İranda qaldırılan qırmızı “qisas” bayrağı nə mesaj verir? – SENSASİON DETALLARbackend

İranda qaldırılan qırmızı “qisas” bayrağı nə mesaj verir? – SENSASİON DETALLAR

Tehranda Ayətullah Əli Xameneinin dəfn mərasimi zamanı Mosalla günbəzinin üzərində qaldırılan qırmızı “qisas” bayrağı yenidən Yaxın Şərqdə təhlükəsizlik gündəmini ön plana çıxarıb. Şiə simvolikasında xüsusi məna daşıyan bu bayraq İranın gələcək addımları, İsrail ilə qarşıdurmanın perspektivi və regionda yeni eskalasiya ehtimalları ilə bağlı müxtəlif şərhlərə səbəb olub.

Bəs qırmızı “qisas” bayrağının qaldırılması Tehranın hansı mesajını ehtiva edir və bu addım Yaxın Şərqdə gərginliyin yenidən artacağından xəbər verirmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, İran son illərdə mühüm hadisələrdən sonra da məhz həmin günbəzin üzərində qırmızı “qisas” bayrağını qaldırmaqla öz mesajını nümayiş etdirib.

Oqtay Qasımov

Onun sözlərinə görə, bu bayraq ilk növbədə İranın İsrail və ABŞ ilə qarşıdurmadan geri çəkilmədiyini göstərən siyasi simvoldur:

“Son bir neçə ildə də məhz həmin günbəzin üzərində qırmızı bayrağın qaldırıldığının şahidi olmuşuq. Bu, İranın “qisas” bayrağıdır və eyni zamanda İsrail və ABŞ ilə mübarizəni davam etdirməyə hazır olduğu mesajını verir. Əsas mesaj ondan ibarətdir ki, İran baş verən hadisəyə görə qisas alacağını bəyan edir və uyğun məqam yaranacağı təqdirdə yenidən zərbələr endirməyə çalışacaq.”

Ekspert qeyd edib ki, hazırda İran və ABŞ arasında diplomatik danışıqlar davam etsə də, bu, bölgədə gərginliyin tam aradan qalxdığı anlamına gəlmir:

“Doğrudur, İran və ABŞ arasında danışıqlar davam edir. Eyni zamanda nə Vaşinqton, nə də Tehran ən azı bu ilin sonuna qədər irimiqyaslı hərbi əməliyyatların bərpasında maraqlı görünmür. Tərəflər daha çox diplomatik xətti qorumağa çalışacaqlar. Lakin bu, risklərin aradan qalxdığı demək deyil.”

Qasımovun fikrincə, proseslərdə İsrail amili də həlledici rol oynayır:

“İsrail faktorunu diqqətdən qaçırmaq olmaz. Nəzərə alsaq ki, İsraildə radikal hökumət hakimiyyətdədir və bu hökumətin rəhbərliyi siyasi baxımdan daha çox müharibə şəraitindən faydalanır, gərginlik riski hər zaman mövcuddur.”

Siyasi şərhçi hesab edir ki, Yaxın Şərqdə sabitliyin bərpası yalnız Fələstin probleminin beynəlxalq hüquq çərçivəsində həllindən sonra mümkün ola bilər:

“Bu gərginlik o vaxta qədər davam edəcək ki, Yaxın Şərqdə Fələstin məsələsi BMT qərarlarına uyğun şəkildə öz həllini tapsın. Bu baxımdan qırmızı bayrağın qaldırılması İranın öz liderinin qisasını savaş meydanında almağa hazır olduğunu göstərən siyasi mesajdır. Bu, bölgədə davam edən gərginliklə bağlı verilmiş açıq mesaj kimi qiymətləndirilməlidir.”

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*