Çarlz Milların vəsiyyəti: Bir hüquqşünasın ölümündən sonra başlatdığı qeyri-adi yarışbackend

Çarlz Milların vəsiyyəti: Bir hüquqşünasın ölümündən sonra başlatdığı qeyri-adi yarış

1926-cı il oktyabrın 31-də, bazar günü Çarlz Millar iki sensasiyalı hadisə ilə gündəmə gəldi. Birincisi, ömrü boyu bir gün belə xəstələnməmiş, arıq bədənli, dik duruşlu 73 yaşlı subay kişi qəflətən ofisində yerə yıxılaraq vəfat etdi. Katibəsi şoka düşmüşdü. İkinci gözlənilməz hadisə isə onun vəsiyyəti oldu. O qədər qeyri-adi və təxribatçı, nəticələri isə o qədər sensasiyalı idi ki, bu hüquqi sənəd tanınmış korporativ hüquqşünas Milların sağlığında əldə etdiyi bütün uğurları kölgədə qoydu.

Heç kim Torontonun hörmətli hüquqşünas və iş adamının ölümündən sonra mətbuatda belə möhtəşəm bir şou yaradacağını gözləmirdi. Görünür, Millar göstərmək istəyirdi ki, müəyyən qiymət müqabilində hər şeyi və hər kəsi satın almaq mümkündür. Vəsiyyətnaməni hüquq sənətinin bütün qaydalarına uyğun tərtib edən bu centlmen jurnalistlərin sonradan adlandırdığı kimi, “əsrin ən böyük ölümündən sonrakı zarafatına” zəmin hazırlamışdı.

Çarlz Venz Millar 1853-cü ildə Ontarionun Aylmer şəhərində kasıb fermer ailəsində anadan olub. Məktəbdə ağıllı və çalışqan şagird kimi seçilən Millar sonradan universitetdə də yüksək nəticələr göstərib. Çoxsaylı mükafatlar, o cümlədən Toronto Universitetinin qızıl medalını qazanıb. Bütün fənlər üzrə orta göstəricisi 98 bal olub! “Osqud Holl” hüquq məktəbindəki nailiyyətləri də bundan geri qalmayıb. 1881-ci ildə gənc Millar vəkillər kollegiyasına qəbul edilib və qısa müddət sonra Torontoda öz hüquq bürosunu açıb.

Millar fəaliyyətə kiçik miqyasda başlamışdı, amma özünə vəkilə yaraşan məkan seçmişdi: Torontonun “Royal” hotelində bir neçə mebelli otaq kirayələmişdi. Zaman keçdikcə onun adı müqavilə hüququ üzrə mütəxəssis və uğurlu korporativ hüquqşünas kimi tanınmağa başladı.

Hüquq fəaliyyəti ilk vaxtlar ona ciddi gəlir gətirmədiyindən Millar Britaniya Kolumbiyasının “Ekspress” şirkətini satın aldı və Karibu bölgəsinə dövlət poçtunu daşımaq hüququ qazandı. “Qrand Trank” dəmir yolunun tikintisinə başlananda isə fəaliyyət dairəsini genişləndirərək uzaq Fort Corcu (sonradan Prins-Corc adlandırıldı) da əhatə etdi.

Məlumata görə, Millar Fort Corcda yerli yerli əhali üçün torpaq almaq istəyirdi, lakin həmin ərazi dəmir yolu şirkəti tərəfindən ələ keçirildi. Millar bəzi prosessual pozuntuları əsas gətirərək məhkəməyə müraciət etdi və qalib gəldi. Məhkəmə dəmir yolu şirkətinin hüquqşünasa 200 akr torpaq ayırması barədə qərar çıxardı. Hüquq tarixində bu hadisə sonradan “Millar əlavəsi” kimi tanındı.

Kəskin işgüzar zəkaya malik Millar gəlir gətirən yaşayış binalarını sərfəli qiymətə alır, Ontarionun Ali Məhkəməsinin hakimi ilə birlikdə gəmi əldə edir, eyni zamanda “O’Keefe” pivə şirkətinin prezidenti və nəzarət səhm paketinin sahibi olurdu. Maraqlıdır ki, həmin markanın pivəsi bu gün də satışdadır.

Onun əsas həvəslərindən biri atlar və at yarışları idi. Millar bu sahədə də şanslı sayılırdı. Uğurlu oyunçu kimi tanınan hüquqşünasın iki atı nüfuzlu yarışlarda birinci yerləri tutmuşdu. Ömrünün sonuna yaxın tövləsində yeddi möhtəşəm yarış atı saxlayırdı.

Bu uğurlu insanın başqa bir xüsusiyyəti də vardı: zarafat etməyi, xüsusilə dostlarını çətin vəziyyətə salmağı sevirdi. Ən çox da axmaq dərəcədə acgöz insanları hədəfə alır, onlara müxtəlif incə və bəzən də olduqca sancılı zarafatlar edirdi.

Milların dostları və həmkarları onu mehriban, sədaqətli dost və qayğıkeş oğul kimi xatırlayırdılar. Atası vəfat etdikdən sonra 23 il yaşadığı “Royal” hotelini tərk edərək özü və dul qalmış anası üçün böyük bir ev aldı. Anası bəzən oğlunu çox işlədiyinə, ailə qurmağa vaxt ayırmadığına görə danlayırdı. Milların niyə heç vaxt evlənmədiyini isə yalnız təxmin etmək olar.

Anasını narahat edən başqa bir məsələ də vardı. Çarlz ilin istənilən fəslində soyuq verandada yatmağı xoşlayırdı. Halbuki narahatlığa əsas yox idi: o, demək olar ki, heç vaxt soyuqdəymirdi. Hər kəsə elə gəlirdi ki, bu sağlam və dözümlü insan yüz il yaşayacaq.

Çarlz Milların dəfn mərasiminə təkcə Torontodan deyil, bütün əyalətdən hüquq, biznes və idman dairələrinin çoxsaylı nüfuzlu nümayəndələri gəlmişdi. Anqlikan kilsəsinin keşişi, möhtərəm T. Kotton vida nitqində mərhumun mənəvi keyfiyyətlərini, sədaqətini və dürüstlüyünü xüsusi vurğuladı. Lakin bu, kilsə nümayəndələrinin Çarlz Millar haqqında xoş sözlər söylədiyi sonuncu dəfə oldu.

Vəsiyyət oxunub ictimaiyyətə açıqlanandan sonra isə görünməmiş hadisələr başlandı. Siyasətçilər, hüquqşünaslar, iş adamları, kilsə xadimləri və mərhumun qohumları şoka düşmüşdülər. Reportyorların yazdığına görə, Milların təxribatçı vəsiyyəti ictimaiyyətə öz əxlaq anlayışını diktə etməyə çalışan “ucaları və qüdrətliləri” ələ salmaq məqsədi daşıyırdı.

Sənədin əvvəlində Millar belə yazırdı:

“Zərurət üzündən bu vəsiyyət qeyri-adi və tərs xarakter daşıyır. Nə varisim, nə də yaxın qohumum var. Buna görə də ölümümün ardınca əmlakımın bölüşdürülməsi ilə bağlı üzərimdə hər hansı ənənəvi öhdəlik yoxdur”.

Vəsiyyətnamənin ilk hissəsində Millar bir neçə sadiq köməkçisinin və əməkdaşının adını çəkərək onlara kiçik məbləğlər ayırmışdı. Uzaq qohumlarına isə heç nə qoymamışdı. Bunun səbəbini də izah etmişdi: əgər həmin insanlar ondan miras qalacağına ümid etsəydilər, onun tezliklə ölməsini səbirsizliklə gözləyərdilər. Millar isə belə bir arzunun heç kimdə yaranmasını istəmirdi.

Əsl maraqlı hissə bundan sonra başlayırdı. Heç kim yaşlı və hörmətli hüquqşünasın hansı oyuna əl atdığını təsəvvür edə bilməzdi.

Millar Sendviç, Uokervill və Vindzorda (Ontario) vəzifəyə təyin olunan hər bir din xadiminə “Kenilworth” jokey klubunun səhmlərindən pay vəsiyyət etmişdi. Halbuki həmin din xadimlərinin at yarışlarına və mərc oyunlarına münasibətinin necə kəskin mənfi olduğunu çox yaxşı bilirdi.

Bununla da kifayətlənməmişdi. Torontoda sərxoşluğa qarşı açıq mübarizə aparan bütün protestant icmalarına və onların keşişlərinə, sahibləri katolik olan “O’Keefe” pivə şirkətinin səhmlərindən pay ayrılmasını tapşırmışdı. Nəticə gözlənilən kimi oldu: çoxsaylı din xadimləri həmin səhmləri tələb etmək üçün məhkəmələrə müraciət etdilər.

At yarışlarında mərc oyunlarının qızğın əleyhdarları olan bir hakimə və bir keşişə isə (Millar onların adlarını da vəsiyyətnamədə qeyd etmişdi) Ontario Jokey Klubunun səhmlərini xüsusi şərtlə təklif etmişdi. Şərt belə idi: üç il ərzində klubun üzvü olmalı idilər. Onlar da bu şərti qəbul etdilər. Düzdür, səhmləri əldə etdikdən sonra klubdan ayrıldılar.

Milların dostluq etdiyi, lakin bir-birinə qətiyyən dözə bilməyən üç hüquqşünas tanışı da onun zarafatından kənarda qalmadı. Çarlz onlara Yamaykada gözəl bir ev vəsiyyət etmişdi. Ancaq sənədə elə mürəkkəb hüquqi şərtlər əlavə etmişdi ki, üç dost evi bölüşdürmək üçün bir-biri ilə yumruqlaşmaq əvəzinə, məcburən birgə yaşamağa və anlaşmağa çalışmalı idilər.

Lakin bütün bunlar sensasiyalı vəsiyyətnamənin əsas 9-cu bəndi ilə müqayisədə adi şıltaqlıq idi.

Çarlz Millar sərvətinin qalan hissəsini – yarım milyon dollardan artıq məbləği – ölümündən sonrakı 10 il ərzində Torontoda ən çox qanuni uşaq dünyaya gətirən qadına vəsiyyət etmişdi. Üstəlik, hər bir uşağın doğumu müvafiq rəsmi sənədlə təsdiqlənməli idi.

Beləliklə, vəsiyyətnamə elan olundu və hətta Toronto qəzetlərinin birinci səhifələrində dərc edildi. “Böyük şou” başlamışdı. Maraqlıdır ki, bu yarışın ən qızğın dövrü Böyük Depressiya illərinə təsadüf etdi.

Qohumlar vəsiyyətnaməyə etiraz etməyə çalışır, ayıq həyat tərzinin tərəfdarı olan din xadimləri “pivə səhmlərindən” pay almağa can atır, müxtəlif məhkəmələrdə çalışan hüquqşünaslar isə bu işlərdən qazanc əldə etməyin yollarını axtarırdılar.

Hətta Kanadanın Ali Məhkəməsi də məsələyə cəlb olundu. Ontarionun Ali Məhkəməsi mirasın Ontario hökumətinə verilməsinə nail olmaq və həmin vəsait hesabına Toronto Universitetində təqaüd fondu yaratmaq məqsədilə məsələni yuxarı instansiyaya çıxarmışdı.

Amma Millar 45 il ərzində öz dövrünün ən yaxşı hüquqşünaslarından biri, vəsiyyətnamələrin tərtibi sahəsində isə misilsiz mütəxəssis olmaq üçün təsadüfən çalışmamışdı. O, bütün bəndləri – özünəməxsus oyunbaz üslubuna baxmayaraq – elə diqqətlə və hüquqi baxımdan qüsursuz şəkildə tərtib etmişdi ki, onlara etiraz etmək üçün əsas tapmaq mümkün deyildi. Ölkənin ən yaxşı hüquqşünasları düz 10 il ərzində bu sənədi qüvvədən salmağa çalışsalar da, heç nəyə nail ola bilmədilər.

Milların ölümündən cəmi doqquz ay sonra mirasın əsas hissəsi uğrunda əsl mübarizə başladı. Bu hadisə dövrün bütün əsas qəzet və jurnallarında geniş müzakirələrə səbəb oldu.

Əkiz və ya üçəm dünyaya gətirən qadınlar dərhal potensial iddiaçılara çevrilir, adları qəzet səhifələrindən düşmürdü. Mətbuatda hətta “Böyük leyləklər yarışı” adlı gündəlik rubrika da açılmışdı. Jurnalistlərin işi başlarından aşırdı! Həmin rubrikada iddiaçı qadınların siyahısı və onların o vaxta qədər dünyaya gətirdikləri uşaqların sayı dərc olunurdu.

Kilsə isə baş verənlərdən narazı qalaraq bəyan etdi ki, Milların vəsiyyəti əxlaqsız xarakter daşıyır. Onların fikrincə, hüquqşünas bu qərarı ilə hamiləliyin və doğuşun müqəddəsliyinə kölgə salırdı. Keşişlər Millara qarşı qəzəbli xütbələr söyləyir, qadınları bu “çirkin zarafatda” iştirak etməməyə çağırırdılar.

Amma qadınların cavabı da özünəməxsus idi:

“İştirak etməmək nə deməkdir? Uşaq dünyaya gətirməmək?”

Ontarionun baş prokuroru yuxarıda adıçəkilən təqaüd fondunun yaradılması məqsədilə məhkəmə iddiası qaldıranda Toronto qadınlarının səbr kasası daşdı. Onlar israr edirdilər ki, Çarlz Millar vəsiyyətnaməni yazarkən tamamilə sağlam düşüncəli olub və heç bir siyasətçinin uşaq dünyaya gətirmək istəyən qadınların hüquqlarına müdaxilə etməyə ixtiyarı yoxdur.

Etirazlar bütün əyalətə yayıldı. Feministlər xüsusi olaraq vurğulayırdılar ki, vəsiyyətnamənin digər bəndləri üzrə ödənişlər artıq həyata keçirilib, ilk pul alanlar isə məhz din xadimləri və hüquqşünaslar olub. Bəs onda niyə qadınların miras hüququna müdaxilə edilməli idi?

Beləcə, 10 il keçdi.

1936-cı il oktyabrın 31-də, Çarlz Milların ölümünün onuncu ildönümündə Ontario məhkəməsi vəsiyyətnamənin şərtlərini yenidən nəzərdən keçirdi və iddiaçıların siyahısını dəqiqləşdirdi.

İki qadın finalçılar sırasından çıxarıldı. Polin Klarkın doqquz uşağı vardı, lakin onlardan biri onun həyat yoldaşından deyildi. Lilian Kenninin isə faktiki olaraq 12 uşağı dünyaya gəlmişdi. Ancaq onlardan beşi körpə yaşlarında vəfat etmişdi və qadın onların ölü doğulmadığını sübut edə bilməmişdi. Hər iki qadına təsəlli mükafatı kimi 12 500 dollar ödənildi.

Beləliklə, 1936-cı il oktyabrın 31-də “Böyük leyləklər yarışı” dörd qadın arasında heç-heçə ilə başa çatdı: Anna-Ketrin Smit, Ketlin-Elen Naql, Lüsi-Alis Timlek və İzabel-Meri Maklin. Onların hər biri 10 il ərzində doqquz uşaq dünyaya gətirmişdi.

Dörd qalibin hər biri 125 min dollar mükafat aldı. Bu məbləğ indiki pulla təxminən 1,5 milyon ABŞ dollarına bərabər idi.

“Böyük leyləklər yarışı” mətbuatda Çarlz Lindberqin Atlantik okeanı üzərindən tarixi uçuşundan, hətta madam Dionun beşəm dünyaya gətirməsindən daha geniş işıqlandırıldı. Ontario jurnalistləri əvvəllər cəmiyyətin müzakirəsinə çıxarılması qadağan edilən və ya qəbuledilməz sayılan mövzular haqqında yazmağa başladılar. Doğuşa nəzarət, abort, nikahdankənar doğulan uşaqlar və boşanmalar artıq qəzet səhifələrində açıq müzakirə olunurdu.

Müzakirələr zamanı bir sıra maraqlı suallar da ortaya çıxdı: “Toronto” anlayışı hansı ərazini əhatə edirdi? Ölmüş və nikahdankənar doğulmuş uşaqlar ümumi saya daxil edilməli idimi? Ən vacibi isə 9-cu bənd ümumiyyətlə hüquqi baxımdan qanuni idimi?

Ancaq görünür, Millar bütün bu ehtimalları əvvəlcədən nəzərə almışdı.

Taleyin ironiyası onda idi ki, yarışın iştirakçılarının heç də hamısı böyük ailə qurmaq niyyətində deyildi. Üstəlik, biz hələ yeddi-səkkiz uşaq dünyaya gətirən qadınlardan danışmamışıq. Onların da sayı az deyildi.

Unutmayaq ki, yarışın yarısı Böyük Depressiya illərinə təsadüf etmişdi. Bu dövrdə bir çox ailə dolanışıq üçün çətinlik çəkirdi. Dörd qalibdən ikisinin əri işsiz idi və ailələr dövlət müavinətləri hesabına yaşayırdı. Digər iki qadının həyat yoldaşı işləsə də, qazancı çox aşağı idi. Polin Klark isə boşanmışdı və sonuncu uşağını keçmiş ərindən deyil, başqa kişidən dünyaya gətirmişdi.

Xoşbəxtlikdən, qaliblərə verilən mükafatlar onların həyatını xeyli yaxşılaşdırdı. Qadınlar pulları ağıllı şəkildə xərclədilər, övladlarını böyütdülər və onların təhsilinə xüsusi diqqət ayırdılar. Sonralar “Böyük leyləklər yarışı” adlı televiziya filmi də çəkildi və bu qeyri-adi hadisəni yaddaşlarda əbədiləşdirdi.

Bəzi iddialara görə, Çarlz Millar bu qeyri-adi vəsiyyətlə nəzarətsiz doğum artımına səbəb olmaq, bununla da hökuməti və doğumun tənzimlənməsinə tərəfdar olan dini dairələri çıxılmaz vəziyyətə salmaq istəyirdi. Zarafatla deyirdilər ki, övladı olmayan subay Çarlz Millar bu yolla 36 uşağı “övladlığa götürmüşdü”.

Nə olursa-olsun, Çarlz Millar insan təbiətinin maraqlı bir tərəfini üzə çıxaran möhtəşəm tamaşa qurmuşdu: insanlar başqasının pulunu əldə etmək üçün bəzən nə qədər uzağa getməyə hazırdırlar.

Bəlkə də onun hüquqşünas kimi ən böyük nailiyyəti məhz bu idi: ölümündən sonra belə bütün ölkəni düşündürən, mübahisələndirən və güldürən bir hadisəyə imza atmaq.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*