“Milli təhsil sistemi şüurlu şəkildə gözdən salınır” – ƏTRAFLIbackend

"Milli təhsil sistemi şüurlu şəkildə gözdən salınır" - ƏTRAFLI

Son günlər ərzində baş vermiş kadr dəyişiklikləri əksər vətəndaşları bəzi məqamlar üzərində fikirləşməyə vadar edir. Deməli idarəçilik sistemində xarab olmuş mexanizmlər var və bu mexanizmlər yenisi ilə əvəzlənməlidir. Gündəlik həyatında belə xarab mexanizmlərlə rastlaşan ağıllı vətəndaşlar onu da gözəl anlayırlar ki, hər yeni mexanizm heç də keyfiyyətli iş əmsalı deyil.

Hələ 2020-ci ilin 13 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcərin yeni icra başçısını vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən səsləndirdiyi maraqlı bir fikiri yada salmaq yerinə düşər: “Hər bir rayonun inkişafı böyük dərəcədə rayona rəhbərlik edən şəxsdən asılıdır. Mən demişəm ki, bizim bütün rayonlarımız artıq dotasiya sistemindən çıxmalıdır…”

Əslində, bu fikir təkcə rayon və şəhər icra hakimiyyətlərinə deyil, bütün idarəçilik zəncirindəki hakimiyyət oraqanlarına şamil edilməlidir.

Əgər həqiqətən də hər şeyi kadrlar həll edirsə, o zaman bu kadrların hazırlanmasına və kadr ehtiyatının yaradılmasına xüsusi diqqət yetirmək lazımdır.

Yaxşı olardı ki, idarəçilikdə yeni yanaşma ortaya qoyulsun. Eksperiment kimi iki-üç icra başçısı, həmçinin idarə-müəssisə rəhbəri müsabiqə yolu ilə seçilsin. Hətta nazirlər, komitə sədrləri təşkilat daxilindəki əməkdaşların, həmçinin kənardan müraciət edənlərin sırasından müsabiqə yolu ilə irəli çəkilsin. Yoxsa illərlə toplanılmış təcrübə proteksianizm olmadığından kimlərinsə ambisiyasına qurban gedir.

Bu rəhbərlər yeni ideyaların layihələndirilməsindən başlayaraq maliyyə vəsaitlərinin cəlb olunmasına qədər həlqəni özləri qurmalıdırlar. Məhz onlar yerli və xarici investisiyaların cəlb edilməsi üçün həmfikirlər komandası yaratmalıdırlar. Mütərəqqi, yeni layihələrə, koordinasiya edilmiş strateji planlaşdırmaya da ehtiyac var. Amma real həyat həvəskar eksperimentlərə də çevrilməməli, mövcud sistemin qurduğu müəyyən hədlər aşılmamalıdır.

Əslində, yeni rəhbərlər sırf idarəçi-menecer yanaşmasını ortaya qoymalı, münbit mühit yaratmalıdır!

Bunlar ona görə vurğulanır ki, bölgələrimizdəki iqtisadiyyatın, idarə və müəssisələrimizin iqtisadi, ictimai-siyasi həyatı yeni reallığı bilən, tamamilə müasir təfəkkürlü, çevik rəhbərlərə güvənməlidir. Bu seçimdə yalnız xaricdə təhsil almış kadrlara üstünlük vermək milli təhsil sisteminin idarəçilik strukturları tərəfindən şüurlu şəkildə gözdən salınmasına səbəb olur.

100 faiz əminəm ki, milli ruhlu, yerli təhsilli mütəxəssislər də öz sahələrində inqilabi dəyişiklik edə bilərlər.

Görünən odur ki, 1991-ci ildə prezident Ayaz Mütəllibov tərəfindən tətbiq edilmiş İcra Hakimiyyəti strukturu və vəzifəyə təyinat sistemi müasir dövr üçün kifayət qədər köhnəlmiş mexanizmdir.

Odur ki, Mütəllibov irsi ilə vidalaşaraq yerli-lokal idarəçilikdə seçki sistemini xalqa qaytarmaq lazımdır!

Bütün sosial qruplarla işləmək bacarığı nümayiş etdirilməli, bu prosesdə vətəndaş təşəbbüslərinə də həssas diqqət göstərilməli və əməkdaşlığa açıqlıq nümayiş olunmalıdır. Bu həm də peşəkarlığın, vəzifə məsuliyyətinin və işgüzarlığın göstəricisinə çevrilə bilər.

Əgər tövsiyələrə əməl olunarsa, regionlarımızın dinamik inkişafı yeni mərhələyə qədəm qoyar və urbanizasiya probleminin də aradan qalxmasına təkan verər.

Digər tərəfdən, indiki dövrdə insanları kəndə qaytarmaq, torpağa bağlamaq üçün layihələr də lazımdır. Dövlətin Ali rəhbərliyindən kart-blanş aldıqdan sonra növbəti addımları mərkəzi hakimiyyət orqanlarından gözləmək yox, elə indidən hərəkət etmək lazımdır.

Yeri gəlmişkən, indiki dövrdə qida təhlükəsizliyinin necə böyük əhəmiyyət kəsb etdiyini nəzərə almaq lazımdır. Bunun üçün rayonlarımızda istifadəsiz torpaqları tez bir zamanda dövriyyəyə qaytarmaq, müasir üsullardan istifadə etmək, aqrar sektorun daha dinamik inkişafını stimullaşdırmaq lazımdır.

Bölgələrimizin turizm potensialının da tam şəkildə ortaya qoyulmasında yeni icra başçılarının böyük xidmətləri ola bilər. Sadəcə, düşünülmüş şəkildə hərəkət edib, reallıqları ortaya qoymaq, məhsuldar işləmək lazımdır! Belə olan halda ümumxalq mənafeyinə xidmət edən hər bir insanın, o cümlədən icra başçısının şəxsi mənafeyi də hüquqi qaydalar daxilində təmin olunur. “Soğan olsun, nağd olsun!” prinsipi ilə işləmək, ənəvi “nizam-intizam qaydaları” son nəticədə “etibarlı” büdcə oğruları olan yerli “xan”ların dövrünü bitirdi!

Prezident İlham Əliyevin: “Vəzifəli şəxslərin fəaliyyətinin səmərəliliyi və buraxılan nöqsanlar ilə bağlı təhlillər aparılacaq və məlumat nəzarətdə olacaq. Eyni zamanda, ictimai nəzarət olmalıdır”, – fikri isə ilk növbədə ölkə əhalisinin fərdi vətəndaşlıq hissinin qabarıq şəkildə ortaya qoyulmasına hesablanıb. Bu, həm də vətəndaşlıq məsuliyyəti və dövləti sevmək deməkdir. Vətəndaşlarımızın gedən proseslərə nəzarəti və müəyyən mənada operativ müdaxiləsi indiki reallıqlarda dövlət başçısı tərəfindən aparılan siyasətə həmrəyliyin nümayişi kimi də qəbul olunur.

Planetar miqyasda tamamilə yeni reallıqlar dövrü başlayıb. Bu dövrə uyğunlaşmaq lazımdır.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*