“Mübariz Qurbanlı bizi insan hesab etmir” – Komitə sədri haqda İDDİALARbackend

"Mübariz Qurbanlı bizi insan hesab etmir" - Komitə sədri haqda İDDİALAR

Atalarımız yaxşı deyib: “Utanmasan, oynamağa nə var ki”. İndi cəmiyyətdə bu el deyimi bəzi məmurlara şamil edilərək səsləndirilir. Təəssüf ki, bu gün Azərbaycanda gözü doymayan, dövlət büdcəsini dədəsinin mirası kimi qəbul edən, vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən xeyli məmur ordusu var. Amma etdikləri əməllərdən utanmadıqları üçün bu el deyimi sanki onların əyninə biçilib. Bu cür məmurlar arasında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının adı xüsusi hallanır. Uzun illərdir kreslodan qopa bilməyən cənab Qurbanlının dini-ideoloji sahədə hər hansısa bir xidməti olmasa da, vəzifəsinin qazandırdığı səlahiyyətlərdən maksimum yararlanaraq əməlli-başlı relaks həyat sürməyi bacarır.

Mübariz bəy uzun müddət Dövlət televiziyasında siyasi icmalçı kimi çalışıb. Bir növ keçmiş həmkarım kimi də xarakterizə edə bilərəm. Üstəlik, vəzifə ambisiyalarım olmadığından onun kreslosunda da gözüm yoxdur. Amma haqqı demək, doğruları söyləmək biz qələm adamlarının peşə borcu olduğundan gərək xüsusi əhəmiyyətli məsələlərdə dil qəfəsə qoymayaq. Birdə ki, “görünən dağa nə bələdçi”. Uzun illərdir fars-molla rejiminin Azərbaycanda qurduğu casus şəbəkəsinin kökünü hələ də kəsmək mümkün deyil. Cəmiyyətin böyük kəsimi indiyədək molla rejiminin “fətva”ları ilə hərəkət edir. Dövlətə və dövlətçiliyimizə qarşı məhz sapı özümüzdən olan baltalardan istifadə olunur. Bütün bunlar ideoloji boşluğun, bu sahədə heç bir iş görülməməsinin nəticəsidir. Odur ki, 2014-cü ildən Dini Komitənin rəhbəri olan Mübariz Qurbanlı da sözügedən məsələlərdə az məsuliyyət daşımır. Bu məqamda “vicdan” hissinin nə olduğunu hələ də dərk edə bilməyən QMİ sədrinin yarıtmaz və səriştəsiz fəaliyyətinə də diqqət çəkmək lazımdır. Amma bu haqda digər yazılarımda ətraflı danışacağam.

Qeyd edim ki, Mübariz Qurbanlının yarıtmaz fəaliyyəti haqda fikirlər təkcə müəllif olaraq məndə formalaşmayıb. Bu haqda vətəndaşların sosial şəbəkələrdə səsləndirdiyi fikirlərə rast gəlmək mümkündür. İnsanlar Komitə rəhbərinin onların müraciətinə cavab vermədiyini, yaşadıqları kənd və qəsəbələrdə bir qrup şəxslərin qanunsuz dini icma yaratdıqlarını dilə gətirirlər. Konkret faktların dili ilə danışsaq, Oğuz rayon Kərimli kənd sakini dələduz dini icma rəhbərinin qanunsuz əməlləri haqda Mübariz Qurbanlıya dəfələrlə müraciət ünvanladığını, lakin Komitə sədrinin buna laqeyd yanaşdığını deyir. Komitənin bu kimi məsələlərdə illərdir susqunluq nümayiş etdirməsinin nəticəsidir ki, bu gün ölkəmizdə qeyri-qanuni və mənşəyi bilinməyən dini icmaların sayı çoxalıb, fars-molla rejimi Azərbaycanda “şər yuva”sı yaratmağa müvəffəq olub. Yaxud başqa bir vətəndaş “Port Baku”da cənab Qurbanlıya necə qulluq göstərməsindən danışır. Onun “basseyn şərgüzəşt”ləri haqda yazır. Amma Komitə sədrinin bu boyda xidmət müqabilində qəpik-quruş verdiyini deyərək cənab Qurbanlını xəsislikdə günahlandırır. Göründüyü kimi Mübariz Qurbanlı öz işinin öhdəsindən gələ bilməsə də, istirahət etməyi, relax həyat sürməyi yaxşı bacarır.

Yenidən “utanmasan, oynamağa nə var ki” məsəlinə qayıtmaq istəyirəm. Komitə sədri yarıtmaz fəaliyyətindən nəticə çıxarmaq əvəzinə bundan sonra nəzir qutularına da nəzarət edəcək. Daha bu qutularda yığılan pullar Şeyxin cibinə axmayacaq. Ümid edirəm ki, indiyədək nəzir qutularında yığılan pulların hara xərcləndiyi haqda QMİ tərəfindən açıqlanmayan hesabatları Mübariz Qurbanlının dilindən eşitməyə müvəffəq olacağıq. Hər halda ümidlə yaşamaq və gələcəklə bağlı planlar qurmaq insanı yaşadan ən böyük faktordur. Necə deyərlər, “ümid sonda ölür”. Dini Komitənin gec olmadan ölkədə baş verənlərdən nəticə çıxaracağına və dini-ideoloji sahənin milliləşdirilməsi istiqamətində vacib addımlar atacağına inanmaq ümidi ilə…

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*