Keçid ballarında artım, yoxsa enmə gözlənilir? – VACİB PROQNOZbackend

Keçid ballarında artım, yoxsa enmə gözlənilir? - VACİB PROQNOZ

Ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanmağa davam etdikcə, abituriyentləri düşündürən əsas suallardan biri də builki keçid və müsabiqə ballarının necə dəyişəcəyidir. İmtahan suallarının çətinlik səviyyəsi, iştirakçıların ümumi nəticələri və ixtisas seçimlərindəki dəyişikliklər qəbul prosesinə birbaşa təsir göstərən amillər sırasında yer alır.
Bəs bu il keçid ballarında artım gözlənilirmi, yoxsa əksinə, bəzi ixtisaslarda enmə müşahidə olunacaq?
Bu barədə KONKRET.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, yekun qiymətləndirmə aparmaq üçün blok imtahanlarının bütün nəticələrinin açıqlanmasını gözləmək lazımdır.

Məzahir Məmmədli
Ekspertin sözlərinə görə, hazırkı mənzərə builki qəbul kampaniyasında rekord nəticələrin çox məhdud olacağını göstərir:

“Blok imtahanlarının nəticələri elan edildikdən sonra daha dəqiq danışmaq mümkün olacaq. Hazırkı proqnozlara əsasən, buraxılış imtahanlarının nəticələrinə görə birinci qrup üzrə ən yüksək nəticə göstərən cəmi bir nəfər var. Maksimum nəticə əldə edənlər digər qruplarda da olsa, ümumilikdə 700 bal toplayanların sayı çox məhdud olacaq. Bu istiqamətdə əvvəlcədən səsləndirilən proqnozlar hələlik özünü doğruldur.”

Məzahir Məmmədli hesab edir ki, builki qəbul prosesində ən ciddi rəqabət ikinci ixtisas qrupunda yaşanacaq:

“Xüsusilə 400-600 bal aralığında nəticə göstərən abituriyentlər üçün ikinci qrupda rəqabət daha çətin ola bilər. Çünki hər il əsasən üçüncü qrupa sənəd verən abituriyentlərin əhəmiyyətli hissəsi bu il seçimlərini ikinci qrupun xeyrinə dəyişib. Üçüncü qrup üzrə keçid ballarının yüksək olması onları ehtiyatlı davranmağa vadar edib və nəticədə ikinci qrupa müraciət edənlərin sayı artıb. Bu isə həmin qrup üzrə müsabiqəni daha gərgin edə bilər.”

Ekspertin fikrincə, ümumi nəticələr ötən illə müqayisədə daha aşağı olacaq və bu da bir sıra ixtisaslarda keçid ballarına təsirsiz ötüşməyəcək:

“Hazırkı təxminlərimə əsasən, builki ümumi nəticələr ötən illə müqayisədə orta hesabla 10-15 bal aşağı olacaq. Buna görə də bütün ixtisas qruplarında keçid ballarının artacağını gözləmirəm. Əksinə, bəzi istiqamətlərdə enmə ehtimalı daha yüksək görünür.”

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*