Azadlıq radiosunun ingilisdilli erməni bürosu “Hungary’s Deputy PM Makes Surprise Visit To Armenia” (Macarıstan Baş nazirinin müavini Ermənistana sürpriz səfər edib) adlı məqalə ilə çıxış edib.
Macarıstan və Ermənistan arasında diplomatik əlaqələr 2012-ci ildə kəsilib. Buna baxmayaraq, Macarıstan Baş nazirinin müavini Zsolt Semjen cümə günü bir qrup nümayəndə ilə Ermənistana səfər edib. Macarıstan məhkəməsinin 2006-cı ildə ömürlük həbs cəzasına məhkum etdiyi zabit Ramil Səfərov 2012-ci ildə Azərbaycana qaytarıldıqdan sonra iki ölkə arasında diplomatik münasibətlər kəsilmişdi.
Xatırladaq ki, Ramil Səfərov Azərbaycan bayrağını təhqir edən erməni zabiti 2004-cü ildə balta ilə vurub öldürmüşdü.

Azərbaycana qaytarılan Ramil Səfərov prezident İlham Əliyev tərəfindən dərhal əfv edildi və mükafatlandırıldı. Bu isə Ermənistanda hiddət doğurdu.
Macarıstan hökuməti Səfərovun ömürlük cəzasının qalan hissəsini Azərbaycan həbsxanasında çəkəcəyinə dair Bakı tərəfindən əvvəlcədən təminat aldığını iddia etsə də, İrəvan bu izahatı məqbul saymadı. Həmin vaxt Ermənistan xarici işlər naziri olan Edvard Nalbandyan “Azərbaycan-Macarıstan anlaşması” nın kökündə korrupsiya dayandığını iddia etdi. Macarıstanın Baş naziri Viktor Orban Bakıda səfərdə oldu və Səfərovun sərbəst buraxılmasından iki ay əvvəl İlham Əliyevlə görüşdü.
Zsolt Semjen o vaxtdan bəri Ermənistana gedən ilk yüksək səviyyəli Macarıstan məmurudur. O, Macarıstanın Pazmany Peter Katolik Universitetinin rəsmiləri ilə birlikdə Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginlə görüşüb.

Zsolt Semjen
“Azadlıq” radiosunun erməni bürosu bildirir ki, digər Avropa Birliyinə üzv ölkələrdən fərqli olaraq, Macarıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı açıq şəkildə dəstəkləyir.
Macarıstan Xarici İşlər Nazirliyi keçən ilin sentyabr ayında, Ermənistan-Azərbaycan müharibəsinin başlamasından üç gün sonra bu dəstəyi bir daha təsdiqlədi. Bu ilin mart ayında Bakıya səfər edən Macarıstanın xarici işlər naziri Peter Szijjarto Macarıstan şirkətlərinin işğaldan azad edilmiş Qarabağda planlaşdırılmış yenidənqurma işlərində iştirakını Azərbaycan rəsmiləri ilə müzakirə edib.
Elbəyi Həsənli, Sürix
