“Medvedyev məsələlərə qalib prizmadan yanaşır və bu fikirlər onun təxəyyülünün məhsuludur” – ƏTRAFLIbackend

"Medvedyev məsələlərə qalib prizmadan yanaşır və bu fikirlər onun təxəyyülünün məhsuludur" - ƏTRAFLI

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ukraynanın necə yox olacağı ilə bağlı səsləndirdiyi fikirlər böyük səs-küy yaradıb və geniş müzakirələrə yol açıb. Medvedyev bildirib ki, Ukrayna xüsusi əməliyyat başa çatdıqdan sonra yox olacaq, Rusiya və bir sıra Avropa İttifaqı dövlətləri arasında bölünəcək. Rusiya rəsmisinin bu fikilərini bir sıra siyasi analitiklər ciddi qəbul etməsələr də, Medvedyevin arqumentlərinə inananlar da tapılıb.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Elman Vəliyev bildirib ki, Medvedyevin səsləndirdiyi fikirlər reallıqdan nə qədər uzaq olsa da, onun dediklərində müəyyən mənada həqiqət payı da var: “Avropa Ukraynanın Qərb bölgələrini məcburi şəkildə özünə birləşdirməyəcək. Medvedyevin bu arqumenti səhvdir. Çünki Qərbin belə bir fikiri olsaydı, o zaman Rusiya-Ukrayna müharibəsinə rəvac verməzdi. Amma Medvedyevin səsləndirdiyi fikirlər arasında Ukraynanın parçalanması məsələsini real saymaq mümkündür. Çünki Rusiya Ukraynada qələbə qazanacağından çox əmindir. Ümumiyyətlə, Medvedyevin məntiqinə görə, Ukrayna NATO və Rusiya arasında bölünməlidir. Amma bu, məhz Rusiyanın özünə sərf etmir. Çünki NATO-nun Rusiya sərhədlərinə qədər gəlib çıxması Kreml üçün təhlükəlidir. Odur ki, Medvedyev məsələlərə Rusiyanın qalib gələcəyi prizmasından yanaşır və bütün bunlar yalnız onun təxəyyülünün məhsuludur. Amma Kremlin müharibədə qələbə qazanacağına heç kim qarantiya verə bilməz”.

Artıq ikinci "soyuq müharibə" başladı!" - ELMAN VƏLİYEV

Politoloq Rusiyanın Ukrayada böyük qələbə qazanacağına inanmadığını diqqətə çatdırıb: “Artıq Ukrayna əks hücumlara başlayıb. Odur ki, Kremlin müharibədə böyük nailiyyətlər əldə edəcəyini söyləmək doğru olmaz. Rusiyanın hərbi əməliyyatları xeyli vaxt itkisinə səbəb olub və Moskva müharibənin gedişində çox geriləyib. Artıq Rusiyanın Əfqanıstanda üzləşdiyi ssenari təkrarlanır. Üstəlik, Ukraynaya silah yardımı artır və peşəkar hərbçilər göndərilir. Bu müharibədə əsas məqsəd Rusiyanın genişlənmək siyasətinin qarşısını almaq idi. Ən əsas hədəf isə Çindir. Çinlə mübarizədə əsas dəstəkçi Rusiya olduğundan, ilk növbədə Moskvanı oyundan kənarlaşdırmaq niyyətini güdürdülər və buna qismən nail oldular”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*