Polşanın Jeşuv və Lyublin şəhərlərindəki hava limanları sentyabrın 30-da səhər tezdən hərbi aviasiyanın “fəaliyyət azadlığını təmin etmək” məqsədilə yenidən müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Polşa Hava Naviqasiyası Xidmətləri Agentliyi (PANSA) X sosial şəbəkəsində məlumat yayıb.
Agentlik Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının açıqlamasına istinadən bildirib ki, Rusiya ordusunun Ukrayna ərazisinə zərbələri ilə əlaqədar Polşanın hava məkanında hərbi aviasiya fəaliyyət göstərib.
Məlumata görə, ölkənin hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemləri “döyüş hazırlığı vəziyyətinə gətirilib”.
Varşava vaxtı ilə saat 07:10 radələrində PANSA hava limanlarının fəaliyyətini bərpa etdiyini açıqlayıb.
Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanmasından sonra Jeşuv və Lyublin hava limanlarının Rusiya zərbələri ilə əlaqədar fəaliyyətini dayandırdığı ilk hal deyil.
Polşa, həmçinin Rusiya ordusunun Ukraynanın Polşa-Ukrayna sərhədinə yaxın ərazilərinə zərbələr endirdiyi zaman mütəmadi olaraq qırıcı təyyarələrini havaya qaldırır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
