Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə kran aşıb.
KONKRET.az xəbər verir ki,Kran 23 saylı 11 illik Musiqi Məktəbinin yerləşdiyi binanın üstünə düşüb. Binanın altında məktəb yerləşir, üstü yaşayış binasıdır.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14:04-də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.
***
Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb: “Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb”.
Əlavə məlumat veriləcək.
***
FHN xüsusi xilasetmə idarəsinin baş leytenantı Fuad Əhmədov bildirib ki, 4 sentyabr 14:38 radələrində FHN-in qaynar xəttinə hadisə barədə məlumat daxil olub:
“Məlumat əsasında Mövsüm Sənani küçəsi ilə Azadlıq prospektinin kəşisməsində olan doqquzmərtəbəli binanın qarşısında olan qaldırıcı yük kranın hərəkətdə olarkən bir hissəsi binanın üzərinə düşüb. Hadisə zamanı kran sürücüsü aldığı xəsarətlərdən vəfat edib. Hadisə nəticəsində binanın bir neçə mərtəbəsinə ziyan dəyib. Araşdırma aparılır, ictimaiyyətə əlavə məlumat veriləcək”.
