Mövsüm bitir, qazanc da dayanır: Kəndlərdə işsizlik niyə həll olunmur?backend

Mövsüm bitir, qazanc da dayanır: Kəndlərdə işsizlik niyə həll olunmur?

Kənd təsərrüfatının əsas məşğulluq sahəsi olduğu rayonlarda minlərlə insanın gəliri cəmi bir neçə aylıq mövsümlə məhdudlaşır. Məhsul yığımı başa çatdıqdan sonra isə bölgələrdə iş imkanlarının çatışmazlığı ailələri ciddi sosial və iqtisadi problemlərlə üz-üzə qoyur. İllərdir regionların inkişafı, yeni müəssisələrin yaradılması və məşğulluğun artırılması ilə bağlı proqramlar həyata keçirilsə də, bir çox kənd sakinləri hələ də sabit gəlir əldə etməkdə çətinlik çəkirlər.

Bəs kənd təsərrüfatı ilə məşğul olan rayonlarda niyə alternativ iş imkanları yaradılmır və mövsümi qazancdan asılı qalan insanlar ilin digər aylarında necə dolanmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, kənd təsərrüfatı ilə məşğul olan rayonlarda məşğulluğun böyük hissəsi mövsümi fəaliyyətlərə bağlı olduğundan əhalinin gəlirləri də ilin müəyyən dövrlərində formalaşır.

Akif Nəsirli: “Azərbaycanın kənd təsərrüfatında əsas problemlərdən biri  yüksək istehsal xərcləridir”

“Alternativ iş yerlərinin yaradılması üçün emal sənayesinin, logistika xidmətlərinin, turizm sektorunun, kiçik istehsal müəssisələrinin və müxtəlif xidmət sahələrinin inkişaf etdirilməsi vacibdir:

Lakin bəzi bölgələrdə investisiya imkanlarının məhdudluğu, infrastruktur problemləri və bazarlara çıxış çətinlikləri bu prosesin sürətini azaldır.

Mövsümi qazancdan asılı olan insanlar adətən əldə etdikləri gəliri bütün il üzrə bölüşdürməyə çalışır, əlavə təsərrüfat fəaliyyəti ilə məşğul olur və ya başqa sahələrdə müvəqqəti iş axtarırlar.

Ancaq bu imkanlar hər zaman kifayət etmir və nəticədə bir çox ailələr ilin müəyyən aylarında maliyyə çətinlikləri ilə üzləşirlər”.

Akif Nəsirlinin fikrincə, kənd rayonlarında dayanıqlı məşğulluğun təmin olunması üçün kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi, peşə hazırlığı proqramlarının genişləndirilməsi və qeyri-neft sektoruna yatırımların artırılması vacibdir.

Ekspert hesab edir ki, bu istiqamətdə atılacaq addımlar insanların yalnız mövsümi gəlirlərdən asılılığını azaltmağa, bölgələrdə yeni iş yerlərinin açılmasına və ilboyu sabit qazanc əldə edilməsinə şərait yaradacaq.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*