Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev ölkənin yeni birpalatalı parlamenti – Qurultaya keçirilən seçkilərdə evində səs verib.
KONKRET.az xəbər verir ki, Nazarbayevin mətbuat xidmətinin məlumatına görə, keçmiş dövlət başçısı səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilməyib. O, yaxın vaxtlarda onurğa sütunundan əməliyyat keçirib və bu səbəbdən seçki hüququnu evdə həyata keçirib.
Qeyd edək ki, Qazaxıstanda avqustun 23-də yeni Konstitusiya əsasında ölkənin tarixində ilk dəfə birpalatalı parlamentə – Qurultaya seçkilər keçirilir. Yeni Konstitusiya iyulun 1-də qüvvəyə minib və bununla da əvvəlki ikipalatalı parlament sistemi dəyişdirilib.
Yeni Qurultay 145 deputatdan ibarət olacaq. Deputatlar beş il müddətinə vahid ümummilli seçki dairəsi üzrə yalnız siyasi partiyaların siyahıları əsasında proporsional sistemlə seçilirlər. Seçkilərdə yeddi siyasi partiya iştirak edir.
Beləliklə, 23 avqust seçkiləri Qazaxıstanın yeni siyasi və konstitusiya modelinin ilk böyük sınağı hesab olunur.
Günay Əli
KONKRET.az
