“Ermənistanla Azərbaycan arasında sülh prosesi dalana dirənib və bu, son bəyanatlar fonunda deyil, çoxdan baş verib”.
KONKRET.az xəbər verir ki, bunu erməni siyasi ekspert Vaaqn Melikyan deyib: “Hakim komandanın ağzından tez-tez eşitdiyimiz manipulyasiya xarakterli bəyanatlar sadəcə cəmiyyəti çaşdırmaq cəhdidir. İndi hakimiyyət daha çox genişmiqyaslı işlərin aparılması, Ermənistanın suveren əraziləri ilə bağlı heç bir güzəştin olmayacağına dair bəyanatlar səsləndirir. Onlar anlamalıdırlar ki, “Zəngəzur dəhlizi” termini həm Bakının, həm də Ankaranın leksikonundan çıxmayıb. Ermənistan hökumətinin dəhlizlə bağlı bəyanatlarının bu ölkələrin ritorikasına heç bir təsiri yoxdur. İndiki mərhələdə erməni tərəfinin problemi ondan ibarətdir ki, hazırkı danışıqlarda iştirak edənlər tükəniblər. Bu, sadəcə olaraq dalana dirənmək deyil. Biz ümumiyyətlə yanlış yoldayıq, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın potensialından istifadə edə bilmədik”.
Diplomat etiraf edib ki, Xarici İşlər Nazirliyində işlədiyi müddətdə bu istiqamətdə peşəkar yanaşmaları təşviq etməyə çalışıb, lakin daim rədd cavabı alıb: “Bu, daim baş verirdi və belə bir vəziyyətdə söhbət peşəkar yanaşmalardan deyil, Ermənistanı heç də xilas etməyə yönəlməyən aydın proqramın həyata keçirilməsindən gedir”. O əmindir ki, bu, qlobal oyunçuların proqramıdır və Rusiyanın regionda təsirini ya minimuma endirməyə, ya da aradan qaldırmağa yönəlib: “Bu ssenari müəlliflərinin fikrincə, Ermənistan heç bir çəkisi olmayan “dəhliz ölkəsi”nə çevrilməlidir. Ermənistanın müqavimət göstərməyə nə gücü, nə də siyasi səriştəsi var. Hazırkı situasiyada kənar oyunçuların heç biri Azərbaycana mane olmayacaq. “Xarici dövlətlər bizə kömək edəcək” kimi ümidlər isə özünü doğrultmur. Moskva, Vaşinqton və Brüsselin öz maraqları var və erməni cəmiyyətini həmin maraqlara qurban verməyə hazırdırlar”.
Vəli Həsənov,
KONKRET.az
