Edqar Qazaryanın Nikol Paşinyanla görüşü baş tutmayıb.
KONKRET.az xəbər verir ki, İrəvan Respublika meydanında keçirilən mitinqin təşkilatçısı, Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan media nümayəndələrinin müşayiəti ilə Ermənistan hökumətinin binasına gedib və Baş nazir Nikol Paşinyanla görüşmək istəyib.
O, Baş nazirə istefa ssenarilərini təqdim etməyə hazırlaşırdı.
“Mən ona hakimiyyətdən getməyin üç ssenarisini təqdim edəcəm. Əgər istefa ərizəsində imzasını qoysa, surətlərini istəyəcəyəm. Bir nüsxəsini prezident administrasiyasına göndərəcəm, birini də gətirib meydana toplaşan vətəndaşlara göstərəcəm. Əks halda, hadisələrin inkişafı üçün daha iki ssenari təqdim edəcəm”, – deyə Qazaryan əlavə edib.
O, polislə danışıqlardan sonra hökumət binası qarşısına getsə də, Paşinyanla görüşə bilməyib.
“Baş nazir Nikol Paşinyanla görüşümüz baş tutmadı. Məncə, Paşinyan bu görüşdən qorxur”, – Qazaryan deyib və Nikol Paşinyana üz tutub.
“Mən bura sizinlə şəxsi məsələləri müzakirə etmək üçün gəlməmişəm. Siz bu ölkəni, bu xalqı hansı vəziyyətə saldığınızı çox yaxşı bilirsiniz. Siz sizin üçün ən vacib anı əldən verdiniz. Birbaşa, doğru sözlər və niyə getməli olduğunuzu əsaslandırmaq üçün gəlmişdim”, – Edqar Qazaryan Respublika meydanında deyib.
Qazaryan əlavə edib ki, növbəti addımlarını təqdim etməyə davam edəcək.
Xatırladaq ki, dünən İrəvanın Respublika meydanında Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilib.
Xuraman Etibarlı,
KONKRET.az
