Medvedev Kadırovun anasına təşəkkürnamə təqdim edib.
KONKRET.az xəbər verir ki, bu barədə Dmitri Medvedev teleqram kanalında məlumat verib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev Aymani Nesiyevnanın rəhbərlik etdiyi Xeyriyyə Fondunun fəaliyyətini yüksək qiymətləndirib.
Medvedev onu Ukraynadan olan qaçqınlara, eləcə də “DXR” və “LXR” sakinlərinə kömək etməkdə göstərdiyi böyük şəxsi töhfəyə görə təşəkkür məktubu ilə təltif edib.
Qeyd olunur ki, fondun xeyriyyəçilik fəaliyyəti bütün dünyada məşhurdur. Onun işlədiyi illər ərzində müxtəlif müsəlman ölkələrində, o cümlədən İsraildə məscidlər tikilib, bərpa olunub, yoxsul vətəndaşlara yardımlar edilib.
Aymani Nesiyevnanın qərarı ilə Donbas və Ukrayna sakinlərinə kömək etməyə xüsusi diqqət yetirilir. Ərzaq, geyim, dərman, tibbi avadanlıq, zəruri və uşaq mallarından ibarət 20 min tona yaxın humanitar yük “DXR” və “LXR” əhalisinə təhvil verilib.
Bundan əlavə, fond Donbasa könüllülərin göndərilməsi, əsgərlərin ərzaq və sursatla təmin edilməsi üçün şərait yaradılması üzərində işləyir.
Fond həmçinin Çeçenistan Respublikasının bütün yoxsul və ehtiyacı olan sakinlərinə kömək edir.
Ramzan Kadırov bu münasibətlə teleqram kanalında paylaşım edib və anasını təbrik edib.
“Əziz ana, sizi mükafatınız münasibətilə ürəkdən təbrik edirəm! Allah bütün yaxşı əməllərinizi qəbul etsin!”, – deyə Kadırov yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
