ABŞ ordusunun yüksək rütbəli komandirləri İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinin ölkənin digər bölgələrdəki döyüş hazırlığına ciddi zərər vura biləcəyi barədə xəbərdarlıq ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.
Qəzetin mənbələrinin sözlərinə görə, ABŞ ordusu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin komandirləri, eləcə də bəzi regional komandanlıqların rəhbərləri Pentaqon rəhbəri Pit Heqsetə İrana qarşı genişmiqyaslı əməliyyatların davam etdirilməsinin məqsədəuyğun olmadığını bildiriblər.
Hərbçilər hesab edirlər ki, əməliyyatların uzadılması ABŞ-ın digər bölgələrdə yarana biləcək təhdidlərə cavab vermək imkanlarını zəiflədə bilər.
Məlumata görə, Heqsetin avqustun 14-də verdiyi əmrlərə əsasən, Yaxın Şərqə göndərilən ABŞ hərbçilərinin bir hissəsi sentyabr ayı ərzində, digər hissəsi isə 2027-ci ilə qədər bölgədə qalmalıdır.
Bu plan ABŞ-ın Avropa, Hind-Sakit okean və Cənub komandanlıqlarının rəhbərləri arasında narahatlıq yaradıb. Onlar bölgəyə göndərilən gəmilər, təyyarələr və digər qüvvələrin öz məsuliyyət zonalarında hərbi fəaliyyət imkanlarını azaltdığını bildiriblər.
ABŞ Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi admiral Deril Kaudl isə Heqsetə donanmanın İrana qarşı əməliyyata əvvəlki səviyyədə dəstək vermək imkanlarının artıq məhdudlaşdığını çatdırıb.
Onun sözlərinə görə, hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin esmineslərinin yalnız dörddə biri missiyalara hazırdır. Bu göstərici İranla münaqişə başlamazdan əvvəlki vəziyyətdən xeyli aşağıdır.
Mənbələrdən biri qəzetə bildirib ki, ABŞ hərbi rəhbərliyi arasında İrana qarşı kampaniyanın “çox şey tələb etdiyi və çox uzun çəkdiyi” fikri üstünlük təşkil edir.
Bununla belə, təxminən 2 min ABŞ hərbçisinin daxil olduğu 82-ci Hava Desant Diviziyasının ən azı sentyabr ayının sonuna qədər Yaxın Şərqdə qalacağı bildirilir. Həmçinin münaqişə ilə əlaqədar bölgəyə göndərilən aviasiya bölmələrinin və “Patriot” hava hücumundan müdafiə sistemlərinə malik qüvvələrin 2027-ci ilə qədər bölgədə saxlanılması planlaşdırılır.
Pentaqon yayılan məlumatları şərh etməkdən imtina edib.
Günay Əli
KONKRET.az
