“İrandakı rejimin devrilməsi mümkün deyil” – MÜSAHİBƏbackend

“İrandakı rejimin devrilməsi mümkün deyil” - MÜSAHİBƏ

Əfşar Süleymani: “İranın 80 milyon əhalisinin 60 milyonunun yardıma ehtiyacı varsa, deməli məsələ ciddidir…”

Bu ilin noyabr ayında İranda böyük etiraz aksiyaları baş verib. Benzinin qiymətinin 50 faiz bahalaşmasına qarşı çıxan on minlərlə insan İslam rejiminə etirazını ifadə edib. Amma İran dövləti ölkə daxilində interneti kəsdiyindən beynəlxalq ictimaiyyət uzun müddət bu ölkədə nələrin baş verdiyindən ətraflı məlumat ala bilməyib. Bu səbəbdən baş verənlərlə bağlı müxtəlif ziddiyyətli məlumatlara rast gəlinir. Məsələn, beynəlxalq media öz qaynaqlarına istinadla iddia edir ki, İrandakı məlum hadisələr zamanı 7 min nəfər həbs edilib, 300-dən çox insan isə öldürülüb.

KONKRET.az İranın Azərbaycandakı sabiq səfri Əfşar Süleymaninin bu mövzu ilə bağlı mümüsahibəsini təqdim edir.

– Əfşar bəy, noyabrın ortalarında İranda kütləvi etiraz aksiyaları baş verib və bu aksiyalar dünya mediasının diqqət mərkəzində olub. Hazırda İranda durum necədir?

– Artıq mitinqlər dayanıb. Aksiyalar əsasən Tehranda, Təbrizdə və digər şəhərlərdə keçirilib. Amma hazırda mitinqlər yoxdur, həyat əvvəlki axarına qayıdıb, insanlar gündəlik işləri ilə məşğuldurlar.

“Tramp İran xalqını dəstəkləyirdirsə, sanksiyalar tətbiq etməzdi…”

– Bu aksiyaların başlamasına səbəb nə olub və burada hansısa “xarici əlin” rolu görünürmü?

– Şübhəsiz ki, yaranan vəziyyətdən İran dövlətinə müxalifətdə duran və hazırda xaricdə yaşayan qruplar istifadə etməyə çalışır. Eləcə də bu hadislərdə İrana müxalif olan xarici dövlətlərin də barmağı ola bilər – ən azından təhrik etmə, özlərinin nəzarət etdiyi media quruluşlarında bu məsələni qabartmaq yolu ilə. Məncə, bu hallar istisna edilməməlidir. Bəziləri hətta etiraf ediblər ki, xaricdəki qüvvələrlə əlaqələri olub. Yəni ümumi sözlər olub, amma konkretlik hələ yoxdur.

– ABŞ Prezidenti Donald Tramp açıq bəyan etdi ki, onun administrasiyası İrandakı etirazçıları dəstəkləyir. Bu bəyanatın həmin aksiyalara ciddi təsiri oldumu?

– Xeyr. Tramp kimdir ki, İran xalqını və ya etirazçıları dəstəkləsin? Tramp İran xalqını dəstəkləyirdirsə sanksiyalar tətbiq etməzdi. Bu saat İrana müəyyən dərmanların gətirilməsinə belə sanksiyalar tətbiq edilib. Habelə neftin satışı, beynəlxalq maliyyə əməliyyatlarının aparılması onun sayəsində dayandırılıb. Bu mənada Trampın İran xalqını “dəstəkləməsi” boş söz-söhbətdir. Mən demirəm ki, İranda mövcud olan iqtisadi problemlər müstəsna olaraq Amerikanın tətbiq etdiyi sanksiyaların nəticəsində yaranıb. Sözsüz ki, bu sanksiyaların da təsiri var. Amma fikrimcə, iqtisadi baxımdan vəziyyətin ürəkaçan olmamasında İran hakimiyyətinin qüsurlarının da rolu var. Bir sözlə, Trampın ifadələri yalandır. Uzaqda oturmaq və “aksiyaları dəstəkləyirik”, “İran xalqını sevirik” bəyanatları boş söhbətlərdir. Tramp və onun həmfikirlərinin planı bu idi ki, İranda iqtisadi-sosial problemlər yaransın, xalq küçələrə çıxaraq, indiki rejimi devirsin. Bu da mümkün deyil.

– Amma sanki bu təzyiq vasitəsi kifayət qədər təsirlidir və sanksiyların tətbiqindən sonra sizin ölkənizdə bir neçə dəfə etiraz aksiyaları baş verib…

– Bəli, sanksiyalardan sonra mitinqlər olub və mən bunu təkzib etmirəm. Amma fikrimcə, aksiyalar Tehrandakı hökumətin bəzi yanlış addımlarının nəticəsində olub. Mən deməzdim ki, bütün bunlar sanksiyaların nəticəsidir. Hər halda ölkənin idarə edilməsi siyasət, müdriklik tələb edir, iqtisadi qərarların verilməsindən sonra vəziyyətin necə olacağı proqnoz edilməlidir, bu proseslərdə mütəxəssislərdən istifadə olunmalıdır və s. Yəni bu məsələlərdə qüsurlar var. Bunun da nəticəsində xalq küçələrə çıxır.

– Xarci media yazır ki, bu hadisələrdə 7 mindən çox aksiya iştirakçısı həbs edilib, 300-dən çox insan öldürülüb. Bu rəqəmlər nə dərəcədə həqiqəti əks etdirir?

– İranda bununla bağlı rəsmi məlumat hələ yoxdur. Deyilənə görə, bu barədə məlumat veriləcək. Xarici mediada yayılan məlumatların isə nə qədər doğru və ya yalan olduğunu deyə bilmərəm. Rəsmi məlumatların açıqlanmasını gözləyib, konkret nəsə demək olar.

“Dövlət özü deyir ki, 60 milyon iranlıya köməklik etməliyəm…”

– Sizcə, bundan sonra İranın durumu necə olacaq?

– İqtisadi məsələ çox vacibdir və İran dövləti bu problemləri həll etməlidir. İqtisadi böhranın qarşısı alınmalıdır. Alınmasa sözsüz ki, problemlər ola bilər. İnsanlar narazı qalır, çünki bu, gündəlik məsələdir, insanların yaşam tərzinə bilavasitə təsir edir. Odur ki, bu məsələni hökumət yoluna qoymalıdır. Bu da düzgün siyasət, idarəetmə, qərarların yerində verilməsini, habelə ciddi mütəxəssislərdən istifadə olunmasını tələb edir. Habelə, xarici və daxili siyasətin düzgün tənzimlənməsi lazımdır. Hesab edirəm ki, bunlar vacib işlərdir. Əgər, bu işlər görülməsə böhranın qarşısını almaq olmaz.

İran dövləti özü deyir ki, 60 milyon iranlıya köməklik etməliyəm. Bunun özü göstərir ki, vəziyyət yaxşı deyil. İranın 80 milyon əhalisi var, əgər onun 60 milyonunun yardıma ehtiyacı varsa, deməli məsələ ciddidir. Prezident Ruhani açıq qeyd edib ki, benzinin qiymətlərinin artmasından sonra əhaliyə adambaşı 50 min İran pulu ödəniləcək. Əslində, bu elə də böyük pul deyil və təxminən 5 dollar edir. Prezidentin özü deyir ki, 60 milyonun buna ehtiyacı var. Onlara 5 dollar ödəməklə vəziyyətdən çıxmaq mümkün olacaqmı? Bilmirəm. Amma bir dövlət üçün bu yaxşı hal deyil. Hökumət ciddi işləməli, doğru qərarlar qəbul etməli və insanlar da orta səviyyədə yaşamalıdırlar. Sosial-iqtisadi məsələ elə bir mövzudur ki, o , hər bir ailəni əhatə edir. Yəni mövzunun özü kifayət qədər həssasdır.

– Hazırda İranda bahalaşma, devalvasiya kimi proseslər müşahidə olunurmu?

– Son iki ildə dollar üç dəfə bahalaşıb. Bununla yanaşı ərzaq məhsulları, texnika, avtomobil əvvəlki iki illə müqayisədə 200 faiz bahalaşıb. Düzdür, açıqlama verilir ki, filan ayda inflyasiya 40 faiz olub. Amma ümumiyyətlə mən iki il əvvəlki qiymətlərlə indiki qiymətləri müqayisə edəndə görürəm ki, 200-300 faiz bahalaşma və ya pulun ucuzlaşması var. Lakin dövlət idarələrində, digər yerlərdə işləyənlərin əməkhaqları 200 faiz qalxmayıb ki ortada olan bahalaşmanı kompensasiya edə bilsin. Kimlərin ki ümumiyyətlə gəliri yoxdur, onların durumunu şərh etmək artıq olardı. 200 faiz inflyasiya olduğu təqdirdə əməkhaqqını 10 faiz artırmaqla çıxış yolu tapılmaz. Vəziyyət bu yerdədir. Sadəcə, İran neftinin satılmaması, gəlirin azalması bu hallara səbəb olub. Bir qədər də idarəçilik, sui-istifadə halları olub. Məsələn, bir sıra şəxslərə dövlət pul ödədi, onlar lazım olan malları xaricdən gətirməli idilər, amma gətirmədilər. Və gətirsələr də azad bazarda satdılar və dövlət bundan qazanmadı. Yəni nəzarət məsələsində də zəiflik var. Bu kimi poblemlər həllini tapmalıdır. Əslində güman edirəm ki, yaxın gələcəkdə indiki vəziyyət aradan qalxacaq.

“Bir qədər Amerika, bir az da İran geri çəkilsə, nəsə ola bilər…”

– Əgər İran təklənirsə, faktiki təcrid olunursa, belə ciddi problemlərin yaxın dövrdə həllini hansı əsasla gözləmək olar?

– Bir neçə gündən sonra Prezident Ruhani Yaponiyaya rəsmi səfərə gedəcək. Bildiyiniz kimi Yaponiya İranla ABŞ arasında vasitəçilik edib. Eləcə də Fransa, Oman və İsveçrə kimi ölkələr də vasitəçilik ediblər. Məncə, bunların hamısını bir yerə toplayanda mümkündür ki, Tokioda razılaşma əldə edilsin.

Məsələn, razılaşmaya əsasən ABŞ müəyyən sanksiyaları götürə, İran da neftini sata bilər. Sonra da İranla 5+1 formatında danışıqlar irəli gedə bilər. Yəni bir qədər Amerika, bir az da İran geri çəkilsə, nəsə ola bilər. Xatırlayırsınızsa, İran Yaponiya, Çin, Hindistan və bəzi digər ölkələrə neft satırdı, ABŞ da buna etiraz etmirdi. Bu proses yenidən bərpa olunsa vəziyyət normallaşar. ABŞ deyir ki, mən sanksiyaları götürmürəm, İran da deyir ki, danışıqlar üçün bütün sanksiyalar götürülməlidir. Amma İran da bəzi sanksiyaların aradan qaldırılmasından sonra danışıqlara razılıq versə, ABŞ da bəzi sanksiyaları götürsə və yuxarıda qeyd edilən ölkələrə İranın neft satmasına əngəl olmasa, ümumi razılaşma əldə edilə bilər. Yəni bunun sayəsində İran iki il əvvəlki səviyyəsinə qayıda bilər. Hər halda vəziyyət daha da pisə doğru getməz, üstəlik gərginlik də götürülə bilər.

– Sizcə, indiki vəziyyət nə qədər davam edəcək?

– Yuxarıda qeyd etdiklərim alınsa, vəziyyət nisbətən düzələr.

– Bu olmasa?

– Durum pis olsa və insanlar narazı qalsa vəziyyət yaxşı olmaz. Hər halda İran böyük dövlətdir və etirazlara da şərait yaratmalıdır ki, insanlar sərbəst şəkildə sözlərini desinlər. İran Konstitusiyasının 27-ci maddəsində var ki, etirazlara şərait yaradılmalıdır. Buna şərait yaradılsa hökumət narazıların səsini eşidər, üstəlik bu proseslərdən sui-istifadə halları üçün də imkan yaranmaz.

Vaqif NƏSİBOV 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*