Murov zirvəsi və Ağdərədəki “951” yüksəkliyi uğrunda döyüşlərin TƏFƏRRÜATLARI – VİDEObackend

Murov zirvəsi və Ağdərədəki “951” yüksəkliyi uğrunda döyüşlərin TƏFƏRRÜATLARI - VİDEO

Ötən il 44 günlük Qarabağ müharibəsində Azərbaycan xüsusi təyinatlılarının Murov silsiləsindəki zirvələrdən birində çəkilmiş qısa videogörüntüləri sosial şəbəkələrdə sürətlə yayıldı və bu müharibənin simvollarından birinə çevrildi. Həmin görüntülərdə Murov zirvəsini düşməndən azad edib ora Azərbaycan bayrağını sancmış xüsusi təyinatlıların qayaların arasında bir-birinə qısılaraq mürgüləməyə çalışdıqları əks olunurdu.

KONKRET.az xəbər verir ki, Ukraynanın censor.net portalının müxbiri Yuri Butusov Qarabağa səfəri zamanı həmin videonun qəhrəmanlarından birini-32 nəfərlik qrupun tərkibində Murov yüksəkliyini düşməndən azad edən xüsusi təyinatlı Təbriz Zöhrablını tapıb, danışdırıb. Sonradan Suqovuşan ətrafındakı yüksəkliklərdən biri uğrunda gedən döyüşlərdə ağır yaralanan, hələ də yarası sağalmayan igid döyüşçümüzün söhbətini təqdim edirik:

-Müharibəyə qədər keçdiyiniz hərbi xidmət haqda danışın.

-Vətən müharibəsində mən kiçik çavuş rütbəsində iştirak etmişəm, 057 saylı hərbi hissənin kəşfiyyat batalyonunun xüsusi təyinatlı bölüyündə xidmət etmişəm. Müharibəyə qədər ümumi xidmət müddətim 6 il olub.

-Müharibəyə qədər hazırlığınız necə olmuşdu?

Bizi xüsusi olaraq düşmən arxasında müstəqil fəaliyyət üçün hazırlamışdılar. Xüsusi təyinatlı olmaq üçün mən həqiqi hərbi xidməti başa vurandan sonra dəniz xüsusi təyinatlıları proqramı üzrə 9 aylıq hazırlıq kursu keçmişəm. İxtisasım istehkamçı olub.

-Sirr deyil ki, Qarabağda müharibə 1991-ci ildən gedirdi, lokal döyüş əməliyyatları 30 il ərzində dayanmamışdı, sizin 2020-ci ilə qədər döyüş təcrübəniz olmuşdumu?

-İlk döyüş təcrübəm 2017-ci ilin fevralında olub. Biz Qarabağda gecə döyüş tapşırığı yerinə yetirmişik.

-Bütün qrup gecə görmə cihazı ilə təchiz edilmişdimi?

-Bəli, hərə öz ixtisasına görə bütün zəruri cihazlarla təchiz edilmişdi.

-Sizin batalyon konkret hansısa rayonda və ya sahədə konkret fəaliyyət üçün hazırlanmışdı? Siz əvvəlcədən hazırlaşdığınız yerdə döyüşməli oldunuz?

-Bəli, biz məhz döyüş aparmaq üçün hazırlıq keçdiyimiz yerlərdə döyüşdük, döyüşməli olduğumuz yerlərin şərtlərini yaxşı öyrənmişdik. Biz daim bir zolaqda-Bərdə ordu korpusunun zolağında fəaliyyət göstərirdik.

-Sizin üçün müharibə nə vaxt başladı?

-Sentyabrın 27-də bizim xüsusi təyinatlı bölük komandirimiz Fərid Əliyev başda olmaqla Murov yüksəkliyini tutdu. 32 nəfər idik. Biz ermənilərin növbəti hücumu və ordumuzun əks hücumu haqda eşitdik, böyük müharibənin başlandığı xəbər verildi.

-Kənardan elə təəssürat yarana bilər ki, Murovdağ yüksəkliyini tutmaq vəzifəsi xüsusi təyinatlılar qarşısında hələ sentyabrın 27-dən əvvəl qarşıya qoyulmuşdu və yerinə yetirilmişdi…

-Azərbaycan bayrağını Murovda sentyabrın 27-də qaldırmışıq. Bu, mənim hələlik deyə biləcəklərimin hamısıdır. 3300 metr yüksəkliyə qalxmaq çətin idi. Bütün sursatı, silahları çiyinlərimizdə daşıyırdıq-adambaşına 50-60 kiloqram yük düşürdü. Dağın zirvəsinə qalxmaq 6-7 saat vaxt apardı.

-Hamı buna dözdü?

-Biz bilirdik ki, belə şərtlərdə döyüşəcəyik və bütün hazırlıqlarımız da həmin relyefə maksimal uyğun relyefdə keçmişdi. Çətin idi, amma bizi xüsusi olaraq bunun üçün hazırlamışdılar.

-Siz düşməni necə qəfil haqlaya bildiniz, axı google-xəritələrdə zirvənin aşağısında erməni mövqeləri görünür? Zirvəyə qalxanda döyüş oldumu? Ermənilərin müdafiəsi necə təşkil olunmuşdu?

-Ermənilərin müdafiəsi dağlarda hərəsində 10-15 nəfər olmaqla ayrı-ayrı postlardan ibarət idi. Əsas qüvvəni onlar arxada saxlayırdılar, ön xətt isə postlar zəncirindən ibarət idi, onların arasında böyük məsafə var idi.

Əvvəlcə biz bir neçə kilometr düşmən arxasına keçdik və onlar bizi görmədilər. Sonra biz zirvəyə onların müşahidə etmədiyi istiqamətdən qalxdıq. Murovun özündə ermənilər yox idi, amma zirvədən aşağıda onların iki postu yerləşirdi və biz məhz həmin postların arasından keçib getdik. Biz döyüşsüz, səssiz daxil olduq. Ermənilər müharibənin başladığını eşidəndə və onların başı üzərində Azərbaycan bayrağının qaldırıldığını görəndə, fikrimcə, şoka düşdülər.

 

Murov uğrunda döyüşlər, 27 sentyabr, 2020-ci il…

 

-Sizin bölüyün Murovda vəzifəsi nə idi?

-Biz komandanlığa məruzə etdik ki, artıq buradayıq və bizə yüksəkliyi istənilən yolla, nəyin bahasına olursa olsun qoruyub saxlamaq əmri verildi. Və biz düşmənə artilleriya zərbələrinin endirilməsini korrektə edirdik. Aşağıdakı erməni postlarını və Kəlbəcərdən keçən yolu müşahidə altında saxlayırdıq.

-Nəyə görə bayrağı qaldırmışdınız, axı bununla siz yerinizi düşmənə bildirdiniz?

-Bu bizim qarşımıza qoyulan vəzifələrdən biri idi. Bayrağı sentyabrın 27-də qaldırmışdıq, əvvəlcə kiçik bayraq idi, sonra böyük, ermənilər tərəfdən yaxşı görünən bayrağı qaldırdıq. İstəyirdik ətrafdakı ermənilər görsünlər ki, onların başı üstündə artıq Azərbaycan bayrağı dalğalanır, onların döyüş ruhunu sındırmaq və geri çəkilməyə məcbur etmək istəyirdik. Habelə, biz onların diqqətini artıq döyüşlərin başladığı başqa istiqamətlərdən özümüzə cəlb etmək məqsədi güdürdük.

-Düşmən sizi bu yüksəklikdən geri oturtmağa cəhd etdi?

-Bizə hücuma cəhd etmədilər. Murov yüksək dağdır, orada hətta daşla müdafiə olunmaq olar. Amma bizə artilleriya atəşləri olurdu və kəşfiyyat məlumat vermişdi ki, ermənilər aviasiyadan da zərbə endirə bilərlər. Oktyabrın 1-2-də kəşfiyyatdan məlumat aldıq ki, ermənilər təyyarələri qaldırıblar, biz ətrafa səpələndik və sığınacaqlar axtardıq, amma atılan bombalar bizə dəymədi, aralı düşdü. Bilirəm ki, Murovdağın digər yüksəkliklərində də ağır döyüşlər gedirdi.

-Murov uğrunda mübarizə necə gedirdi? Digər bölmələr dərhal sizin arxanızca  həmin iki erməni postunun arasından qalxa bildi?

-Biz özümüzünkülərdən aralı düşmüşdük. Amma artilleriyamızın zərbələrini korrektə edə və onu yaxşı müşahidə etdiyimiz aşağıdakı erməni postlarına yönəldə bilirdik. Düşmənin də vəziyyəti bizim kimi çətin idi. Amma bir neçə gün sonra onlar postlardan çəkildilər, görünür çox itkiləri olmuşdu. Bizim qarşımıza qoyulan döyüş tapşırığı yerinə yetirilmişdi. Qoşunlarımız artıq bizimlə birləşə bilərdilər. Ona görə də Murovu başqa hərbi hissədən piyada bölmələrinə təhvil verdik və bizi başqa döyüş tapşırıqlarını yerinə yetirmək üçün göndərdilər.

-Belə video da var ki, Murovdağ rayonunda Azərbaycanın “Bayraktar” dronları zərbə endirir, siz məlumatları pilotsuz təyyarələrdən alırdınız? Qarşılıqlı əlaqə var idi?

-Bu barədə məlumatım yoxdur. Orada, yuxarıda güclü külək əsirdi, duman idi və hər şeyi insanlar həll edirdi.

-İtkiləriniz oldu?

-Bəli. Erməni artilleriyası bir gün səhər saatlarında atəşə başladı. Yoldaşlarımızdan Natiq Verdiyev şəhid oldu. Murovun Azərbaycanın nəzarətində olduğunu görən hər kəs bu adı xatırlamalıdır, bilməlidir ki, o zirvədə Natiqin qanı var. (25 yaşlı gizir Natiq Verdiyev 2020-ci il, oktyabrın 1-də şəhid olub, Murovda Azərbaycan bayrağının qaldırılması haqda video da onun telefonundan götürülüb, – müəl.)

-Murovun zirvəsində, dumanlar arasında əsgərlərin yan-yana qısılıb yatdığı, İkinci Qarabağ müharibəsinin simvoluna çevrilən həmin məşhur videonun tarixçəsindən danışın. Bu video necə çəkilmişdi, kim onu çəkmişdi?

-Bu videonu sentyabrın 28-də yoldaşlarımızdan Bəhruz Muradov çəkib. Biz videonu çəkmişdik, çünki həmin vaxt bizi görmək mümkün deyildi, buludlar dağın ətəyindən sürünürdü, videonu Murovda olduğumuzu, əmr gəlməsə oranı tərk etməyəcəyimizi sübut etmək üçün çəkmişdik.

Bəs nəyə görə çılpaq qayaların üstündə yatırsınız, sizin dağ təchizatınız harada idi?

 -Bütün Murov silsiləsində əməliyyatların uğuru bizdən asılı idi. Bu döyüşü uduzmaq haqqımız yox idi. Dağı götürməli və onu əldə saxlamalı idik, ya da hamılıqla şəhid olmalıydıq. Ona görə də isti əşyalar və bütün qalanlar bizim üçün əhəmiyyətə malik deyildi, bütün düşüncəmiz ancaq dağa qalxmaq və nəyin bahasına olursa olsun, onu əldə saxlamaq idi. Dağları yaxşı tanıyırdıq və bilərəkdən özümüzlə ancaq silahlar, ən zəruri ləvazimatlar götürmüşdük. İsti əşyalar, yataq kisələri götürməmişdik, yeməyin demək olar ki, hamısını dağa qalxmazdan əvvəl aşağıda qoyduq.

 

-Amma belə vəziyyətdə döyüş tapşırığını necə effektiv yerinə yetirmək olardı, axı elə soyuqda normal yatmaq mümkün deyil. Siz tezliklə döyüş qabiliyyətinizi itirərdiniz axı? Həmin çəkiliş vaxtı temperatur neçə dərəcə idi?

-Biz o kadrları çəkəndə qar yağırdı, amma düzünü desəm temperatura fikir vermirdik. Başa düşürsüzmü, mən 1993-cü ildə Ağdam rayonunda, Əfətli kəndində anadan olmuşam, azərbaycanlıları o yerlərdən qovduqları ildə. Doğma dayım həmin müharibədə şəhid olub. Və budur, biz öz torpaqlarımızı qaytarmağa gəlmişdik, 30 ildir azərbaycanlıların ayağı dəyməyən yüksəklikdə dayanmışdıq. Təsəvvür edə bilməzsiniz ki, qanda adrenalinin səviyyəsi necə idi. Biz başqa heç nə haqda düşünmürdük.

Orada, zirvədə çox soyuq idi və ancaq bir-birimizi qucaqlayıb yata bilərdik. Yeməyimiz elə birinci gün qurtardı, su isə üçüncü gün. İki gün susuz qaldıq. Amma gücümüz vardı, çünki qələbəmizə inanırdıq.

-Murovda neçə gün qaldınız?

-5 gün.

-Bəs susuz necə dözürdünüz?

-Avtomat maqazinlərini açıb daşların üstünə qoyurduq, orada şeh yığılırdı və biz onu sonra daşların üstündən yalayırdıq. Dərman ehtiyatlarımız var idi və biz dərmanların qarışdırılması üçün olan bütün mayeni içmişdik-32 nəfər arasında qardaşcasına porsiyalara böldük.

-Murovdan düşəndə hansı vəziyyətdə idiniz? Donvurmadan, orqanizmin tükənməsindən qaça bildinizmi?

-Bizi hospitala apardılar, bir gün ərzində bərpa olunduq, bu vaxt kifayət etdi ki, yenidən sıraya qayıdaq və bölüyümüzü Suqovuşan rayonunda başqa döyüş vəzifəsini yerinə yetirməyə göndərdilər.

Taborumuzun qalan hissəsini isə cənuba göndərdilər, orada xüsusi təyinatlı qüvvələrinin tərkibində Şuşaya qədər getdilər.

-Ermənilərin yaydığı başqa iki video da var, oradan görünür ki, onlar Azərbaycan bölmələrini Murovdağda hansısa mövqelərdən geri oturdublar. Bu hadisə nə vaxt, harada baş vermişdi, bilirsinizmi?

-Mən özüm bunun şahidi olmamışam, ola bilsin Murovda, başqa yüksəklikdə olub. Murovdağ bizim əlimizdədir. Amma Murovdağ və Ömər aşırımında bir sıra yüksəkliklərin azad edilməsindən sonra xüsusi təyinatlıları dağlarda döyüş üçün hazırlığı olmayan başqa bölmələrlə əvəzlədilər. Ola bilsin düşmən başqa yüksəkliklərdə əks-hücuma keçib. Bizim qoşunlarımızın müharibənin ilk günlərində vəzifəsi həmin istiqamətdə bir sıra yüksəkliklərin tutulmasından sonra düşməni sıxışdırmaq idi.

 

-Sizin istiqamətdə nələr baş verdi?

-Talış kəndinə daxil olduq, kənd artıq bizdə idi. Maşınlarımızı orada qoyduq. Vəzifəmiz yolla Suqovuşana hücum etmək idi. Orada, yolun üstündə ermənilərin müşahidə postu var idi, yola nəzarət edirdilər və tank əleyhinə raketlərlə maşınları vururdular, getmək mümkün deyildi.  Yoldan sağ cinahda dağlar sıx, çətin keçilən meşəlik idi. Biz məhz həmin istiqamətdən getdik, çünki oradan bizi heç kim gözləmirdi. Öndə iki bələdçi, arxadan isə bütün bölük. Beləliklə, yoldan yan ötməklə düz Suqovuşana girdik.

-Kənddə döyüşə girdiniz?

-Yox, Suqovuşana oktyabrın 3-də girdik və dərhal komandanlığa məruzə etdik, kəndin tam boş olduğunu bildirdik. Bir neçə saat orada qaldıq və dərhal əmr gəldi ki, ermənilərin yeni müdafiə xətti qurduqları yüksəklikləri tutaq. İmkan vermək və vaxt itirmək olmazdı ki, onlar yeni müdafiə xəttində möhkəmlənsinlər. Yenidən düşmən arxasına keçmək və Tonaşen kəndi ətrafındakı 951 yüksəkliyinə qalxmaq lazım gəldi. Həmin yüksəklik ermənilərin o istiqamətdəki müdafiə rayonunda mühüm əhəmiyyət daşıyırdı və oradan Tonaşen-Ağdərə yolunu nəzarətdə saxlamaq mümkün idi. Biz yenə də gizli hərəkət etdik. Bölüyümüz ermənilərin həmin Tonaşen kəndi ətrafındakı bütün postlarını arxa tərəfdən keçib getdi. Yüksəkliyə çatıb vəziyyəti müşahidə edəndə gördük ki, ermənilər hazırlıqlıdır, bizi gözləyirlər. 951 yüksəkliyi uğrunda döyüş oktyabrın 5-də oldu. Orada ermənilərin sayı təxminən 40-dan çox idi. Biz isə 32 nəfər idik. Öndə gedən bələdçilər xəbər verdilər ki, birbaşa yüksəkliyə doğru irəliləyə bilmərik, çünki ermənilər hazırlıq görmüşdülər, bilirdilər ki, gəlirik və onlara pusqu quracağıq. Biz  bunu görürdük və öndə gedən döyüşçülərimiz onların mövqeyini aşkarlamışdı.  Və yenidən ərazinin dağlıq və meşəlik olmasından istifadə edərək erməniləri arxa tərəfdən keçib getdik. Yaxınlaşanda şiddətli döyüş başladı, bütün bunlar çox tez baş verdi, üzbəüz döyüşürdük, bəzən 10-20 metrlikdən. Bax bu video həmin döyüşdən dərhal sonra çəkilib, biz hələ yaralarımızı sarıyırıq, ətrafda şəhidlərimiz  və öldürdüyümüz düşmənlərin meyitləri qalıb. Murovda həmin videonu çəkən Bəhruz Muradov da sinəsindən ağır yaralandı. Həmin döyüşdə 8 şəhid verdik, ermənilər böyük itkilər verdilər. Onların çox azı salamat qaça bildi və biz 951 yüksəkliyini götürdük.

 

Təbriz Zöhrablı və döyüş yoldaşları 951 yüksəkliyi uğrunda qanlı döyüşlərdən dərhal sonra…

 

Biz hamımız xüsusi təyinatlılar idik, ermənilərin arasında isə gənc əsgərlər çox idi, yaxın döyüş üçün hazırlıqlı deyildilər, ola bilsin heç döyüş təcrübələri də yox idi. Ermənilərin arasından bizə ancaq təcrübəli döyüşçülər atəş açırdı, ola bilsin hələ birinci Qarabağ müharibəsində döyüşmüşdülər, motivasiyalı idilər.

Ən başlıcası biz döyüş tapşırığını yerinə yetirdik və 951 yüksəkliyini azad etdik, düşmənə imkan vermədik yolun üstündə möhkəmlənsin. Hazırda həmin yüksəkliyin yaxınlığında Rusiya sülhməramlılarının və Azərbaycan ordusunun birgə postu yerləşir.

-Əlinizə nə olub? Dövlət müalicəyə kömək edirmi, sizə dəstək göstərilirmi?

-Əlim hələ sağalmayıb, güllə sümüyü və sinirləri dağıdıb, amma mən bunu önə görə demirəm ki, özümə diqqət cəlb edim, kömək istəyim. Mənə bu lazım deyil. İstəyirəm hamı bilsin ki, mən Təbriz Zöhrablıyam, Ağdamın Əfətli kəndində doğulmuşam. İstəyirəm hamı bilsin ki, mən harada doğulmuşam. Biz qalib gəlmişik və deməli 90-cı illərin əvvəllərində Qarabağda şəhid olanların xatirəsinə layiq yaşamışıq./virtualaz/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*