İranın Sərhəd Mühafizəsi Orqanları tərəfindən sərhədyanı Xudafərin rayonu ərazisində terrorçu qrupun həbs olunmasına dair məlumatların yayılması birmənalı qarşılanmayıb. Azərbaycan XİN-in bu hadisənin Azərbaycan-İran dövlət sərhədinə heç bir aidiyyəti olmadığını açıqlamasına rəğmən bəzi siyasi analitiklər məsələnin rəsmi Tehran tərəfindən gündəmi dəyişmək üçün təşkil edildiyini bildirirlər. Şərhçilərə görə, rəsmi tehran ölkədəki gərginlik fonunda diqqəti yayındırmaq üçün Xudafərin sərhəd zolağında terror aktının törədilməsini təşkil edə və bunu Azərbaycan tərəfinin üzərinə ata bilər. Bəs görəsən bu ehtimallar nə qədər realdır?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, İranda baş verən son hadisələr fonunda onun ərazisinin müxtəlif istiqamətlərində terrorçu qrupların zərərsizləşdirilməsi haqda çoxlu məlumatlara rast gəlinəcək: Bu, birinci dəfə deyil. İranda törədilən terror aktları, eləcə də mitinq və nümayişlər barədə ölkənin xüsusi xidmət və hüquq mühafizə orqanları mütəmadi məlumat verirlər. Son hadisələr də istisna deyil. Bununla ölkə daxilində baş verən iğtişaşlarda həqiqətən kənar qüvvələrin rolu olduğunu təsdiqləməyə cəhd edirlər. Bu isə təbiidir. Amma daha yaxşı olar ki, İran kəşfiyyat və əks-kəşfiyyat orqanları ölkə daxilində terror aktı planlaşdıran qrupları bu hadisəni törətməzdən əvvəl, yaxud ölkədəki sabitliyi pozmadan öncə zərərsizləşdirsinlər”.

Politoloq əlavə edib ki, Xudafərin istiqamətində və ya Azərbaycan-İran sərhədində terror qrupunun zərəsizləşdirilməsi haqqında İran tərəfindən daxil olan məlumatın heç bir aydınlaşması yoxdur: “Terrorçu ölkə daxilindədirsə, o, istənilən xarici ölkənin sərhədinə yaxınlaşa və orada ələ keçirilə bilər. Bu heç də onun sərhədinin yaxınlığında tutulduğu ölkədən keçdiyinə dəlalət etmir. Digər tərəfdən bu gün İran sərhədçiləri ölkədə baş verən iğtişaşların təsirindən sərhədlərə yaxınlaşan bütün insanlara terrorçu gözü ilə baxır. Onlar üçün narkotik, siqaret, dərman qaçaqmalçıları da terrorçu kimi görünə bilər. Azərbaycanın qonşuda baş verən narahatçılıqdan istifadə edərək qeyri-qanuni əməllərə əl atması mümkün deyil. Azərbaycan özü də uzun müddət terrorçuların əməllərindən ziyan çəkən bir dövlət kimi həmişə bu cür qüvvələrə qarşı olub. Yaxın saatlarda biz İranın Xudafərində saxladığı insanların ya terrorçu ya da Azərbaycanla bağlı olmadığını elan edəcəyinin şahidinə çevriləcəyik”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
