İran İsraillə müharibəyə başlayacaq? – “Onların qızıl sektoru İsfahandakı yəhudilərin əlindədir”backend

İran İsraillə müharibəyə başlayacaq? - “Onların qızıl sektoru İsfahandakı yəhudilərin əlindədir”

Son günlərdə İranın İraq, Suriya və Pakistana vurduğu ardıcıl zərbələr qonşu ölkənin əsas məqsədi barədə suallara səbəb olub.

“Bloomberg”-in analizinə görə, İranın münaqişədəki başlıca istəyi İsrailə regiondakı gücünü göstərərək növbəti hədəfin bu ölkə olacağı mesajını ötürməkdir.

Üfüqdə İsrail-İran müharibəsi görünürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Güney azərbaycanlı milli fəal, siyasi şərhçi Məhsa Mehdizadə İranın əslində zəif ölkə olduğunu deyib:

“Bir ölkəni böyük və güclü edən təkcə silahının olub-olmaması deyil. İran iqtisadi baxımdan çox zəifdir. Daxildə ciddi etirazlarla üzləşən bu dövlət hələ də tam bir xaos dönəmini yaşayır”.

Ekspertin sözlərinə görə, İran xaosla qidalanır:

“İran indi də diqqətləri başqa yönə çəkmək üçün İsraillə HƏMAS-dan istifadə edir. Unutmamalıyıq ki, Fələstində bir normallaşma dövrü başlamışdı və iki dövlətli sistem üçün bəzi addımlar atılırdı. Halbuki İran HƏMAS-ı təhrik edərək bu sülh addımlarının real nəticələrə səbəb olmasını əngəllədi. Nəticədə İsrail və Fələstin arasındakı gərginlik İranın öz qüvvələrini hərəkətə keçirməsi üçün fürsət yaratdı.

Bu günə qədər İran sivil vətəndaşlara hücum edən qüvvələri pisləyirdi. Ancaq indi özü yaşayış yerlərini atəşə tutur. Bu da qonşu ölkənin əslində gərginliklə, xaosla qidalandığının sübutudur. İran hazırda düşmən elan etdiyi dövlətlərlə savaşacaq gücdə deyil, ona görə də digər ölkələrə hücum edərək səsini regionda yüksəltməyə çalışır”.

Politoloq Cümşüd Nuriyev isə “Bloomberq”in bu analizdəki əsas məqsədindən söz açıb:

“Blumberq birmənalı şəkildə ABŞ-nin maraqlarına xidmət edən təsisatdır və məqsədi gələcək müharibələr üçün hüquqi baza hazırlamaqdır. Araşdırmalar göstərir ki, İsraillə İran heç vaxt müharibəyə başlamayacaqlar. Çünki İranın qızıl sektoru İsfahanda yəhudilərin əlindədir. Burada söhbət yalnız hansısa formada hədə-qorxudan gedə bilər. Belə ki, İran İsrailin əli ilə İslam dünyasına liderlik etmək fikrindədir. Çünki İsrailin ərəblərə münasibəti bu ölkənin maraqları ilə üst-üstə düşür”.

Ayan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*