Ötən həftə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan irimiqyaslı istixana təsərrüfatlarının nümayəndələri ilə görüşərək mövcud problemləri müzakirə edib. Rəsmi məlumat kifayət qədər təmkinli bəyanatlarla məhdudlaşsa və sahibkarların qarşılaşdığı çətinliklərə yalnız səthi toxunsa da, görüşdə əsas diqqətin “ixracın şaxələndirilməsinə” ayrıldığı qeyd olunub. KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
KONKRET.az xəbər verir ki, nəşrin əldə etdiyi pərdəarxası məlumatlara görə, nazirlikdəki müzakirələr olduqca gərgin keçib və nazir sahibkarlara heç bir real çıxış yolu təklif edə bilməyib:
“Bizə daxil olan məlumatlara görə, müzakirə olduqca qızğın keçib, nazir təsərrüfat subyektlərinə konkret həll yolu təqdim etməkdən aciz qalıb. Xatırladaq ki, mayın 22-dən etibarən Rusiya Ermənistandan bir sıra malların, o cümlədən kənd təsərrüfatı məhsullarının, bəzi balıq növlərinin, “Cermuk” mineral sularının, konyak və güllərin idxalına məhdudiyyət qoyub.
Bildirilir ki, Papoyan istixana sahiblərinə dövlətin kömək edə biləcəyini deyərək, böyük zərər görməmələri üçün hansı addımların atılmalı olduğunu soruşub. Lakin sahibkarlar bir səslə ən böyük problemlərinin məhz bazar olduğunu kəskin şəkildə nazirin diqqətinə çatdırıblar. Onlar Avropa bazarına ixrac üçün sertifikatlarının olmadığını, Rusiya bazarının isə hakimiyyətin yüngül əli ilə faktiki olaraq üzlərinə bağlandığını vurğulayıblar. İstixana sahiblərinin fikrincə, yeganə çıxış yolu Rusiya bazarının yenidən açılmasıdır.
Papoyan isə çaşqın halda hazırda bunun qeyri-mümkün olduğunu bildirib ki, bu da sahibkarların hiddətinə səbəb olub. Onlar hakimiyyətin vaxtilə verdiyi vədləri xatırladıblar: “Təsərrüfatlar yaradın, biznes qurun, biz sizi dəstəkləyəcəyik”. Bu vədlərə inanaraq irihəcmli investisiyalar yatırdıqlarını, kreditlər götürdüklərini deyən biznesmenlər bu gün dalana dirəndiklərini qeyd ediblər. Nəticədə istixana sahibləri nazirin kabinetini tamamilə narazı və heç bir həll variantı almadan tərk ediblər”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
