiyyətlə, müharibə ehtimalı nə dərəcədə realdır. Bu və digər məsələlərlə bağlı 1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş Sülhəddin Əkbərdən müsahibə götürmək qərarına gəldik.

KONKRET.az müsahibəni oxuculara təqdim edir:

– Sülhəddin bəy, İsrail və İran arasında müharibə baş verərsə, Təl-Əviv hərbi məqsədlər üçün Azərbaycan ərazisindən istifadə edə bilərmi?

– Müharibə deyəndə əgər siz klassik müharibəni nəzərdə tutursunuzsa, İranla İsrail arasında klassik müharibənin baş verməsi müəyyən səbəblər, xüsusilə də coğrafi səbəblər üzündən qeyri-mümkündür. Yəni mən irimiqyaslı quru qoşunlarının iştirakı ilə müharibəni nəzərdə tuturam. Bilirsinizmi, onlar birbaşa sərhəd deyillər. Söhbət ancaq İsrail tərəfindən hava zərbələrinin endirilməsindən gedə bilər.

Ən azı ilkin mərhələdə söhbət, yalnız İsrail dövlətindən gedir. Çünki İsrailin nə quru qoşunlarının, nə hərbi dəniz qüvvələrinin imkanı yoxdur ki, dənizdən, yaxud qurudan zərbə vura bilsin. Yəni bunu xüsusu nəzərə almaq lazımdır. Amma bu müharibə nə vaxt ola bilər və qarşısına hansı məqsədləri qoyacaq, hansı müddətə davam edəcək? Bundan çox şey asılıdır. Həmin dövrdə Azərbaycan-İran münasibətlərinin necə olacağından da çox şey asılıdır. Bəzi məsələlər var ki, onlar məxfi məsələlərdir. Söhbət müharibədən gedir. Burada dövlət sirləri, hərbi sirlər və xidməti sirlər var. Ona görə də hər şeyi mətbuatda müzakirə etmək mümkün deyil. Ancaq Azərbaycan öz ərazisindən heç kəsə qonşu dövlətlərə qarşı istifadə etməmək siyasəti yürüdür. O cümlədən bu, İrana da aiddir. Bu siyasət rəsmi olaraq dəyişməyib. Lakin sabah nə olacaq, müharibənin başlayacağı andan sonra nəyisə demək çətindir.

– İranın agenturası dövlət təhlükəsizliyinə hansı təhdidlər yarada bilər?

– Söhbət İrandan gedirsə, nəzərə almaq lazımdır ki, İranla Azərbaycan arasında maraqlar toqquşur. Yəni köklü maraqların münaqişəsi yaşanır. Buna barışmaz ziddiyət də deyə bilərik. Bunun bir sıra səbəbləri var:

1. Müstəqil Azərbaycan dövlətinin varlığını belə İran müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı üçün təhlükə görür.

2. Azərbaycanda dünyəvi dövlətin mövcudluğunu teokratik İran rejimi özü üçün təhdid hesab edir.

3. Azərbaycanın demokratik inkişaf yolu seçməsi, ən azı formal olaraq öz Konstitusiyasına görə anti-demokratik İran rejimi üçün təhlükə hesab olunur.

4. Azərbaycanın 44 günlük savaşda qalib gəlməsi, işğalda olan torpaqlarımızın böyük hissəsinin azad olunması, Zəngəzur dəhlizinin açılması perspektivinin ortaya çıxması, Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin yaranması, Türk Dövlətləri Təşkilatının yaranması, Azərbaycanın xarici əlaqələrinin, xüsusilə Böyük Britaniya, Avropa və İsrail ilə inkişaf etdirilməsi İranı ciddi şəkildə narahat edir.

Yəni bu, İranla Azərbaycan münasibətlərində barışmaz ziddiyətlər yaradır. Bizdən asılı olmayaraq İran belə düşünür. Ona görə də hadisələrin inkişaf istiqamətini nəzərə alsaq, İranın tarixi yanlış etdiyini, uduzmağa məhkum Rusiyanın yanında yer tutduğunu, hərbi nüvə proqramını davam etdirməsini, nüvə silahı əldə etmək niyyətində olduğunu da düşünsək, ABŞ, yaxud İsrailin İranla toqquşması qaçılmaz görünür.

Əgər proseslər bu istiqamətdə inkişaf edərsə, İran nüvə proqramını davam etdirərsə, enində-sonunda onun ABŞ və İsraillə toqquşmasına gətirib çıxaracaq. Çünki həm İsrail, həm ABŞ hökumətinin belə bir qərarı var ki, “biz heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik”. Bu, bir faktdır ki, İranın nüvə silahı əldə etməsi İsraildən daha çox Azərbaycan üçün təhlükəlidir. Çünki İranın xarici siyasət doktrinasına görə Azərbaycan təhlükədir.

Bugünkü İran-Azərbaycan münasibətlərinin xarakterini nəzərə alsaq, İran bizə açıq düşmən olan Erməninstanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab etdiyini də nəzərə alsaq, bir anlığa təsəvvür edin ki, İran indi nüvə silahı əldə edib. İndiki halı ilə Azərbaycanı təhid etməkdən çəkinməyən İranın davranışını modernləşdirsək, o zaman düşünün, nüvə silahı əldə etmiş İran özünü necə aparar. Azərbaycan qəti şəkildə İranın nüvə silahı əldə etməsinə qarşı çıxmalıdır və öz xarici siyasətində bu amili mütləq nəzərə almalıdır.

Sualınızın agentura məsələsinə gəldikdə isə deyə bilərəm ki, hələ 90-cı illərin əvvəllərində Azərbaycan dövlət müstəqiliyyini elan etməmişdən əvvəl, həmin ərəfədə İran artıq ölkəmizdə aktiv kəşfiyyat fəaliyyətinə başlamışdı. Bu kəşfiyyat fəaliyyətini hər 3 istiqamətdə aparırdı. Kəşfiyyat-informasiya, kəşfiyyat-təxribat həm də kəşfiyyat-əməliyyat fəaliyyəti. Hətta gələcəkdə ola bilsin ki, İran Azərbaycana qarşı kəşfiyyat müharibəsi də aparsın. O səbəbdən, İranın Azərbaycanda olan məxfi şəbəkəsi təhlükəlidir.

Azərbaycanın bu baxımdan müttəfiqləri və strateji tərəfdaşları ilə geniş, sistemli, ardıcıl olaraq şəbəkənin müəyyən olunması, ləğv olunması, neytrallaşması istiqamətində addımlar atılmalıdır. Bu addımlar kampaniya xarakteri daşımamalıdır. Bu istiqamətdə təbii müttəfiqlərimiz var. ABŞ, İsrail, Böyük Britaniya, Pakistan və qardaş Türkiyənin də yardımlarından istifadə etməliyik.

Sülhəddin Əkbər: "Azərbaycan lazım bilsə, Rusiya sülhməramlılarını Qarabağdan çıxarar'' - BBC News Azərbaycanca

– Sülhəddin bəy, müharibə olarsa, İrandakı azərbaycanlıların qaçqın kimi ölkəmizə gəlməsi hansı problemlər yarada bilər?

– Bilirsiniz, söhbət yalnız İsraillə İran arasında müharibədən gedirsə, bu, böyük ehtimalla qısamüddətli hava-aviasiya raket zərbələri ilə müşaiyət olunan bir hava hücumu olacaqdır. Burada ilk növbədə komanda-kontrol mərkəzləri, nüvə obyektləri, həm hərbi-texniki, həm hərbi sənayesi sıradan çıxarılması və İranın xarici ölkələrində hərbi əməliyyatlar aparan Qüds briqadasının daxil olduğu İslam İnqilabı Keşişçiləri korpusu olacaq.

İran da çalışacaq ki, öz proksilərindən, vəkillərindən istifadə etsin. Yəməndə Husilərdən tutmuş, Livanda Hizbullaha qədər. Hətta Suriyadakı prokislərinə qədər. Azərbaycanda da müxtəlif təşkilatları var. Düzdür, atılmış məlum addımlardan sonra onların fəaliyyəti hazırda arxa plana keçib. Hesab edirəm ki, onlar yenə də vardır.

Demək istəyirəm ki, müharibə qısamüddətli raket zərbələri ilə məhdudlaşarsa, o zaman sizin dediyiniz humanitar böhrana gətirib-çıxarmayacaq. Yox, əgər bu zərbələrdən sonra İran daxilində daha ciddi proseslər başlayacaq və rejimin dəyişilməsi hədəf olacaqsa və bu, artıq daha geniş əməliyyatlara çevriləcəksə, o zaman humanitar böhran yaşana bilər. Və bu böhrandan əziyyət çəkən ən azı iki ölkədən biri Azərbaycan olacaq.

– Ümumiyyətlə, Azərbaycan tərəf kimi İranla münaqişəyə cəlb oluna bilərmi?

– Cəlb oluna bilər. Xatırlayırsınızsa, müsahibələrimin birində demişəm ki, Azərbaycan Respublikası potensial olaraq zərbəyə hazır olmalıdır. Çünki müharibəyə səbəb olacaq üç problem var. Nəzarətimizdə olmayan rus-erməni silahlı birləşmələrinin nəzarətində olan Qarabağ ərazisinin bir hissəsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı, üçüncü də sizin qeyd etdiyiniz kimi, İran məsələsinin hərbi müstəviyə keçəcəyi halda, istəməsək də, cəlb olunmağımızla bağlı. Bilirik ki, Azərbaycan ərazisinin və millətimizin böyük bir hissəsi də İran adlanan dövlətin ərazisində yerləşir. İran məsələsinin gündəmə gəlməsi Cənubi Azərbaycan məsələsinin gündəmə gəlməsi deməkdir. Nəzərə alsaq ki, dünya azərbaycanlılarının yalnız bir dövləti var, o da Azərbaycan Respublikasıdır, Azərbaycan bu və ya başqa dərəcədə xarici beynəlxalq təzyiq, həm də daxili təzyiq nəticəsində bu prosesə məcburi qoşulmaq məcburiyyətində qala bilər.

Şamil Səmədoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*