TikTok platformasında hədiyyələr vasitəsilə gəlir əldə edən şəxslərin vergi öhdəliyi gündəmə gəlib. Vətəndaşlardan biri sosial şəbəkədə paylaşdığı müraciətdə bildirib ki, TikTok hesabından əldə etdiyi 47 min manat gəlirə görə onun adına 10 min manat vergi borcu hesablanıb.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan maliyyəçi Tamerlan Bayramlı deyib ki, burada qazanılan pula görə vergi tutulması təbiidir:
“Çünki şəxs bu fəaliyyətindən gəlir əldə edir və bu, sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilir. Bloger və influenserlər də artıq bu baxımdan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər hesab olunurlar. Onların vergi uçotunda kodu olmalıdır. Məsələ burasındadır ki, burada verginin hansı qaydada hesablanması şəxsin fəaliyyətindən, gəlirinin həcmindən və tətbiq olunan vergi rejimindən asılıdır”.
Ekspert bildirib ki, müəyyən həddə qədər olan gəlirlər üçün güzəştlər və xüsusi vergi qaydaları mövcuddur:
“Məsələn, illik dövriyyəsi 45 min manatadək olan influenserlərin gəlirlərinin müəyyən hissəsi vergindən azad edilir və qalan hissə üzrə hesablanır. Şəxs müəyyən fəaliyyət göstərir və həmin fəaliyyətdən gəlir əldə edirsə, bunun vergiyə cəlb olunması normaldır. Siz buna “hədiyyə” deyə bilərsiniz, amma əgər həmin ödəniş konkret fəaliyyətinizə, reklamınıza, auditoriyanıza və ya yaratdığınız kontentə görə verilirsə, faktiki olaraq bu, gəlirdir.
Bundan başqa, həmin platformaların özlərinin də Azərbaycanda vergi öhdəliklərinin yaranması məsələsi var. Onlayn platformalar, xüsusilə xarici platformalar üzərindən əldə olunan gəlirlərin vergiyə cəlb olunması ilə bağlı ayrıca qaydalar mövcuddur”.
