Məktəblərdə idarəçilik böhranı: direktor institutu deqredasiyaya uğrayıb – ANALİZbackend

Məktəblərdə idarəçilik böhranı: direktor institutu deqredasiyaya uğrayıb - ANALİZ

Azərbaycanda məktəb direktorlarının səviyyəsi qənaətbəxş deyil. Bunun ən böyük günahkarı isə birbaşa Elm və Təhsil Nazirliyidir. Məhz nazirliyin məsuliyyətsiz yanaşmasının nəticəsidir ki, Azərbaycanda təhsil siyasətində ən çox müzakirə olunan məsələlərindən biri məktəb direktorlarının idarəçilik bacarıqlarının olmamasıdır. Ən mühüm isə məktəblərə rəhbərlik edən xanım müəllimlərin strateji yanaşmalarının sıfırın altında olmasıdır. İlk baxışdan direktorlar özlərinin liderlik keyfiyyətlərini gözə soxurlar. Amma məsələyə belə diqqətlə yanaşmanın əsas səbəbi odur ki, problemin kökü yalnız fərdi direktorların bacarıqsızlığı ilə bağlı deyil; məsələ daha dərin və sistemlidir.

Məhz Emin Əmrullayevin bir nazir kimi bacarıqsızlığının nəticəsidir ki, direktor təyinatı mexanizmlərinin illərlə qeyri-şəffaf olmasını dəyişdirə bilmədi. Uzun müddət məktəb direktorlarının təyinatı müsabiqə sisteminə əsaslanmırdı. Şəxsi əlaqələr, qeyri-rəsmi təsirlər və lokal icra strukturları qərarlara ciddi təsir göstərirdi. Belə şəraitdə peşəkar idarəçilərdən çox, “loyal” şəxslərin seçilməsi geniş yayılmışdı.

Bu sistem isə əlbəttə, yüksək idarəçilik bacarığı olan namizədlərin kənarda qalmasına rəvac verdi. Direktorluq vəzifəsi resurs idarəetməsi kimi qəbul olundu. Nazirlik əslində bu tipli fəaliyyətilə ölkənin gələcəyini baltalayır. Çünki məktəb mədəniyyəti inkişaf etmək əvəzinə deqredasiyaya məruz qalır. Səbəblərindən biri də odur ki, müsabiqə sistemi tətbiq olunsa da, cəmiyyətin gözündə onun etibarlılığı və obyektivliyi hələ də tam bərpa olunmayıb. Daha sərt desək, bu gün əksər məktəblərin rəhbərlərinin intellektual bazası gülünc doğurur. Direktor olmaq üçün əsas tələb müəllimlik təcrübəsi və müəyyən test nəticələridir, lakin müasir məktəb idarəetməsi daha geniş bacarıqlar tələb edir. Həmin bacarıqlara strateji planlaşdırma, insan resurslarının idarə olunması, pedaqoji liderlik, büdcə və maliyyə savadlılığı, eləcə də böhran və risk idarəçiliyi daxildir. Çox təəssüflər olsun ki, nazirlik bu sahələr üzrə sistemli hazırlıq proqramları hazırlaya bilmədi. Mövcud təlimlər isə qısa, formal və praktik yönümlü deyil.

Bakı Şəhər Baş Təhsil İdarəsi də daxil olmaqla nazirlik tərəfindən direktorların hesabatlılıq sistemi zəif qurulub. Direktorların fəaliyyətinə nəzarət əsasən sənəd üzərindədir. Məktəbin real nəticələri – tədrisin keyfiyyəti, sosial mühit, müəllim motivasiyası, valideyn məmnuniyyəti nəzərə alınmır. Yaxşı işləyən direktorlar da onların arasında itib-batır. Zəif işləyən direktorların dəyişdirilməsinə dair mexanizmlər işləmir və ya çox ləng işləyir. Ona görə də məktəb mühiti və müəllim kollektivlərinin idarə edilməsi çətinləşib. Məktəblər illərdir müxtəlif sosial təbəqələrin təzyiqi, kadr çatışmazlığı, müəllim motivasiyasının azalması, valideynlərlə gərgin münasibətlər kimi problemlərlə üzləşir. Bu mühitdə direktorun liderlik rolu xüsusilə vacibdir, lakin çox zaman direktorlar bu çətinliklərlə mübarizə aparmaq üçün lazım olan kommunikasiya bacarığını, emosional intellektini, konfliktyönümlü idarəçiliyini nümayiş etdirə bilmir. Çünki bunu bacarmır. Nədənsə Elm və Təhsil Nazirliyi uzunmüddətli islahatların davamlılığında həvəsli deyil. Nəticədə direktorların fəaliyyət çərçivəsi tez-tez dəyişir, yeni tələblərə uyğun mexanizmlər tam oturuşmur, islahatlar yarımçıq qalır.

Bəs yaxşı, Elm və Təhsil Nazirliyi niyə islahatları tam şəkildə həyata keçirmir? Bu sualın cavabı bir neçə struktur və institusional amillə bağlıdır. Kökü dərin olan struktur problemləri tək normativlə həll olunmur. Direktor institutunun modernləşməsi yalnız təlim və testlə deyil, bütöv idarəetmə mədəniyyəti ilə bağlıdır. Bu isə illərlə formalaşmış bir sistemi birdən dəyişməyi çətinləşdirir. Rayon təhsil şöbələri və yerli icra strukturları çox vaxt mərkəzləşdirilmiş, obyektiv, rəqabətə əsaslanan seçim prosesinə müqavimət göstərir. Onların təsir dairəsi direktor seçkilərində hələ də hiss olunur. Müəllim kimi işləməyi üstün tutan, amma idarəçiliyə marağı olmayan çox sayda kadr var. Peşəkar idarəçilər üçün məktəb direktoru vəzifəsi kifayət qədər cəlbedici görünmür. Bu səbəbdən nazirlik bəzən zəif namizədlərdən imtina edə bilmir.

Cənablar, təhsil sistemində islahatların qarşısında duran ən böyük maneələrdən biri müxtəlif maraq qruplarının – valideynlərin, müəllimlərin, yerli idarəçilərin, bürokratların – müxtəlif və bəzən ziddiyyətli gözləntiləridir. Nazirlik hesab edir ki, radikal dəyişikliklər geniş sosial narazılıq yarada bilər. Əgər belədirsə, heç olmasa, direktorların fəaliyyətinə dair obyektiv ölçü sistemi tətbiq olunsun. Burada tədrisin nəticələri, məktəb mühitinin təhlükəsizliyi, valideyn məmnuniyyəti və sosial mühitin sağlamlığı təmin edilməldir. Direktor təyinatında tam şəffaflıq olmalıdır ki, məktəbdaxili idarə heyəti, müəllim şurası və valideyn nümayəndəliyi olan bir modeldə uğurlu nailiyyətlər əldə edilsin.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*