KREML və SÜLH: Şəhid verdik, əsir düşdük, bayrağımızı yandırdılar – FOTO/VİDEObackend

KREML və SÜLH: Şəhid verdik, əsir düşdük, bayrağımızı yandırdılar - FOTO / VİDEO

Azərbaycan ilə bağlı həftə ərzində mühüm hadisələr baş verib.

Aprelin 10-da Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib. Səfər çərçivəsində Ramiz Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braun ilə görüşüb.

ABŞ və Avropa ilə yaxınlaşma, Bakının NATO ilə əlaqələri genişləndirməsi Rusiyanı qıcıqlandıran məqamlardandır. Bundan başqa, həftə ərzində Ermənistan və Azərbaycanı təmsil edən rəsmilərin Amerikada görüşü barədə şayiələr dolaşırdı. Kreml isə Qarabağ və Zəngəzur dəhlizini özündə ehtiva edən sülhün Rusiya bayrağının kölgəsində imzalanmasını istəyir. Hadisələrin bu ardıcıllığının sonunda nə baş verdi?

KONKRET.az xəbər verir ki, Gorus-Laçın istiqamətində erməni təxribatı yaşandı və ordumuz şəhid verdi. Əlbəttə ki, düşmən cavab atəşilə sözün hər mənasında susduruldu və çoxsaylı itkilərə məruz qaldı.

Ermənistan sərhədindən cavabdeh ölkənin Rusiya olduğunu nəzərə alanda sərhədin cəbhəyə çevrilməsini, gərginliyin artma səbəblərini çox uzaqda axtarmağa dəyməz. Ardınca azərbaycanca danışan erməninin özünü bizim ordunun əsgəri kimi qələmə verib yüzlərlə erməni başını kəsməsi barədə feyki yayıldı və bu, Bakını qəddarlıqda şərləmək, Qərbdə mənfi imic yaratmaq məqsədi güdürdü. Bundan başqa, yayılan böhtan ermənilər arasında azərbaycanlılara bəslənən nifrəti böyütmək, hər iki ölkənin vətəndaşlarının sülhdən uzaqlaşmasına xidmət edirdi. Bəs regionda sülhü kim istəmir?

Rusiya!

Çünki İrəvanla Bakı sülhə yaxınlaşdıqca imperialist Moskva Cənubi Qafqazdan uzaqlaşır. Qərb gücləri Pyotr varislərinin əl-qolunu mərhələli şəkildə yığır və buna Rusiyanın qərb sərhədlərindən start veriblər. Belə ki, Rusiyanın qərbində ruspərəst ölkə kimi ancaq Belarus qalıb. Ukrayna planı gerçəkləşəndən sonra isə Belarusu da xaos – vətəndaş müharibəsi gözləyir. Rusiyanın Böyük Qafqazdakı dayaq nöqtələrini laxlatmaq üçün isə Cənubi Qafqazdan başlamaq gərəkdir. Çünki dünya ölkələri Abxaziya və Cənubi Osetiya mərhələsinə qədəm qoysalar, bu işdə uğur əldə etsələr, Gürcüstan rus blokadasından çıxmayacaq. Niyə?

– Çünki Ermənistan Kremlin forpostudur;
– Çünki Azərbaycan Qarabağa görə Kremlin nazı ilə oynamalıdır.

Buna görə də, postsovet ölkələrini rusiyasızlaşdırmaq istəyən Qərb prosesə Cənubi Qafqazda start verməlidir. İrəvanla Bakı arasında sülhün imzalanması Laçın və Zəngəzur dəhlizləri ilə bağlı ortaq mövqe, sərhədlərin tanınması deməkdir. Belə olan halda isə iki ölkə arasında sadalanan məsələləri problem kimi yaradan Lenin mavzoleyinə “fatihə” vermiş olarıq. Yəni Rusiya həm Ermənistan, həm də Azərbaycana Qarabağ kartı ilə təsir göstərirdisə, sülhün imzalanması ilə “pas” getməli olacaq. Kremldəkilər bunu anladığından düşmənçiliyi dərinləşdirmək niyyətindədirlər. Təkcə bu həftə ərzində baş verən 3 hadisəni qeyd etmək kifayətdir. Onlardan biri yuxarıda bəhs olunan sərhəd gərginliyi idi.

İkincisi Şahbuz istiqamətində xidmət zamanı itən və ermənilər tərəfindən əsir götürülən iki əsgərimiz olub. Onlar insanlığa sığmayan işgəncələrə məruz qalıblar və görüntüləri tirajlanıb. Onsuz da, düşmən olan iki xalqın bir-birinə nifrəti dəfələrlə artıb.

Üçüncüsü ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasıdır. Bayrağımızı yandıran Aram Nikolyana qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açıldı, ay nə bilim təcridxanaya salındı kimi cəza tədbirlərinə nail olmaq Bakının güclü olması anlamın vermir. Sadəcə, Ermənistan hüquqi dövlət olduğunu nümayiş etdirməyə çalışıb. Həmin idmançıları Bakıda qarşılamaq üçün hava limanında insan (jurnalist) sayı az olmayıb. Amma bayraq yandıran erməni azadlığa çıxanda onun əlindən öpməyə gələn ermənilər daha çox olub.

Əsas odur ki, İrəvanda Türkiyənin himni səsləndi və qardaş ölkəni təmsil edənlər qələbəni Azərbaycana həsr etdilər.

İstər Çar Rusiyası, istərsə də SSRİ dövründə Kreml işğal etdiyi ölkələrin bütün sektorlarında kök atıb, bərkiyib və bundan qurtulmaq asan deyil, amma mümkündür. Ən vaxtında tərpənən Baltikyanı ölkələr olub. Zamanında Moskvanı qovmaq istəyən Azərbaycan 20 Yanvar, I Qarabağ savaşı, soyqırımlar, işğallar yaşadı. Gürcüstan Saakaşvili qurtuluşu görmüş ölkədir. Rusiyanı Yanukoviçlə yollamaq istəyən Kiyev 2014-dən bəri savaş meydanıdır. Ermənistana gəlincə, Qərbin bu ölkədəki planları 2018-də “beysbolkalı Nikol” ilə reallaşmağa başladı. Lakin onun Rusiyadan qurtulmağı üçün Azərbaycan ilə əlaqələri səhmana salmağı mütləqdir. Sadəcə, ruslar sülhməramlı adı ilə Qarabağda oturublar və erməniləri “Artsax”a, bizi isə antiterror əməliyyatlarına təhrik edirlər ki, sülh üfüqlər arxasında qalsın. Çünki Cənubi Qafqazda sülh imzalansa, region Rusiya ilə sağollaşacaq.

Qərbin “anakonda quyruğu” planı ilə Orta Asiya dövlətləri də Rusiya sərhədlərinin NATO ilə mühasirəsində iştirak etməlidir. Beləliklə, Kremlin çöküş planı bu cür qurulub.

Rusların komediya filmlərinin birində bir polis rəisi otağında Putinin yox, səhvən Rasputinin rəsmini asıb.

Daha əvvəlki yazıların birində qeyd etdiyimiz kimi, Rasputin Çar Rusiyasını yıxan adamlardan biridir. Bəzi ekspertlər Putinin də Rusiya Federasiyasını yıxacağını düşünür. İqtisadi tənəzzüllə müşahidə olunan parçalanmada isə “anakonda quyruğu”na ehtiyac qalmayacaq.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*