ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında yaydığı bəyanatla rəsmi Tehrana sərt və eyni zamanda diplomatik mesaj ünvanlayıb. Ağ Ev rəhbəri İran hakimiyyətini edam cəzasına məhkum edilmiş 8 qadını dərhal azad etməyə çağırıb.
KONKRET.az xəbər verir ki, Tramp İran liderlərinə müraciətində bu addımın gələcək münasibətlər üçün həlledici rol oynaya biləcəyinə işarə edib. “Tezliklə nümayəndələrimlə danışıqlara başlayacaq İran liderlərinə səslənirəm: Bu qadınların azad edilməsini çox yüksək qiymətləndirərdim. Əminəm ki, onlar sizin qərarınıza hörmətlə yanaşacaqlar. Xahiş edirəm, onlara zərər verməyin! Bu, danışıqlarımız üçün əla başlanğıc olardı!” – deyə ABŞ prezidenti qeyd edib.
Ekspertlər hesab edir ki, Trampın bu müraciəti Vaşinqton və Tehran arasında gözlənilən yeni diplomatik təmaslar öncəsi humanitar jest tələbi kimi qiymətləndirilməlidir. Bu çağırışın İran tərəfindən necə qarşılanacağı və edam hökmlərinin icrasının dayandırılıb-dayandırılmayacağı hazırda dünya mediasının diqqət mərkəzindədir.
Natiq Səlim,
KONKRET.az
