Yaponlar Amerikalı aktrisa və model Kim Kardaşyanın yeni ticarət markasının seçilməsinə son dərəcə mənfi reaksiya göstərib. Belə ki, Kardaşyanın “Kimono” markasını yaradaraq yeni geyimin istehsalına start verməsi yaponları əməlli-başlı özündən çıxarıb. Qeyd edək ki, reklamlarda göstərilir ki, yeni geyimlər qadınların bədən quruluşu və əzalarını münasib və göz oxşayan formaya salacaq. Kardaşyanın belə bir ad seçimi sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Yaponlar bunu milli adət-ənənələrə hörmətsizlik kimi dəyərləndiriblər. Yaponlara görə, Kimono ənənəvi milli geyimdir və yalnız xüsusi hallarda istifadə olunur.
Yaponiya sakini Yuka Ohişi bildirir ki, Kardaşyan “Kimono” adını yalnız “Kim” sözünə görə seçib: “Amma bu, Yapon mədəniyyəti üçün sözün əsl mənasında hörmətsizlikdir”.
Qeyd edək ki, Kim Kardaşyan bu markanı 2018-ci ildə yaradıb. “Kimono Body”, “Kimono İntimates” və “Kimono World” ticarət markaları artıq qeydiyyatdan da keçib.
Haşiyə: Yapon qadınlarının geyindiyi və Yaponiyaya məxsus milli geyim olan kimono çiyinləri geniş bir paltardır. Qadınlar, kişilər, uşaqlar eyni forma kimono geyinirlər; Yaşa, zövqə görə kimononun ancaq rəngi, parçası dəyişə bilər. Ötən əsrlərdə yaponlar mövqelərinə görə geyinmək məcburiyyətində idilər. Bu gün kimono Yaponiyada əksəriyyətlə, ancaq, milli geyim olaraq bayram mərasimlərində və idman geyimi kimi də istifadə edilir.
