“New York Times” qəzetinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, Meksikada baş verən yol qəzasında həlak olan iki ABŞ vətəndaşının Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əməkdaşları olduğu üzə çıxıb. Hadisə zamanı amerikalı agentlərlə yanaşı, iki meksikalı rəsmi şəxs də həyatını itirib.
KONKRET.az xəbər verir ki, qəza Meksika Silahlı Qüvvələrinin Çihuahua ştatında həyata keçirdiyi xüsusi əməliyyatdan qayıdarkən baş verib. Məlumata görə, həmin şəxslər bölgədəki gizli metamfetamin istehsal edən laboratoriyaların ləğvi üzrə keçirilən əməliyyatda iştirak edirmişlər. Avtomobilin qəzaya uğraması nəticəsində hər dörd nəfər hadisə yerində dünyasını dəyişib.
Qeyd olunur ki, ABŞ kəşfiyyatçıları və yerli rəsmilərin birgə iştirak etdiyi bu əməliyyat narkotik kartellərinə qarşı mübarizə çərçivəsində reallaşdırılıb. CIA və Meksika hakimiyyəti hələlik hadisənin təfərrüatları ilə bağlı rəsmi açıqlama verməkdən yayınıblar.
Natiq Səlim,
KONKRET.az
