Məşhur braziliyalı yarış avtomobilləri sürücüsü, üçqat “Formula-1” çempionu Nelson Pike ölkəsində irqçilik qalmaqalı ilə üzləşib.
KONKRET.az xəbər verir ki, keçmiş idmançı britaniyalı Lyuis Hemiltonu təhqir etdiyinə görə təxminən bir milyon dollar cərimələnib.
Nelson keçən ilin payızında Braziliya mətbuatında Böyük Britaniya Qran-prisi ərəfəsində 7 qat dünya çempionu Hemilton barədə üç dəfə “neqr” sözündən istifadə edib. Onun müsahibəsi Braziliyada insan haqları birliklərinin narazılığına səbəb olub. Onlar məhkəmə yolu ilə keçmiş dünya çempionundan 10 milyon Braziliya realı (təxminən 1,9 milyon dollar – red.) tələb ediblər.
Daha sonra Pike Hemilton və sözləri ilə incitdiyi hər kəsdən açıq şəkildə üzr istəyib. O, istifadə etdiyi sözün irqçilik məzmunu daşımadığını, portuqal danışıq dilindəki “oğlan” və ya “kişi” sözünün sinonimi kimi istifadə etdiyini bildirib.
Braziliya məhkəməsi Pikenin üzrxahlığının kifayət etmədiyi qənaətinə gəlib və onu 5 milyon real (970 min dollar – red.) cərimələyib.//Oxu.az