Komandirlər buna görə məsuliyyət daşıyırlar – MNbackend

Komandirlər buna görə məsuliyyət daşıyırlar - MN

Azərbaycan Ordusunda təhlükəsizlik tədbirlərinin təşkili və həyata keçirilməsi Müdafiə nazirinin əmr və göstərişlərinə uyğun olaraq xüsusi qaydalarla və nəzərdə tutulan şərtlərlə tənzimlənir. Bəs, atəş hazırlığı zamanı hansı təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməli və hansı şərtlərə əməl edilməlidir?

KONKRET.az xəbər verir ki, nazirliyin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin zabiti mayor Xəyal Cumayəddinov “Azərbaycan Ordusu” qəzetinin sualını cavablandıraraq atəş hazırlığı məşğələləri və atış hazırlığı çalışmaları zamanı təhlükəsizlik tədbirlərinin görülməsinin birmənalı şəkildə vacib şərt olduğunu bildirib.

“Atəş hazırlığı məşğələləri müdafiə nazirinin təsdiq etdiyi planlara əsasən və eyni zamanda, atış hazırlığı zamanı təhlükəsizlik tədbirləri müdafiə nazirinin 20 iyun 2019-cu il tarixli qərarına uyğun olaraq “Atıcı silahlardan, qumbaraatanlardan, minaatanlardan, tank əleyhinə idarə olunan raket qurğularından, döyüş maşınlarından və tanklardan atış kursu”nun tələbləri, şərtləri əsasında təşkil olunur və keçirilir”, – o vurğulayıb.

Atış kursunun 10-cu fəslinin 4-cü əlavəsinə əsasən tənzimlənən təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumat verən mayor X.Cumayəddinov qeyd edib ki, ən əvvəl atışda təhlükəsizlik atışların düzgün təşkili, “Atış kursu”nda təyin olunmuş qayda və təhlükəsizlik tədbirlərinə dəqiq riayət edilməsi bütün hərbi qulluqçuların yüksək intizamı ilə təmin olunur: “Atış keçirilən hər bir obyektdə onun xüsusiyyətlərini və ərazi şəraitini nəzərə alaraq təhlükəsizlik tədbirləri üzrə təlimat hazırlanır və atışa çıxarılan bölmələrin şəxsi heyəti onları bilməlidir. Təhlükəsizlik tədbirlərini mənimsəməmiş şəxsi heyət atışa və atışa qulluğa buraxılmır. Hər bir hərbi qulluqçu atışda təhlükəsizlik tədbirlərini dəqiq yerinə yetirməlidir. Hərbi hissə və bölmə komandirləri onlara tabe olan şəxsi heyətin təhlükəsizlik tədbirlərinə dəqiq riayət etmələrinə tam məsuliyyət daşıyırlar. Atışdan əvvəl hədəf sahəsi yoxlanılmalı və atış ərazisindən insan, heyvan və maşınlar çıxarılmalıdır. Atış obyektində hərəkətə yalnız təlim mərkəzi rəisinin göstərdiyi yollarda və rayonlarda icazə verilir”.

Zabit atışların keçirilməsi zamanı təhlükəsizlik tədbirləri barədə bildirib ki, hər partlamamış mərmi, təqlid atımı haqqında atışın baş rəhbərinə və təlim mərkəzi rəisinə müəyyən olunmuş qaydada məlumat verilməlidir: “Partlamamış mərmi, mina, bomba, partladıcı və partlama təhlükəli maddələr olan sahələrdə müvafiq nişanlı və xəbərdaredici yazılı göstəricilər qoyulmalıdır, yəni, hədəf sahəsində, uçuş məkanında yanğın əmələ gəldikdə, atəş açan döyüş maşınlarının ekipacları səmti itirdikdə və qoşunlardan 100 metrdən çox geriyə qaldıqda da atəş dərhal dayandırılır. Eyni zamanda, atışı dayandırma siqnalları, “Dur” və “Atəşi kəs” komandaları ilə döyüş maşınları, məlum olduğu kimi atıcılar dayanır, atəş kəsilir, silahlar qoruyucuya qoyulur və bununla da elektrik tətiyi söndürülür. Təhlükəsizlik tələblərinə uyğun olaraq, döyüş maşınları ilə xəndəkləri, çalaları və başqa dərin maneələri keçdikdə silaha maksimal yüksəlmə bucağı verilməlidir. Döyüş əl qumbaraları atılanda zapal yalnız qumbaranı atmamışdan əvvəl rəhbərin komandası ilə qumbaraya bağlanılır. Vurğulamaq istəyirəm ki, daldalanacaqdan müdafiə və tank əleyhinə qumbaralar partladıqdan ən azı 10 saniyə keçdikdən sonra çıxmaq olar. Əgər doldurulmuş döyüş qumbarası atılmayıbsa, yəni, qoruyucu mil çıxarılmayıbsa, onda onun boşaldılması yalnız bilavasitə rəhbərin müşahidəsi altında və komanda ilə yerinə yetirilir.

Uçuş vaxtı helikopterdən və trenacordan atışda silahın doldurulması, atışın aparılması, silahı boşaltma və yoxlama kronşteyninə silah qoyulmuş trenacorun və helikopterdəki atış rəhbərinin komandası ilə yerinə yetirilməsinin vacibliyini bildirən zabit odsaçan tanklardan atış aparılan zaman hansı təhlükəsizlik tədbirlərinin görülməsindən danışıb:

“Od saçacaq yerlər yana biləcək cisimlərdən təmizlənməlidir. Atış sahəsində ekipac tərkibində yanğınsöndürmə vasitələri ilə yanğınsöndürmə postu yaradılmalıdır. Yandırıcı maddələr olan qablar və doldurucu vasitələr döyüş təminatı məntəqəsindən 100 metrdən az olmayan məsafədə yerləşdirilməlidir. Hədəflər sığınacaqlardan 250 metrdən yaxın olmayaraq və odsaçan tankın hərəkəti istiqamətində 15 metrdən yaxın olmayaraq yerləşdirilməlidir”.

Zabit atışlar zamanı qadağan olunan tələbləri ardıcıllıqla vurğulayaraq bildirib ki, atəşaçma həddini keçmədən, atəşi kəsmə həddinə çıxdıqdan və “Atəşi kəs” komandasından sonra atəşi aparmaq qadağandır. Bundan sonra atış sahəsində insan, heyvan, yəni, hər hansı bir canlı, maşın, alçaqdan uçan hava nəqliyyatı peyda olduqda da atəş aparmaq qadağan edilir. “Döyüşə” və yaxud “Silahı doldur” komandası verilmədən silahı doldurmaq, rəhbərin icazəsi olmadan atış sahəsinə girmək, nasaz silahla, nasaz döyüş sursatı, mərmi, atış üçün nəzərdə tutulmayan döyüş sursatı, mərmi ilə atış aparmaq, partlamamış mərmi, mina və başqa partlama təhlükəsi olan cisimlərə və təqlid vasitələrinə toxunmaq, döyüş maşınlarından, tanklardan atış zamanı döyüş maşınlarının, tankların lyüklərini, desant qapılarını açıq saxlamaq, həmçinin atış rəhbəri ilə rabitə əlaqəsi olmadıqda, rabitə itdikdə atış aparmaq, döyüş maşınları ilkin həddə qayıdana kimi “Maşınların yanına” komandası verilənə qədər lüklərin qapaqlarını açmaq və döyüş maşınlarından çıxmaq, döyüş əl qumbaralarını qumbara çantasından kənarda daşımaq, şəxsi heyətə helikopterdə yerlərindən durmaq və kabinədə hərəkət etmək kimi qadağalar təhlükəsizlik tədbirlərinə daxil edilib. Əgər əlavə olaraq atışlar keçirilərsə, hər silah növü üzrə müvafiq təlimatlarda göstərilən təhlükəsizlik tədbirlərinə də riayət olunması zəruridir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*