“Kartla əməliyyatlara limit tətbiq olunması harada görülüb? Dünyada belə bir örnək varmı? Belə qərarlar alınarkən nümunə göstərilibmi? Araşdırdım və belə məhdudiyyətlərin olduğunu görmürəm”.
KONKRET.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Mərkəzi Bank və kommersiya bankları arasında əldə edilmiş kartla əməliyyatlara qoyulan limitlə bağlı razılığa münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu qərar əksinə olaraq nağd ödənişlərin və pulların nağdlaşdırılmasını sürətləndirəcək: “Yəni insanlar əvvəl kartda pul saxlayırdılar, heç bir problem olmadan kartdan-karta köçürürdülər. İstənilən məhdudiyyətlərdə alternativlər də olur. Belə qərarlar qəbul edilərkən hökumət düşünürsə ki, bu addım qeyri-leqal əməliyyatların və müəyyən qədər vergidən yayınma hallarının qarşısını alacaq, əslində əks-effekt doğuracaq. İnsanlar nağd pula keçəcəklər. Kartda pul saxlamaq əvəzinə gedəcək bankomatdan nağdlaşdırıb cibinə qoyacaq. Yəni köhnə vəziyyətə qayıdacaq. Belə məhdudlaşdırıcı addımlarla vergi və digər məsələləri həll etmək mümkün deyil”.
Qeyd: Mərkəzi Bank və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən 1 avqustdan ölkədə kartla əməliyyatlara (“card-to-card”) limitlər tətbiq edilib. Kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər. Kartdan karta köçürmələrin maksimal ümumi aylıq məbləği isə 20000 manatdır.
