İranın briqada generalı İsrailə qarşı kəskin bəyanatla çıxış edərək, Livanın paytaxtı Beyrutda yerləşən İran səfirliyinə hər hansı hücumun baş verəcəyi təqdirdə bunun ciddi nəticələr doğuracağını bildirib.
O, belə bir addımın regiondakı qarşıdurmanı daha da genişləndirəcəyini və İranın cavab tədbirlərinin qlobal miqyasda ola biləcəyini vurğulayıb.
KONKRET.az xəbər verir ki, iranlı generalın sözlərinə görə, Beyrutdakı diplomatik nümayəndəliyə qarşı mümkün hücum İran üçün “qırmızı xətt” hesab olunur. O bildirib ki, belə bir hadisə baş verərsə, İsrailin dünyanın müxtəlif ölkələrində yerləşən səfirlikləri və diplomatik nümayəndəlikləri potensial hədəfə çevrilə bilər.
İranlı hərbçi qeyd edib ki, Tehran öz diplomatik missiyalarının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atmağa hazırdır. Onun sözlərinə görə, beynəlxalq hüquqa əsasən diplomatik nümayəndəliklərin toxunulmazlığı qorunmalıdır və bu qaydanın pozulması ciddi nəticələrə səbəb ola bilər.
Bəyanatda həmçinin vurğulanıb ki, regionda artan gərginlik fonunda belə addımlar yalnız qarşıdurmanı daha geniş miqyaslı müharibəyə sürükləyə bilər. İran tərəfi hesab edir ki, Yaxın Şərqdə onsuz da gərgin olan təhlükəsizlik mühiti yeni hücumlar nəticəsində daha da destabilizə ola bilər.
Natiq Səlim
KONKRET.az
