NATO yeni muharibəyə hazırlaşır – ƏTRAFLIbackend

NATO yeni muharibəyə hazırlaşır - ƏTRAFLI

NATO qüvvələri Ukrayna münaqişəsinin nümunəsi əsasında pilotsuz aparatlar müharibəsinə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bunu alyansın yüksək rütbəli generalı bəyan edib.

Business Insider yazır ki, NATO ordularının hazırlanması üçün Ukrayna müharibəsində əldə olunan təcrübədən getdikcə daha çox istifadə edir. Alyans generallarının sözlərinə görə, onlar artıq pilotsuz uçuş aparatlarının geniş tətbiq olunduğu müharibəyə uyğun taktikanı, silahlanmanı və təlim proqramlarını dəyişirlər. Bununla belə, bu təlimlər hər zaman problemsiz keçmir.

Business Insider-in müəllifi Ceyk Epşteyn yazır ki, Avropada NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Qrinkeviç hesab edir ki, müttəfiq qüvvələr müasir döyüş şəraitində uğurla fəaliyyət göstərə biləcəklər. Söhbət pilotsuz aparatların, radioelektron mübarizə vasitələrinin və fasiləsiz müşahidə sistemlərinin üstünlük təşkil etdiyi döyüş meydanından gedir.

 

General Qrinkeviç İngiltərənin Farnboro şəhərində keçirilən beynəlxalq aviasiya sərgisində Business Insider-ə müsahibəsində deyib:

“Mən hesab edirəm ki, biz buna hazırıq.”

Bununla o, sürətlə dəyişən döyüş üsulları dövründə NATO-nun hazırlığını təsdiqləyib.

General bildirib ki, NATO-nun iki strateji komandanından birinə rəhbərlik edir və alyansın bütün hərbi əməliyyatlarına cavabdehdir. Onun sözlərinə görə, Avropadakı bölmələr artıq Ukrayna müharibəsinin təcrübəsi nəzərə alınmaqla hazırlıq keçir.

Qrinkeviç deyib:

“Biz hər gün ukraynalı hərbçilərin təcrübəsini öyrənir və onların bu çağırışların öhdəsindən necə gəldiyini təhlil edirik.”

O əlavə edib ki, texnologiyalar və taktika son dərəcə sürətlə inkişaf edir. Buna görə də ön cəbhədə olanlarla daimi əlaqə saxlamaq vacibdir ki, dəyişikliklər vaxtında qiymətləndirilə bilsin.

NATO-nun gələcək çağırışlara uyğunlaşdırılması ilə məşğul olan fransalı admiral Pyer Vandyenin fikrincə, Ukraynanın təcrübəsi alyansın imkanlarını gücləndirir.

Artıq NATO-nun təlim proqramlarına və hərbi doktrinasına Ukrayna müharibəsində qazanılmış təcrübənin bir hissəsi daxil edilib. Bəzi hallarda isə döyüş şəraitində sınaqdan çıxmış sistemlər birbaşa silahlanmaya qəbul edilir. Buna misal olaraq, ABŞ-ın İranla gərginlik başlayarkən Yaxın Şərqə təcili göndərdiyi Merops pilotsuz aparatlara qarşı mübarizə sistemi göstərilir.

NATO ukraynalı hərbçilərin təcrübəsindən digər layihələr vasitəsilə də istifadə edir. Onlardan biri Birgə Təhlil, Hazırlıq və Təhsil Mərkəzidir (JATEC).

Məsələn, mart ayında Portuqaliya sahillərində keçirilən dəniz təlimləri zamanı “şərti rəqib” rolunda çıxış edən Ukrayna komandası dronlardan istifadə edərək NATO qüvvələrini məğlub edib. Bu təlim alyansa həm pilotsuz katerlərdən istifadənin, həm də onlara qarşı müdafiənin yollarını işləyib hazırlamağa imkan verib.

Admiral Vandye bu cür təlimləri olduqca faydalı adlandıraraq bildirib ki, onlar NATO-nun müasir təhlükələrə baxışını dəyişib.

Məqalədə qeyd olunur ki, 2022-ci ildən bəri Ukrayna müharibəsinin xarakteri ciddi şəkildə dəyişib. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, hazırda zərbələrin təxminən 90 faizi pilotsuz aparatların payına düşür. Halbuki əvvəllər əsas zərbə vasitəsi artilleriya idi.

Bu səbəbdən NATO Ukraynanın müasir döyüş təcrübəsini daha dərindən öyrənir. Burada partlayıcı ilə təchiz edilmiş kvadrokopterlər piyadaları hədəfə alır, dəniz dronları isə döyüş aviasiyasına qarşı istifadə olunur.

General Qrinkeviç bildirib ki, NATO müntəzəm olaraq ukraynalı hərbçiləri “şərti rəqib” qismində təlimlərə dəvət edir. Bu, alyansa gələcək münaqişələrə daha yaxşı hazırlaşmağa kömək edir.

Onun sözlərinə görə:

“İlk gün nəticələrimiz həmişə ən yaxşı olmur. Ancaq altıncı və ya yeddinci günə NATO hərbçiləri artıq tam uyğunlaşır və bütün zəruri bacarıqları mənimsəyirlər”.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*