Kino sənətinin təbliğinin dayandırılmasının ƏSAS SƏBƏBİ – MÜSAHİBƏbackend

Kino sənətinin təbliğinin dayandırılmasının ƏSAS SƏBƏBİ - MÜSAHİBƏ

 

2019-cu ildən dünyanı, o cümlədən ölkəmizi COVID-19 koronavirus təhlükəsi  bürüyüb. Atalar məsəlində deyilir ki, “ellə gələn bəla toy-bayram olur”. Amma bu fikri bəşəriyyətlə gələn bəlaya şamil etmək qeyri-mümkündür. Bu təhlükəli virus indiyədək 9 mindən çox Azərbaycan vətəndaşının həyatına son qoyub, insanları olduqca çətin sınaqlardan keçirib. Eyni zamanda dövlət qurumlarının da fəaliyyətinə öz mənfi təsirini göstərib. Yeganə təsəllimiz məhz bu mərhələdə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub.

KONKRET.az Dövlət qurumlardan birinin –  Azərbaycan Respublikası Dövlət Film Fondunun (ARDFF) direktoru, tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyevin bu və digər məsələlər barədə fikirlərini öyrəndi.

– Bu bəşəri bəla sizin ailənizdən, yaxın ətrafınızdan və dostlarınızdan da yan keçmədi. Əziz ananızın vəfatı ilə əlaqədar bir daha başsağlığımızı ifadə edirik. Müsaidənizlə, öncə səhhətinizlə maraqlanaq. Hazırda sağlıq durumunuz necədir?

– Elədir. 2020-ci ilin dekabrında mən və anam bu ağır virusa yoluxduq. Dekabrın 24-də anam xəstəxanada vəfat etdi və artıq 1 ildən çoxdur ki, aramızda yoxdur. Buna görə çox kədərlənirəm. Əfsuslar olsun ki, bu gün insanları pandemiyadan qoruyan peyvəndləşmə prosesinə anamın ömrü çatmadı. Əgər ömür bir neçə ay da da vəfa etsəydi, anam peyvənd oluna və həyatda qala bilərdi. Anama və bütün dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm.

Özüm isə təxminən 2 ay ərzində bu xəstəliyə qarşı mübarizə apardım. Səhhətimdə şox ağır fəsadları qaldı. İndiyədək həmin fəsadların aradan qaldırılmasına çalışıram.

 – Pandemiya məhdudiyyətləri ilə bağlı yaranmış mövcud şəraitdə ARDFF necə fəaliyyət göstərir?

– Sözsüz ki, hər bir idarənin və müəssisənin fəaliyyətinə pandemiya məhdudiyyətləri çox böyük təsir göstərib. Beynəlxalq  Kino Arxivləri Federasiyasının (FİAF) üzvü olan fondumuz bu qurumdan daim aldığı maraqlı və vacib tövsiyələr əsasında fəaliyyətini qurur. Pandemiya dövründə fond Azərbaycan kinosunda dərin izlər qoymuş, artıq dünyasını dəyişmiş görkəmli kino xadimlərinin – rejissorların, operatorların, aktyorların və səs rejissorlarının şəxsi arxivlərinin toplanması layihəsini həyata keçirməyə davam edib. İlyarım ərzində fondda 60-a yaxın şəxsi arxiv fondu toplanıb. Bizim təşəbbüsümüz nəticəsində onların varisləri və ailə üzvləri bu arxivləri fonda bəxş ediblər. Bu, çox vacib və önəmli məsələdir. Hər bir yaradıcı şəxsin irsi məhz peşəkarcasına qorunan arxivlərə təhvil verilməli, gələcək nəsillərə çatdırılmalıdır. Çünki həmin irsə həm tarixi, həm də elmi araşdırmalar baxımından böyük ehtiyac yaranır.

Eyni zamanda bədii, sənədli və animasiya filmlərinin toplanması, onların müxtəlif kimyəvi təsirlərdən təmizlənməsi, qorunub saxlanılması və bərpası işləri müntəzəm şəkildə həyata keçirilir.

Məhz bu dönəmdə fondda qorunub saxlanılan raritet kolleksiyaya yeni eksponatlar əlavə olunub. Bir çox kinematoqrafçılar öz şəxsi eksponatlarını, texniki avadanlıqlarını fonda hədiyyə ediblər. Biz onları fondda bərpa edir, qoruyub saxlayırıq. Demək istəyirəm ki, pandemiya məhdudiyyətləri dönəmində də fond öz fəaliyyətini səmərəli şəkildə davam etdirib.

– Filmfond müstəqillik dönəmində yaradılmış vacib qurumlardan biridir. Fondun saytından məlum olur ki, 11100  adda Azərbaycan  və dünya kino əsərlərinin orijinalları və nüs­xələri, 64.372 saxlanma vahidi həcmində film materialları, 20 minə yaxın müxtəlif  fotosənədlər, 14 minə yaxın orijinal sənəd, ekspo­nat və materiallar saxlanılır. Həmin arxiv xaricdən əldə olunan materillarla zənginləşdirilir. Pandemiya məhdudiyyətləri FİAF üzvü olan fonda arxiv materiallarının əldə edilməsi sahəsində əngəllər yaradıb?

– Bütün çətinliklərə baxmayaraq, bu mürəkkəb dövrdə də fond öz arxivlərinin zənginləşdirilməsi ilə məşğul olub. Bir zamanlar çəkilmiş bədii, sənədli filmləri xaricdə aşkarlayıb, ölkəmizə qaytara bilmişik. Məsələn, ötən il məşhur kinorejissor Eldar Quliyevin 1965-ci ildə Moskvada çəkdiyi “Gözləmə saatı” qısametrajlı filmi, rejissor Teymur Bəkirzadənin çəkdiyi “Çəkiliş gedir” sənədli filmi arxivimizə daxil edilib. Hər iki filmi Moskvadakı şəxsi arxivdən fondumuza hədiyyə etdilər. Akademik, məşhur uroloq M.Cavadzadənin kino lentinə çəkilmiş arxivlərini əldə etmişik. Həmin lentlər bərpa edilib və rəqəmsal daşıyıcılara keçirilib.

Bu yaxınlarda Azərbaycanın görkəmli musiqi xadimi, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dirijor və bəstəkar Niyazinin anadan olmasının 110 illik yubileyi münasibətilə “Maestro Niyazi” sənədli filminin bərpa olunmuş versiyası təqdim edilib. 1975-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş həmin filmin rejissoru Rauf Nağıyevdir. Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə “Azərbaycanfilm” kinostudiyasının 1972-ci ildə istehsal etdiyi “Aşıq Ələsgər” sənədli filmini (rejissoru Xamis Muradovdur) bərpa etmişik.

Belə filmlərin sayı çoxdur. Onların hamısını rəqəmsal daşıyıcılara keçiririk. Bununla yanaşı, fonda yeni çəkilmiş bədii, sənədli filmlər də daxil olmaqdadır.

– Filmfondun fəaliyyət istiqamətlərindən biri də kino sənətinin təbliği ilə bağlıdır. Fondun təşkilatçılığı ilə görkəmli kino xadimlərimizin yaradıcılıq gecələrinin və yubileylərinin keçirilməsi ənənə halını almışdı. Pandemiya məhdudiyyətləri dönəmində bu fəaliyyət dayandırılmışdı. İndi həmin layihə, deyəsən, davam etdirilir…

– Bəli. Təbii ki, 2020–2021-ci ildə yaradıcılıq gecələrinin və yubiley tədbirlərinin keçirilməsi mümkün deyildi. Yalnız 2021-ci ilin son aylarında – noyabr ayından başlayaraq pandemiya məhdudiyyətləri qaydalarına əməl etməklə bu tədbirləri bərpa etmişik. Görkəmli rəssam, Dövlət Mükafatı laureatı, SSRİ xalq rəssamı, professor Mikayıl Abdullayevin 100 illik yubileyi münasibətilə tədbir keçirdik. Yubiley gecəsində Azərbaycan Prezidenti İlham Əliyevin 10 sentyabr 2021-ci il tarixli müvafiq Sərəncamına uyğun olaraq, Filmfond tərəfindən bərpa olunmuş “Mikayıl Abdullayev” sənədli filmini təqdim etdik. 1972-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş  bu filmin rejissoru Cəmil Fərəcovdur. Bundan başqa, M.Abdullayevin arxivimizdə qorunub saxlanılan fotosənədləri və sərgisi nümayiş etdirildi.

Ötən ay Azərbaycanın görkəmli musiqi xadimi, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəbəyliyə həsr olunmuş “Fərhad – portret cizgiləri”  sənədli filminin bərpadan sonra təqdimat mərasimi keçirildi. 1987-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş həmin filmin rejissoru Cəmil Fərəcovdur. Təqdimat mərasimində Fərhad Bədəlbəylinin özü də iştirak etdi. Bundan başqa, fondda Azərbaycanın görkəmli kinorejissorları Rasim Ocaqovun, Rasim İsmayılovun, Həsən Seyidbəylinin, tanınmış aktisa, Xalq artisti Safurə İbrahimovanın yubileyləri və ya doğum günləri münasibətilə maraqlı fotosərgilər təşkil edilib.

Bu yaxınlarda isə Azərbaycanın qəhrəman oğullarından biri olan Rahib Məmmədova həsr olunmuş sənədli filmi bərpa etmişik. Rahib Məmmədov 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərmişdi. Təbii fəlakət zamanı 28 sakini seldən xilas edərək qəhrəmanlıqla həlak olmuşdu. Ölümündən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli Fərmanı ilə “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdi. R.Məmmədov haqqında film çox böyük əks-sədaya səbəb olmuşdu. Onun adı Bakıda və Ağdamda küçə, məktəb və xiyabana verilmişdi. Bu sənədli ekran əsəri sübut edir ki, igid oğullarımız təkcə döyüş meydanında deyil, dinc dövrdə də qəhrəmanlıq göstərməyə qadir, gözlərini qırpmadan canlarından keçməyə hazırdırlar.

Qeyd etmək istərdim ki, fondda Qarabağ mövzusu, 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə bağlı sənədli və bədii filmlər də qorunub saxlanılır. Bu mövzuları işıqlandıran telekanallar və digər studiyalar mütəmadi olaraq fondumuzla əməkdaşlıq edirlər.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*