Koronavirusa yoluxanlar hələ də dərmanla təmin edilirlər? – AÇIQLAMAbackend

Koronavirusa yoluxanlar hələ də dərmanla təmin edilirlər? - AÇIQLAMA

Uzun müddətdir ki, Azərbaycanda koronavirusa yoluxma statistikaları stabil şəkildə qalır. Yoluxma sayları əsasən 50-100 nəfər arasında dəyişir. Bu vəziyyət virusun əvvəlki qədər cəmiyyətdə gündəm olmaması görüntüsü yaradır. Bəs görəsən bu hal koronavirusa yoluxmuş insanlarla bağlı prosedurlarda hər hansı dəyişikliyə yol açıbmı? Karantin qaydalarında və ya yoluxanların dərman vasitələri ilə təmin edilməsi əvvəlki standartlar üzrə aparılırmı?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Yeniavaz.com-a bildirilib ki, koronavirusa yoluxmuş xəstələrin müalicəsi xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ev şəraitində və tibb müəssisələrində stasionar formada təşkil olunur:

“Ev şəraitində müalicə alan xəstələri qeydiyyat üzrə poliklinika həkimləri nəzarətə götürürlər. Xəstələri müşahidə edərək onlara məsləhətlər verirlər. Əgər xəstədə ağırlaşma baş verərsə, xəstə Məhəmmədidəki modul tipli xəstəxanaya hospitalizasiya olunur.
Simptomları olan vətəndaşlar test götürülən məntəqələrə müraciət edə bilərlər. Testin cavabı çıxana qədər isə onların ev şəraitində təcrid olunmaları tövsiyə edilir. Testin cavabı pozitiv olan şəxslər yaşayış yeri üzrə poliklinika və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən nəzarətə götürülür.

Koronavirusun ev şəraitində müalicəsi üçün dərmanlar və həkim müşahidəsi təmin edilir. Antiviral dərmanlar isə stasionar şəraitdə müalicə alan xəstələrə verilir. Xəstələrə vitamin və bol maye qəbul etmək, istirahət tövsiyə olunur”.

Qurumdan həmçinin bildirilib ki, yoluxanların təcrid olunma müddəti 7 günə endirilib:

“Nazirlər Kabinetinin 22 Yanvar 2022-ci il qərarı ilə laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*