Kartdan karta limitləri: Kölgə iqtisadiyyatı, yoxsa nağd pula qayıdış?backend

Kartdan karta limitləri: Kölgə iqtisadiyyatı, yoxsa nağd pula qayıdış?

Mərkəzi Bank və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən, avqustun 1-dən ölkədə kartla əməliyyatlara limitlər tətbiq edilib. Qərara görə, kart sahibi hər gün öz kartı ilə maksimum 5 dəfə köçürmə edə və eyni qaydada 5 dəfə ödəniş ala bilər, köçürmələrin maksimal ümumi məbləği isə 20000 manat müəyyənləşdirilib.

KONKRET.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Əkrəm Həsənov özünün sosial şəbəkə hesabında bildirib. ⁠O, qeyd edib ki, bu limitlər şəffaflığın artırılması, fırıldaq hallarının azaldılması, vergidən yayınma və qanunsuz mərc oyunlarının qarşısını almağa xidmət edir.⁠ Məqsədin səmimi olduğuna inanılsada, sivil ölkələrdə bu məqsədə limitlərin tətbiqi yolu ilə deyil, rəqəmsal monitorinq və illik gəlir bəyannamələri vasitəsilə nail olunur. Azərbaycanda isə məmurların belə gəlirlərini bəyan etməməsi çirkli pullara qarşı mübarizəni işlək olmaqdan məhrum edir.

Həsənovun sözlərinə görə, tətbiq olunan məhdudiyyətlərin və illər öncəki xarici valyuta alışına qoyulan illik 20000 manatlıq limitin əsas səbəbi kimi idarəetmədə qeyri-şəffaflığın qorunub saxlanılması göstərilir. Məmurlar gəlirlərini bəyan etmək istəmədikləri üçün sıravi vətəndaşları ağ maliyyə qaydalarına alışdırmaqda primitiv və kobud alətlərdən istifadə edirlər. Üstəlik, normal bazar iqtisadiyyatında dövriyyəni azaldacaq bu cür məhdudiyyətlər kommersiya qurumlarının könüllü razılığı ilə deyil, birbaşa qanunvericiliklə tənzimlənməlidir.

İqtisadçı qeyd edib ki, əhalinin əksəriyyəti üçün gündəlik həyatda problem yaratmasa da, bu limitlər mikrosahibkarlar və vətəndaşlar üçün müəyyən çətinliklər doğuracaq. Ən mənfi tendensiya isə insanların yenidən nağd ödənişlərə təşviq olunmasıdır. Belə ki, limitdən artıq vəsaitlər yaxınların kartına köçürüləcək və ya sadəcə nağd şəkildə ödəniləcək ki, nəticədə dövlət həmin dövriyyəni ümumiyyətlə görməyəcək.
Gəlir bəyannaməsi sisteminin mövcud olmadığı şəraitdə tətbiq edilən bu cür qadağalar vicdanlı vətəndaşların hüquqlarının pozulmasına yol açır və realda yalnız nağd dövriyyənin artmasına səbəb olur.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*