Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas Fars körfəzi ölkələrinə qarşı istifadə edilən İran pilotsuz uçuş aparatları (PUA) ilə bağlı ciddi ittihamla çıxış edib. Kallasın sözlərinə görə, bu texnikaların Rusiya tərəfindən həyata keçirilən texnoloji təkmilləşdirmələrlə təchiz olunması ehtimalı olduqca yüksəkdir.
KONKRET.az xəbər verir ki, Aİ rəsmisi bölgədəki təhlükəsizlik risklərini azaltmaq üçün tərəfdaşlarla sıx fəaliyyət göstərdiklərini bildirib: “Biz bu fəaliyyətləri məhdudlaşdırmaq üçün Fars körfəzi ölkələri ilə, o cümlədən mümkün sanksiyalar məsələsində sıx əməkdaşlıq edirik. Eyni zamanda, körfəz ölkələri ilə təhlükəsizlik və müdafiə sahəsində əlaqələrimizi daha da dərinləşdirmək niyyətindəyik”.
Diplomatik mənbələr qeyd edir ki, Rusiyanın hərbi texnologiyalarının İran PUA-larına inteqrasiyası regionda güc balansına ciddi təsir göstərə bilər. Bu səbəbdən Brüssel və tərəfdaşları həm sanksiya mexanizmlərini gücləndirməyi, həm də körfəz dövlətlərinin müdafiə qabiliyyətini artırmağı hədəfləyir.
Natiq Səlim,
KONKRET.az
