“Maşının yoxdursa…” – KREDİTLƏ SEVGİ və SOSİAL SONSUZLUQbackend

"Maşının yoxdursa..." - KREDİTLƏ SEVGİSOSİAL SONSUZLUQ

Xatırlayanlar daha yaxşı bilər. O vaxt bir oğlanın bir qızdan xoşu gəlirdisə, maraqlanırdılar ki, təhsili var? İşləyir? Valideynləri kimdir? Qısqancdırmı, kobuddurmu və s.

KONKRET.az müşahidələri indi sevməyin də müşkülə çevrildiyini göstərir. Halbuki əvvəl hamının gözü hamını tuta bilərdi. İndi çoxunun gözünü pul tutub.

Sosial sonsuzluq

Hazırkı durumu sosial pozğunluq, nakamlıq, bədbəxtlik də adlandırmaq olar. Məsələn xanımlar daha dəbdəbəli həyat üçün pullu kişi axtarır. İndi ay qaşı, baxışı, boyu-buxunu, yerişi, mərdliyi kimi parametrlər keçərsizdir. İlk növbədə pulu olmalıdır. Cəhənnəm, təkcə maşını da olsa, olar. Neyləsinlər ki, bütün kinolarda avtoş qaqaşlar sevilir. Bircə “Sadəcə sən” filmində oğlanın maşını yox idi, onda da qızın gözü görmürdü. Müəyyən kəsim qızlar ona yaxınlaşan oğlana “maşının yoxdursa, yolumu kəsmə”yə bənzər cavablar verir. Bu vəziyyətdə kasıb kişilər də kreditə girir, evin satır ki, “priusdan” filandan alıb diqqət mərkəzinə düşsün. Söhbət çörəkpulu üçün bu əziyyətə qatlaşan kişilərdən getmir. Hara fırlasan, sosial sonsuzluqdur.

İşin tərs tərəfi odur ki, iqtisadi çətinliklər, rifah şəraitinin pisləşməsi üçün şəraiti də “məmurlar” yaradır. Sanki hamısının uşaqlıq travması var:

“Niyə məni heç bir qız sevmirdi?”

Çünki o vaxt pula-maşına baxan yox idi. Həm də sənin xislətin ucuz olub. Xanımlar isə alnıaçıq kişilərə üstünlük verirdilər. Həmin uşaqlıq travması yetkinlik kininə çevrildikdən sonra gündəlik həyata təsir edə biləcək müəyyən pullular, bəzi vəzifəlilər maliyyə hesabına yararsız keçmişlərinin, yaxud nakamlıqlarının əksini isbatlamağa çalışdılar.

Sosial bərabərliyi pozandan sonra məktəb vaxtı qarşılıqsız sevdiyi qızı özünə katibə, ərə getdiyi kişini isə sürücü kimi əlinin altında işlətdi:

“Gördün? O vaxt məni seçməliydin. Hər baxımdan ondan yaxşıyam”.

Bəraət deyil, lakin güzəran xətrinə bununla razılaşmış qadınlar da yalandan “hə, çox peşmanam, möhtəşəmsən” deyib oliqarx psixi yola verir. FHN pornoqrafiyası misalı belə neqativlər çoxdur. Nəticədə daha yaxşı yaşamaq istəyən qızlar, daha da bədbəxt olurlar. Çünki xoşbəxtlik “Tarqovu”da satılmır. Nə də ən bahalı restoranın menyusunda var. Heç şəhvət hesabına alınan mənzilin otaqlarında, avtomobilin “bardaçok”unda da tapılmır.

Həm kişi, həm də qadınlarda sosial vəziyyətə görə yarımçıqlıq, sonsuzluq, yəni sonu olmayan uğursuzluqlar təkrarlanır. Bu durum az öncə qeyd etdiyim gicbəsər varlılara sərf edir. Çünki kimlərinsə arzularını, gələcək həyatını pulun hesabına başqa səmtə, çirkab dolu uçuruma sürükləyirlər. Xalqı xalqdan oğurlanan pulla bədbəxt edirlər.

Axırıncı yolun təbliğatı da pis getmir. Azərbaycanın efiri oynaş hesabına “porşe”dən düşməyənlərlə dolduqca yetişən gəncliyə asan yolla varlanmaq dərsləri keçilir. “Həci tanışlıq” kampaniyası gündəmdir. Bəli, daxilən ucuzlaşmaq kursu ilə dollar məzənnəli ayağısürüşkənlik aşılanır. 90-larda qardaş Türkiyədə də bənzər ssenari (bizə hələ indi çatıb) olub. Nəticədə qadın kaprizləri artıb. Buna görə də türk kişilərin digər millətdən olan xanımlarla nikah bağlamasının sayı artıb. İşin altında ailə institutlarını məhv etməklə demoqrafiya siyasəti aparan qlobal güclər var. Və bu ssenari 5-10 illik intervallarla hər ölkədə tətbiq olunur. Elə ayağını yorğanına görə uzatmaq istəyən azərbaycanlı kişilər də ailə həyatı qurmaqda çətinlik çəkirlər. Şərtlər, dərdlər dəyişib. Bizdə də ümidini Ukraynadan gələn qaçqın qızlara bağlayanlar olub. Avropa olmasa, bəlkə də arzularına çatardılar.

Əlbəttə ki, məqalədəki düyün hamıya aid deyil. Hələ də sağlam düşünən insanlar var. Odur ki, subaylar ümidini itirməsə yaxşıdır, “axtaran tapar”.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*