backend

MAFİYA VƏ KORONAVİRUS: Əldən çıxan imkanlar və yeni perspektivlər

“Transmilli mütəşəkkil cinayətkarlığa qarşı qlobal təşəbbüs” adlı beynəlxalq təşkilat “Cinayətkarlıq və infeksiya. Pandemiyanın mütəşəkkil cinayətkarlığa təsiri” adlı hesabatını açıqlayıb.

KONKRET.az xəbər verir ki, 25 səhifəlik hesabatda koronavirusun yayılmasına qarşı görülən tədbirlərin mütəşəkkil cinayətkar qruplaşmaların hərəkət azadlıqlarını da məhdudlaşdırdığı, eyni zamanda onların qarşısında varlanmaq üçün yeni imkanlar açdığı qeyd olunur.

Belə ki, hər yerdə sərhədlərin bağlı olması bir sıra cinayətkar fəaliyyətləri sürətlə dayandırınb və ya azaldıb. Digər tərəfdən, cinayətkar təşkilatlar vəziyyətin qarışmasından və kövrəkliyindən istifadə edərək qanunsuz mallar və xidmətlər hesabına varlanmağa başlayıb. Bildirilir ki, kriminal yeni imkanları bundan sonra da öz xeyrinə istifadə edəcək və xüsusən də mafiyanın səhiyyə sistemlərinə sirayət etdiyi ölkələrdə onların qarşısında yeni imkanlar açılmış olur.

Hesabat müəllifləri koronavirus pandemiyasının mütəşəkkil cinayətkar qruplaşmalar üçün dörd tip nəticəsinin olduğunu qeyd edirlər. Hesabata əsasən bir sıra cinayət əməlləri sosial məsafə və hərəkət azadlıqlarının məhdudlaşdırılması nəticəsində kəskin azalıb. Bu cinayətkar əməllərin bərpa edilməsi xeyli vaxt apara bilər.

Eyni zamanda bir sıra cinayətkar təşkilatlar hüquq mühafizə orqanlarının və siyasi hakimiyyətlərin əsas diqqətinin digər problemlərə yönəlməsindən istifadə edərək öz fəaliyyətlərini intensivləşdiriblər.

Səhiyyə sisteminə çoxdan sirayət etmiş mütəşəkkil cinayətkar qruplaşmalar isə bu sektoru istismar etmək üçün dərhal yeni imkanlar əldə ediblər.

Habelə hesabata əsasən milyardlarla adamın evdə qalmasından və internetdə daha çox vaxt keçirməsindən istifadə edən kibercinayətkarlar fəallaşıblar.

Hesabatda daha sonra bu dörd tip nəticənin hər biri ayrılıqda təhlil edilir. Bildirilir ki, sosial məsafə və karantin tədbirləri küçə cinayətkarlığını kəskin azaldıb. Məsələn, Meksikada ilin əvvəlindən qətllər ifrat dərəcədə artmışdı, amma sosial məsafə tətbiq edilməsindən sonra gündə 81 qətldən 54-ə enib. Lakin bu azalma müvəqqəti xarakter daşıyıb və qətllər yenidən artıb.

Şəhərlərin küçələri boşdur və polis tərəfindən karantin rejiminə əməl edilməsi üçün patrul xidməti həyata keçirilir, bu da cinayət yerindən qaçmağı çətinləşdirir.

Hesabatda deyilir ki, son vaxtlar Balkanlarda da qətllər və soyğunçuluq hadisələri azalmaqdadır. Gözlənilir ki, mafiya ilə bağlı qətllər yaxın vaxtlarda Serbiyada və Montenegroda ixtisar olacaq.

Bosniyada maşın qaçırma halları geniş yaylıb. Təcrübəli cinayətkarlar deyirlər ki, indi boş küçələrdə bunu eləmək xeyli çətindir.

Karantin tədbirlərinin sonrakı uzaqgedən nəticələrinin necə olacağı hələ məlum deyil, amma hələlik bu vəziyyət mütəşəkkil cinayətkarlığa birbaşa təsir edir. Məsələn, İtaliyada karantini pozmaöa görə Kalabriya mafiyasının (“Ndranqetlər”) lideri Çezare Kordi həbs edilib. O, uzun müddətdir axtarışda idi.

O cümlədən Çindən ixtisarın azalması da mütəşəkkil cinayətkar qruplaşmaların gəlirinə mənfi təsir edir. Çin dünyada kontrafakt və qadağan edilmiş malların istehsal edildiyi əsas mənbədir, ona görə də Çin fabriklərinin dayanması nəticəsində mafiyalar əsas təchizatçıdan məhrum olublar. ABŞ bazarı üçün metamfetamin və fentanil kimi kimyəvi narkotik maddələr istehsal edən Meksika kartelləri də Çindən daxil olan əsas inqrediyentlərdən məhrum olub.

Hərçənd qanunsuz mənşəli Çin malları karantin tədbirlərinin ilk qurbanı olsa da gələcəkdə bu bütün dünyada mal axınına mənfi təsir edə bilər.

Hesabata görə qanunsuz mallar üçün əsas bazar olan Avropada sərhədlərin bağlanması buna gətirib çıxarıb ki, idxal bu qitəyə məhdud sayda sərhəd-keçid məntəqəsindən daxil olur və pandemiyadan əvvəlkinə nisbətən daha diqqətli müşahidə altından keçir.

Xüsusən, yeni situasiya Avropada canlı mallar alverçilərinin işinə təsir edib. Amma hesabatda qeyd edilir ki, bu bizneslə məşğul olan mafiyalar indi yarı yolda ilişib qalmış miqrantların çarəsiz vəziyyətindən istifadə edəcəklər və onları sərhəddən gizli keçirmək üçün qiymətləri kəllə-çarxa qaldıracaqlar.

Karantin və digər məhdudiyyətlər beynəlxalq narkotrafikə də təsir edib. Şərqi və Cənubi Afrikada heroinin küçə ticarət qiymətlərinin artması, keyfiyyətinin isə aşağı düşməsi müşahidə olunur, çünki “malın” gətirilməsi xeyli çətinləşib. Bundan əlavə, heroinin parakəndə ticarətinin əsas platforması küçələrdir, küçələr isə indi boşdur. Hesabat müəlliflərinə görə, belə vəziyyət heroinin internet üzərindən satışının artmasına səbəb ola bilər.

Pandemiyadan mütəşəkkil cinayətkarlığın digər sahələri də zərər çəkir, məsələn, “krışalıq” biznesi indi qurbanlarını itirib, çünki kütləvi sayda kiçik şirkətlər və ticarət nöqtələri bağlanıb.

Albaniyada nəşə əkini mövsümü mart-aprel aylarına təsadüf edir və görünür indi əkin mövsümü daha qızğın keçir. Çünki polisin başı karantin rejiminə nəzarətə qarışıb. Ona görə də yayda bol nəşə gözlənilir.

Kolumbiyanın da sərhəd məntəqələri koronavirusa görə bağlanıb, nəticədə bu ölkədən kokain ixracı da azalıb. Lakin analitiklər qeyd edirlər ki, yüzlərlə gizli dağ cığırlarına nəzarət edən mafiyalar kokain ixracı üçün səyləri gücləndirəcəklər.

Bu arada Cənubi Afrikanın Milli Ehtiyatlar Bankı xəbərdarlıq edib ki, fırıldaqçılar sadəlövh adamlardan kupyurları toplayır, onların virusa yoluxduğunu deyərək insanları aldadır. Nayrobi polisi isə koronavirus analizi üçün saxta testlər satan ticarət köşkünə basqın edib.

Hesabatda tibbi avadanlıqların oğurlanması və evdə kompüter qarşısında oturub darıxanların aldadılması hallarının da artdığı göstərilir. Məsələn, İran, Azərbaycan və Ukrayna hakimiyyətləri tibbi maskaların, dezinfeksiyaedici məhlulların qaçaqmalçılığının qarşısını alıb. İtaliyanın bir sıra vilayətlərində isə saxta maskalar ələ keçirilib.

Federal Təhqiqatlar Bürosunun Nyu-York bölməsinin müstəntiqi Riç Ceykobs deyir ki, pandemiya ilə bağlı internet-fırıldaqçılar iki yola əl atırlar. Onlar ya tibbi maskalar və testlər üçün pul topladıqlarına inandırırlar, ya da sadəlövhləri bu sahəyə investisiya qoymağa dəvət edirlər. İkinci yol isə sırf kiberdələduzluqdur. Cinayətkarlar kiberhücumlar həyata keçirərək bank kartlarına dair məlumatları, şəxsi məlumatları oğurlamaq cəhdlərini artırırlar.

Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*