Azərbaycanda çoxmənzilli yaşayış binalarında sakinlərdən yığılan “komendant pulu” ilə bağlı narazılıqlar artmaqdadır. Xüsusilə eyni ərazidə və oxşar şəraitə malik binalarda fərqli məbləğlərin tələb olunması, həmçinin toplanan vəsaitin xərclənməsi barədə sakinlərə aydın hesabat verilməməsi suallar doğurur.
Bəs bu sahədə yaranan qeyri-müəyyənliyin səbəbi nədir və mövcud nəzarət mexanizmləri niyə effektiv işləmir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, eyni ərazidə yerləşən və təxminən eyni kateqoriyaya aid olan iki yaşayış binasında saxlanma xərcləri üçün sakinlərdən toplanan vəsaitlər arasında ciddi fərqlər müşahidə edilir.

Ekspertin sözlərinə görə, komendantlar tərəfindən sakinlərdən bu formada vəsait toplanması qanunvericiliyin tələblərinə uyğun deyil:
“Vətəndaşlar binanın idarə olunması və saxlanılması prosesində birbaşa iştirak etməlidirlər. Sahə mülkiyyətçiləri ilə idarəedici təşkilat arasında ikitərəfli müqavilələr bağlanmalı, həmin müqavilələrdə tərəflərin hüquq və vəzifələri dəqiq göstərilməlidir. Toplanan vəsaitin məbləği, hansı istiqamətlər üzrə xərclənəcəyi və xərc maddələri sakinlərə təqdim olunmalıdır”.
Ramil Osmanlı qeyd edib ki, idarəedici qurumlar toplanan vəsaitlə bağlı mütəmadi hesabat verməyə borcludurlar:
“Toplanan vəsaitlər barədə ən geci rübdə bir dəfə sahə mülkiyyətçilərinə hesabat təqdim edilməlidir. Sakinlər bilməlidirlər ki, yığılan pulun hansı hissəsi əməkhaqqına, hansı hissəsi kommunal xidmətlərə, texniki xidmətə və digər xərclərə yönəldilir. Təəssüf ki, praktikada bunun əksini görürük”.
Ekspert hesab edir ki, mövcud vəziyyətin əsas səbəblərindən biri nəzarət mexanizmlərinin zəif işləməsidir:
“Bu prosesdə ciddi nəzarətsizlik mövcuddur. Faktiki olaraq qanunvericilikdə nəzərdə tutulan müddəaların tətbiqində ciddi problemlər var. Çoxmənzilli binaların idarə olunması sahəsində yaranmış mürəkkəb vəziyyət ildən-ilə daha da dərinləşir”.
Ramil Osmanlı vurğulayıb ki, problemin həlli üçün dövlət səviyyəsində yeni qərarların qəbul edilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir. Onun fikrincə, şəffaf hesabatlılığın təmin olunması və sakinlərin idarəetmə prosesinə cəlb edilməsi bu sahədə mövcud problemlərin aradan qaldırılmasına ciddi töhfə verə bilər.
Aynurə İsmayıl
KONKRET.az
