Niderlandda İkinci Dünya müharibəsindən qalma 4 avtomobil tapıldı: Onlardan biri nadir “Mersedes”dirbackend

Niderlandda İkinci Dünya müharibəsindən qalma 4 avtomobil tapıldı: Onlardan biri nadir "Mersedes"dir

Arxeoloqların nə axtardığını yəqin ki, hər bir yeniyetmə bilir: köhnə hərbi texnika, tanklar, təyyarələr və müharibədən qalan digər əşyalar! Təəssüf ki, bataqlıqda batmış tanklar haqqında hekayələr çox vaxt kənd əfsanəsindən o yana keçmir. Ancaq bəzən arxeoloqlar həqiqətən də XX əsrin tarixinə aid maraqlı tapıntılarla qarşılaşırlar. Üstəlik, belə kəşflər qədim dövrlərə aid qazıntılar qədər həyəcan doğura bilir.

Niderlandda, keçmiş Zusterberq hərbi aviabazasının ərazisində təxminən 550 yaşayış evinin tikintisinə hazırlıq işləri aparılır. 2026-cı ilin fevral ayının ortalarında ərazidə İkinci Dünya müharibəsindən qalmış partlamamış bombalar aşkar edilərək zərərsizləşdirilmişdi. Bundan sonra mütəxəssislər metal detektorların köməyi ilə ərazini yoxlamağa başlayıblar. Nəticə isə gözlənilməz olub: torpağın altında dörd köhnə avtomobilin qalıqları aşkarlanıb.

Bununla yanaşı, arxeoloqlar uçuş-enmə zolağının işıqlandırma qurğusunu və müxtəlif təyyarə hissələrini də tapıblar.

İlkin mərhələdə avtomobillərin qalıqları qismən qazılıb, lakin işləri müvəqqəti dayandırmaq lazım gəlib. Səbəb isə ərazidə qorunan torağay növünün çoxalması olub. Quşların cütləşmə və çoxalma mövsümü başa çatdıqdan sonra qazıntılar yenidən davam etdirilib.

Artıq iki avtomobil torpaqdan çıxarılıb, üçüncüsünün qazıntısı isə davam edir. Dördüncü avtomobil tikinti sahəsinin hüdudlarından kənarda yerləşdiyi üçün hələlik ona toxunulmayıb.

Hələlik tapılan avtomobillərdən yalnız birinin modelini müəyyənləşdirmək mümkün olub. Mütəxəssislərin ilkin ehtimalına görə, bu, ötən əsrin 1920-ci illərində istehsal edilmiş, öz dövrünün dəbdəbəli avtomobillərindən sayılan Mercedes-Benz 630 modelidir.

Maraqlıdır ki, avtomobillərin salonları tamamilə boşdur. Onların təkərləri, mühərrikləri və oturacaqları yoxdur. Bəs bu maşınlar necə olub ki, onilliklər ərzində torpağın altında qalıb?

Tədqiqatçıların ehtimalına görə, bunun səbəbi İkinci Dünya müharibəsinin ilk günləri ilə bağlıdır.

Məlumdur ki, Almaniyanın Niderlandı işğal etməsindən əvvəl aviabazanın ətrafında yaşayış məntəqələri mövcud idi. Ehtimal olunur ki, 1940-cı ildə yerli sakinlər alman təyyarələrinin əraziyə eniş etməsinin qarşısını almaq və öz yaşayış məhəllələrini qorumaq məqsədilə köhnə, qismən sökülmüş avtomobilləri uçuş-enmə zolağının üzərinə yerləşdiriblər. Beləliklə, maşınlardan maneə kimi istifadə olunub.

Lakin bu tədbir almanların ərazini ələ keçirməsinə mane ola bilməyib. İşğaldan sonra alman hərbçiləri keçmiş aviabazanı genişləndirərək böyük aerodroma çevirməyi planlaşdırıblar.

Tikinti işləri zamanı ərazidə qum çıxarmaq üçün böyük çuxurlar qazılıb. Ehtimal edilir ki, uçuş-enmə zolağından yığışdırılan yararsız avtomobillərin qalıqları da həmin çuxurlara atılıb. Nəticədə avtomobillər torpağın altında qalıb və onilliklər ərzində unudulub.

1945-ci ilin aprelində alman qoşunları aerodromu tərk edərkən onun infrastrukturunun əhəmiyyətli hissəsini dağıdıblar.

Qazıntılar zamanı ərazidə avtomobillərdən başqa, gündəlik həyata aid maraqlı əşyalar da üzə çıxıb. Keçmiş çayxananın yaxınlığındakı zibil çuxurunda menyu üçün istifadə edilən metal lövhələr, çini fincanlar və boşqablar tapılıb.

Araşdırmalar göstərir ki, İkinci Dünya müharibəsindən əvvəl burada “Sosterdal” adlı istirahət və xidmət müəssisəsi fəaliyyət göstərib. Əsasən turistlərin üz tutduğu bu məkanda qonaqlar menyudan noxud şorbası və ya dondurma sifariş edə bilirdilər.

Beləliklə, Niderlanddakı keçmiş hərbi aviabazada aparılan qazıntılar yalnız nadir avtomobilləri üzə çıxarmayıb. Torpağın altında qalan bu əşyalar həm müharibənin izlərini, həm də həmin ərazidə insanların müharibədən əvvəlki gündəlik həyatını yenidən göz önündə canlandırır.

Bəzən tarix kitablarında rast gəldiyimiz hadisələrin ən maraqlı şahidləri elə torpağın altında onilliklər boyu səssizcə gözləyən adi əşyalar olur.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*