Fevral inqilabından (1917-ci il aprelin 9-da) sonra Rusiyaya qayıtmaq fürsəti əldə edən mühacirlərin bir hissəsi Leninin rəhbərliyi ilə Sürixdən ayrıldı. Cəmi bir ay əvvəl İsveçrə gəncləri qarşısında çıxış edən Lenin qocaların gələcək inqilabın döyüşlərini görə bilməyəcəklərinə təəssüfləndi. Beləliklə, inqilab baş verdi, amma “dünya proletariatının lideri”nin xəyal etdiyi kimi olmadı. Lenin Rusiyaya gəlmək üçün yeganə mümkün yolu tapır – İsveçrədən, Rusiya ilə müharibə aparan Almaniyadan, neytral İsveçdən və hələ də keçmiş imperiyanın tərkibində olan Finlandiyadan keçir. Onun təkidi ilə vaqon dəhlizində almanları bolşevik mühacirlərindən ayırmaq üçün təbaşirlə xətt çəkilir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, artıq yolda Lenin sərt bir diktatura qurmağa başlamışdı və bolşeviklərin ixtiyarında olan yeganə tualeti (ikincisi qatarın almanlar olan hissəsində idi) idarə edirdi. O, iki növ tualet kuponu verirdi: siqaret çəkənlər və özlərini yüngülləşdirməyə ehtiyacı olanlar üçün. Bəlkə də məhz o zaman İliçin döyüş yoldaşları sürgündəki sakit və rahat həyatı kədərlə xatırlayaraq Rusiyada onları nələrin gözlədiyi haqda fikirləşirdilər.
Lenin dəbdəbəli yaşamırdı, amma ehtiyac və məhrumiyyətlər içində də qalmırdı. Bolluq və rahatlıq içində idi. Məqalələri və tərcümələrinə görə əldə etdiyi qonorardan əlavə, Lenin partiya qəzetlərinin redaktoru kimi 50-70 rubl maaş alırdı. Onun mühacirətdə layiqli həyatının təmin olunmasında ailə əmlakından alınan kirayə pulu böyük rol oynayırdı. Mariya Aleksandrovna Ulyanova ildə bir neçə dəfə Leninə 300-500 rubl (II Nikolayın dövründə bir işçinin orta əmək haqqı 35 rubldan bir qədər çox idi) göndərirdi.
İliç tez-tez qohumları ilə birlikdə Avropanı gəzirdi. Belə ki, o, ay yarıma yaxın arvadı, bacısı və qayınanası ilə Paris yaxınlığındakı pansionatda yaşayıb. Amma o, xüsusilə İsveçrəni çox sevirdi. İsveçrə mühacirəti zamanı Lenin bir neçə dəfə yaşayış yerini dəyişib. Yalnız Sürixdə o, iki dəfə (1900-cü illərdə və 1916-1917-ci illərdə) olub. “İsveçrə xüsusilə mədəniyyəti və qeyri-adi həyat rahatlığı üçün yaxşıdır” – deyə Lenin bildirirdi.
XX əsrin əvvəllərində avropalılar Rusiyadan zahirən firavan burjuaziyaya bənzəyən insanların gəlişinə təəccüblə baxırdılar. Ədalət naminə demək lazımdır ki, Rusiyadan gələn bütün mühacirlər Avropada yaxşı iş tapa bilməyiblər. Məsələn, gələcək Xalq Əmək Komissarı Aleksandr Şlyapnikov Avropa zavodlarında tornaçı işləyirdi. Onun inqilabi işdəki həmkarlarından biri isə, dəfn mərasimlərində məşəlçi kimi fəaliyyət göstərirdi.
Müşviq Tofiqoğlu,
KONKRET.az
