Yaşayış binalarında komendantların fəaliyyəti, sakinlərdən toplanan xidmət haqları, eləcə də binanın idarə olunması ilə bağlı narazılıqlar tez-tez müzakirə olunan məsələlərdəndir.
Bəs komendant üzərinə düşən vəzifələri yerinə yetirmədikdə və sakinlərin şikayətləri nəticəsiz qaldıqda, onlar hüquqlarını necə qoruya və hansı qurumlara müraciət edə bilərlər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında hüquqşünas Tağı Hüseynov bildirib ki, sakinlər ilk növbədə komendantı işə götürən quruma rəsmi qaydada müraciət ünvanlamalıdırlar.

“Komendantdan şikayət edən sakinlər binanı tikən şirkət MTK-dırsa, həmin qurumun rəhbərliyinə, MMC-dirsə, müvafiq şirkətin rəhbərliyinə müraciət etməlidirlər. Başqa sözlə, komendantı hansı müəssisə və ya təşkilat işə götürübsə, şikayət də həmin quruma ünvanlanmalıdır. Bunun üçün rəsmi ərizə ilə müraciət etmək vacibdir. Çünki şifahi şikayətlər çox vaxt nəticə vermir”, – deyə hüquqşünas vurğulayıb.
Tağı Hüseynov qeyd edib ki, komendantın fəaliyyəti ilə bağlı problemlərin müzakirəsi üçün sakinlərin və ya mənzil mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi də məqsədəuyğundur. Belə görüşlərdə binanın idarə olunması, komendantın fəaliyyəti, sakinlərdən toplanan vəsaitlər və mövcud problemlər müzakirəyə çıxarıla bilər.
Hüquqşünasın sözlərinə görə, binanın rəhbərliyinə edilən müraciət nəticəsiz qalarsa, şikayətin məzmunundan asılı olaraq aidiyyəti dövlət qurumlarına müraciət etmək mümkündür.
“Sakinlərdən xidmət haqqı adı ilə vəsait toplandığı, lakin həmin vəsaitlər hesabına zəruri işlərin görülmədiyi və ya xidmətlərin keyfiyyəti ilə bağlı problemlər yarandığı hallarda istehlakçı hüquqlarının müdafiəsi məsələsi gündəmə gələ bilər. Belə vəziyyətlərdə şikayətin xarakterindən asılı olaraq istehlakçı hüquqlarının müdafiəsi sahəsində səlahiyyətli quruma müraciət etmək olar”.
Tağı Hüseynov əlavə edib ki, problem binanın təhlükəsizliyi ilə bağlıdırsa, sakinlər müvafiq nəzarət orqanlarına üz tutmalıdırlar. Məsələn, yanğın təhlükəsizliyi, elektrik naqillərindəki nasazlıqlar və binanın ümumi istifadəsində olan sahələrdə təhlükə yaradan hallar aşkarlandıqda Fövqəladə Hallar Nazirliyinə müraciət etmək mümkündür.
Beləliklə, hüquqşünasın fikrincə, komendantın fəaliyyətindən narazı olan sakinlər ilk növbədə problemi rəsmi şəkildə binanın idarə edilməsinə cavabdeh olan qurumun rəhbərliyinə çatdırmalı, nəticə əldə edilmədikdə isə şikayətin mahiyyətinə uyğun olaraq aidiyyəti dövlət orqanlarına müraciət etməlidirlər.
Aynurə İsmayıl
KONKRET.az
