Naməlum şəxslər Fransanın sağçı “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri və 2027-ci il prezident seçkisində namizəd Marin Le Penin “X” sosial şəbəkəsindəki hesabına qısa müddət ərzində giriş əldə ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə AFP agentliyi partiyanın açıqlamasına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, naməlum şəxslər Le Penin səhifəsində kriptovalyuta reklamı yerləşdiriblər, lakin bu paylaşım bir neçə dəqiqədən sonra silinib.
“Milli Birlik” partiyası bildirib ki, bu hadisə daha əvvəl partiyanın saytına həyata keçirilmiş haker hücumu ilə əlaqəli deyil.
BFMTV telekanalının məlumatına görə, naməlum şəxslər partiyanın saytındakı bəzi səhifələrin dizaynını dəyişiblər. Hakerlər bəzi bannerlərin rənglərini dəyişməklə yanaşı, prezidentliyə namizəd Marin Le Penin fotosunu da əvəz edərək onun yerinə Mərakeş və Əlcəzair bayraqları olan pişik şəkli yerləşdiriblər.
Telekanalın mənbələrinə görə, hakerlər partiyanın bir neçə üzvünün şəxsi məlumatlarını da əldə edə biliblər.\\bakupost.az
