“Niyə ölkəmizə qarşı belə ittihamlardan sonra hakimiyyət Moskva ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmayıb? Niyə biz KTMT-dən çıxmırıq?”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb:
“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dmitri Kiselevə verdiyi müsahibə Ermənistanda əsl şok yaradıb. Üstəlik, şok effekti həm cəmiyyətdə, həm siyasi müxalifətdə, həm də rusiyayönlü qüvvələrdə şoka səbəb olub. Bu da başa düşüləndir. Moskva öz nazirinin dili ilə açıq şəkildə Ermənistanı “Azərbaycan ərazilərini işğal etməkdə” günahlandırır. Ona görə də, Rusiyanın növbəti xəyanətkar addımı həm Ermənistan cəmiyyətində, həm də siyasi ictimaiyyətdə fəal müzakirə olunur. “Qarabağ müharibəsinin tarixi onilliklərə gedib çıxır. Ermənistan uzun illər Azərbaycanın 7 rayonunu işğal altında saxlayıb. Bəli, Azərbaycan ona məxsus olan torpaqları qaytarıb”, – Sergey Lavrov bildirib. Lavrov maskasını atıb və ölməkdə olan imperiyanın əsl simasını göstərib. Aydındır ki, Lavrov bu yolla Azərbaycan və Türkiyəni razı salmağa çalışır, sözlərinin Ermənistana təsir edəcəyindən qətiyyən narahat olmur”, – erməni analitik vurğulayıb.

Daha sonra Arşakyan fikirlərini öz erməni xislətinə uyğun, hiyləgərcəsinə davam etdirib: “Əgər Ermənistan işğalçıdırsa, niyə Rusiya və İrəvan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” saziş hələ də mövcuddur? Ruslar işğalçı ölkə ilə anlaşma imzalamağa utanmırlar? Qeyd etmək lazımdır ki, Lavrovun müsahibəsi hətta Ermənistandakı rusiyayönlü marionetlərin, o cümlədən Sarkisyanın hiddətinə səbəb olub. Amma Koçaryanın adamları, əksinə, Lavrova haqq qazandırmağa çalışırdılar. Göründüyü kimi, Koçaryan və onun ətrafının hələ də rus əsgərlərinin süngülərində hakimiyyətə qayıtmaq ümidləri var. Ona görə də onlar öz ağalarını qorumağa çalışırlar. Bəs niyə ölkəmizə qarşı bu cür ittihamlardan sonra hakimiyyət Moskva ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmayıb? Niyə biz KTMT-dən çıxmırıq? Əvəzində Paşinyan və arvadı Qazaxıstana, Aİİ-in görüşünə uçur, Mirzoyan isə Rusiya səfiri Kopırkini təbəssümlə qəbul edir. Sizdə ümumiyyətlə qürur varmı? Rusiya başqa nə etməlidir ki, nəhayət onun qəyyumluğundan çıxmağa qərar verək?”, – deyə Arşakyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,
KONKRET.az
