Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 21-də ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 3-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 3-də keçirilmiş imtahanda iştirak etməyən cari ilin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçiriləcək.
KONKRET.az xəbər verir ki, DİM-dən bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində 9 binada təşkil olunacaq. İmtahan bütün binalarda saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər buradan, abituriyentlər isə buradan imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiqləyən sənədin əslini və buraxılış vərəqəsini mütləq özləri ilə gətirməlidirlər. Həmçinin aşağıda qeyd olunan sənədləri gətirmək vacibdir:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:
• dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
• dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
• oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).
İmtahanın müddəti 1 saat 30 dəqiqədir.
Qeyd edək ki, imtahanın idarə olunması üçün 9 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 145 nəzarətçi ayrılıb, 16 buraxılış rejimi əməkdaşı (mühafizə), 9 bina nümayəndəsi ayrılıb.
İmtahanda 13 nəfər sağlamlıq imkanları məhdud şagird (abituriyent) də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
