Milli Qəhrəmanın xanımından qızı ilə bağlı maraqlı etiraflarbackend

Milli Qəhrəmanın xanımından qızı ilə bağlı maraqlı etiraflar

Ötən gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şükür Həmidovun qızı Əzizə Həmidovanın toy mərasimi keçirilib. Belə ki, Əzizə xanım Nicat adlı bəylə ailə həyatı qurub. 

KONKRET.az bildirir ki, Modern.az saytı Şükür Həmidovun həyat yoldaşı Könül Həmidova ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.

Milli Qəhrəmanın xanımı saytımıza açıqlamasında bildirib ki, qızının toyunu təşkil etmək onun üçün təkcə ana məsuliyyəti deyil, eyni zamanda Şükür Həmidovun adına layiq bir mərasim keçirmək baxımından mənəvi cəhətdən həssas bir vəzifə olub.

“Həm ata, həm də ana məsuliyyətini daşıyırdım. Uzun aylardır düşünürdüm ki, Şükür müəllimin adına layiq bir toy mərasimi necə təşkil edim. Əlimdən gələnin artığını etməyə çalışdım. Analıq məsuliyyətimlə yanaşı, Şükür müəllimin yükünü də çiyinlərimə götürdüm. Çox şükür. Ümid edirəm ki, bunun öhdəsindən gələ bildim”.

Onun sözlərinə görə, toyun təşkilində Şükür Həmidovun silahdaşları, dostları, qohumları və yaxınları ona böyük mənəvi dəstək göstəriblər.

“Şükür müəllimin dostları, silahdaşları, qohumlarımız mənə çox dayaq oldular. Bir qadının təkbaşına belə bir toyun bütün məsuliyyətini daşıması həqiqətən çətindir. Amma hər kəs əlindən gələn köməyi etdi. Buna görə hər birinə minnətdaram”.

1786961607 b11e9faa 4b40 47e4 b722 948636dd958a
Könül Həmidova deyib ki, toy mərasimində çox sayda qonaq iştirak edib.

“Toyumuzda təkcə yaxınlarımız deyil, tanımadığımız insanlar da iştirak etdilər. Müxtəlif vəzifələrdə çalışan şəxslər də yanımızda oldular. Hamısına təşəkkür edirəm. Ad çəkmək istəmirəm, çünki kimisə unuda bilərəm. Şəxsən və ya qiyabi şəkildə dəstək verən hər kəsə minnətdaram”.

O, göstərilən diqqəti borc deyil, mənəvi dəyərin ifadəsi kimi qiymətləndirdiyini də vurğulayıb:

“Bəzən deyirlər ki, bu, hamının borcudur. Mən buna borc kimi baxmıram. İnsan var, borcu olduğu halda belə onu yerinə yetirmək istəmir. Mən bunu dəyər vermək, hörmət göstərmək kimi qəbul edirəm. Bizə göstərilən münasibəti də məhz belə qiymətləndirirəm”.

Milli Qəhrəmanın xanımı qızının həyat yoldaşı ilə tanışlığından da bəhs edib:

“Onların tanışlığı fotostudiyada olub. Nicat müəllim qızım Əzizəni orada görüb, sonra rəfiqələri vasitəsilə onunla maraqlanıb. Amma həmin vaxt Əzizənin kim olduğunu bilməyib. Çünki qızım heç vaxt kimin qızı olduğunu ön plana çıxarmır. Onu tanıyanlar Şükür Həmidovun qızı olduğunu əksər hallarda yalnız aylar, hətta illər sonra öyrənirlər”.

K.Həmidova toy mərasimində şəhid ailələrinin də iştirak etdiyini bildirib.

“Şəhid ailələrimiz toyumuzda iştirak etdilər. Toyun əvvəlindən sonuna qədər yanımızda oldular, bizə dəstək verdilər. Onların hər birinə ürəkdən təşəkkür edirəm”.

Qeyd edək ki, Şükür Həmidov Aprel döyüşlərində “Lələtəpə”nin alınması uğrunda gedən döyüşlərdə şücaət göstərib.

Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına (sağlığında) layiq görülüb.

Şükür Həmidov Vətən Müharibəsində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*