Uzun illərdir təbii marağım, analitik araşdırmalara meylim və qanuni maliyyə əməliyyatlarına marağım səbəbindən ABŞ fond bazarını izləyirəm. Otuz ildən artıq müddətdə çox şey görmüşəm: məharətlə həyata keçirilən əməliyyatlar, açıq-aşkar sinizm, şübhəli sövdələşmələr və heç bir məntiqə sığmayan qərarlar. Lakin dünən şahidi olduğum hadisə ədəb-ərkan və etik davranışla bağlı təsəvvürlərimi belə alt-üst etdi. Halbuki qlobal və yerli siyasətdə, biznesdə, maliyyədə, eləcə də ictimai həyatda baş verən son hadisələr insanı artıq hər şeyə alışdırmalı idi.
Beləliklə, noyabrın 23-də, bazar ertəsi Nvidia səhmləri 31,48 faiz bahalaşaraq 165,05 dollar səviyyəsində bağlandı. Şirkətin bazar kapitallaşması bir gün ərzində 930 milyard dollardan çox artdı. Başqa sözlə, özəl bir şirkətin dəyəri cəmi bir gün ərzində 177-dən çox ölkənin illik nominal ÜDM-ni üstələyən məbləğdə yüksəldi.
Bu, özlüyündə misilsiz hadisədir. Ancaq məni daha çox maraqlandıran başqa sualdır: belə nəhəng artımdan əvvəl nə baş vermişdi?
Noyabrın 20-də, cümə günü Prezident Donald Tramp açıq şəkildə Huanqın geri qayıtmasını dəstəklədiyini bildirdi. Bazar günü isə bu mövqeyini bir daha təkrarladı. Üstəlik, həmin dəfə Prezident Nvidia-nın Direktorlar Şurası ilə şəxsən əlaqə saxladı. Associated Press-in məlumatına görə, həftəsonu aparılan danışıqlara vitse-prezident Cey Di Vens də qoşulmuşdu.
Nvidia-nın bu gün səhər açıqlanan hesabatında yekun qərarın qəbul edildiyi tarix də göstərilib: noyabrın 22-si, bazar günü. Yəni Trampın və Vensin israrlı çağırışlarından cəmi bir neçə saat sonra.
Bu isə belə bir sual doğurur: qərar barədə bazar günü, Trampa yaxın müəyyən dairələrdə artıq məlumat var idimi?
Noyabrın 23-də, bazar ertəsi şirkət Huanqın geri qayıtdığını rəsmən elan etdi. Bundan sonra Nvidia səhmləri kəskin bahalaşdı. Bir məqamı da qeyd edim: Trampın şəxsi sahib olduğu Nvidia səhmlərinin sayı onun vergi bəyannaməsində göstərilib. Analitiklərin hesablamalarına görə, yalnız həmin günkü bahalaşma nəticəsində Prezidentin sərvəti təxminən 17 milyon dollar arta bilərdi.
Amma bu, məsələnin yalnız bir tərəfidir. Əsas sual budur: rekord həcmdə alışlar və bundan əldə edilən nəhəng qazanc kimlərə qismət oldu?
Noyabrın 23-də Nvidia səhmləri üzrə opsion ticarətinin həcmi 11 milyon müqaviləni keçib. Bu, tarixi rekord olmaqla yanaşı, son 30 günün orta göstəricisindən beş dəfədən də çoxdur. Şirkətin qərarı açıqlanmazdan bir qədər əvvəl isə kimsə Nvidia səhmləri üzrə təxminən 3,4 milyon dollar dəyərində alış opsionları əldə edib.
Bundan əlavə, Polymarket platformasında Bubblemaps analitikləri Huanqın geri qayıtmasına mərc edən və məhz həmin gün yaradılmış 16 hesabdan ibarət iki şübhəli qrup müəyyənləşdiriblər.
Artıq senatorlar – demokratlar Ruben Qalleqo və Cek Rid də Huanqın geri qayıtması elan edilməzdən əvvəl açılmış bütün mövqelərin araşdırılmasını tələb ediblər.
Mənim qənaətim nədir?
Hesab edirəm ki, Trampın Direktorlar Şurasının qərarına müdaxiləsi həlledici rol oynayıb. Bu qənaətim yalnız hadisələrin vaxt baxımından üst-üstə düşməsinə əsaslanmır. Tramp özü CNBC-yə müsahibəsində belə demişdi: “Şura bizim ondan istədiyimizi etməyə qərar verdi”.
Bəs məncə, Direktorlar Şurasında nə baş verdi?
Özünüzü həmin şuranın üzvlərindən birinin yerinə qoyun. Bir neçə gün əvvələ qədər Huanqın geri qayıtmasına qarşı çıxırdınız. Onun fəaliyyəti ilə bağlı milli təhlükəsizlik risklərinin yarana biləcəyindən narahat idiniz. İndi isə məhz həmin məsələlərlə bağlı məlumatlara çıxışı olan hökumətin yüksək vəzifəli nümayəndələri, hətta Prezident şəxsən onun geri qayıtmasını dəstəkləyir.
Sizin hələ də bu qərarın əleyhinə səs vermək hüququnuz var. Ancaq indi səhmdarlara izah etməlisiniz: Vaşinqtonun özü Huanqın qayıdışını məqbul hesab etdiyi halda, siz hansı səbəbdən bunu təhlükəli sayırsınız?
Üstəlik, səhmdarların və investorların Huanqın geri qayıtmasını istədiyi açıq-aydın görünürdü. Dünənki bazar reaksiyasının miqyası investorların onun şəxsiyyətinə və şirkət üçün əhəmiyyətinə verdiyi dəyəri nümayiş etdirdi.
Məhz buna görə düşünürəm ki, Trampın müdaxiləsi səsvermənin nəticəsinə təsir göstərib və direktorların hamısı Huanqın geri qayıtmasını dəstəkləyib.
Nvidia-nın uzunmüddətli səhmdarı kimi, Huanqın geri qayıtmasını məntiqli biznes qərarı hesab edirəm.
Ancaq məni ən çox düşündürən məsələ Direktorlar Şurasının müstəqilliyidir.
ABŞ vətəndaşı kimi mənə maraqlıdır: kapitallaşması cəmi bir ay yarım əvvəl Almaniya, Yaponiya və Hindistanın illik ÜDM-ni üstələyən, dünya iqtisadiyyatının ən böyük şirkətlərindən birinə çevrilmiş Nvidia Ağ Evdən bu qədər asılıdırmı?
Şirkət, əlbəttə, belə bir təsiri qəbul etmir. Dünən verilən açıqlamada bildirilirdi ki, qərar Huanqla keçirilən bir sıra görüşlərdən sonra qəbul olunub, onun izahatları və səmimiyyəti Direktorlar Şurasını qane edib.
Amma burada ciddi sual yaranır: cəmi bir neçə gün əvvəl onun geri qayıtmasına qəti şəkildə qarşı çıxan direktorların mövqeyi necə oldu ki, bu qədər qısa müddətdə köklü şəkildə dəyişdi?
Huanq son bir neçə gündə onlara nə izah etdi? Hansı yeni məlumatlar ortaya çıxdı ki, Direktorlar Şurası əvvəlki mövqeyindən imtina etdi?
Bu sualların cavabını bilmək istərdim. Lakin etiraf edim ki, məndə ciddi şübhələr var.
Huanqın vəzifəsinə qaytarılması lazım gələndə Ağ Ev həftəsonu ərzində həm onunla, həm də Direktorlar Şurası ilə əlaqə saxlaya bildi. Bəs Trampın məlumatlı olduğunu iddia etdiyi “Çin casusu qadın”la münasibətlərinin inkişafının qarşısını almaq üçün nə vaxtsa onunla belə bir söhbət aparmaq mümkün deyildimi?
Mənim üçün bu hekayənin ən ciddi ziddiyyətlərindən biri məhz budur.
Trampın şəxsi marağı məsələsi
İndi isə Trampın tərəfdarlarından biri kimi mənim üçün ən xoşagəlməz məqama keçək.
Trampın Huanqın geri qayıtmasına çalışarkən bazarın buna müsbət reaksiya verəcəyini gözləməsi tamamilə məntiqli görünə bilərdi. Bunun üçün şirkətin Huanqın gedişinə necə reaksiya verdiyini xatırlamaq kifayətdir: həmin dövrdə Nvidia-nın bazar kapitallaşması 1,8 trilyon dollar azalmışdı.
Trampın bu addımının arxasında səmimi dövlət maraqlarının dayanması da mümkündür. Strateji əhəmiyyətə malik bir şirkətin rəhbərliyinə onun qurucusunun qaytarılması ABŞ üçün vacib hesab edilə bilərdi. Beləliklə, dövlət maraqları ilə biznes maraqları üst-üstə düşə bilərdi.
Ancaq burada diqqətdən kənarda qalmamalı mühüm bir məqam var: bu qərarın qəbul edilməsində hamıdan çox maraqlı olan şəxsin özü həmin şirkətin milyonlarla dollar dəyərində səhmlərinə sahib idi.
Ağ Ev bildirir ki, Tramp ailəsinin investisiya portfeli müstəqil maliyyə təşkilatları tərəfindən idarə olunur və Prezident bu qurumlara birbaşa göstəriş verə bilməz.
Bəli, müstəqil idarəçilər səhmlərin nə vaxt alınması və ya satılması barədə özləri qərar verə bilərlər. Ancaq Nvidia-nın Direktorlar Şurası ilə əlaqə saxlamaq qərarını Prezidentin özü verib. Üstəlik, onun nail olmaq istədiyi nəticə eyni zamanda şəxsi maliyyə maraqlarına da uyğun gəlirdi.
Trampın bu qərardan mümkün şəxsi qazancını artıq indidən təxmin etmək mümkündür. Lakin onun yaxın ətrafından kiminsə qapalı məlumatlardan istifadə edərək qəsdən qazanc əldə etdiyi barədə nəticəyə gəlmək üçün konkret sübutlar lazımdır. Hazırda bu məsələ araşdırılmalı sual olaraq qalır.
Konqresin hər iki palatasında isə bu hadisə Tramp administrasiyasına qarşı yeni siyasi mübahisələrin başlanmasına səbəb olub. Demokratlar yaranmış vəziyyəti Prezidentə qarşı növbəti mübarizə üçün fürsət kimi qiymətləndirirlər.
Hələlik onlar azlıqdadırlar və yalnız suallar ünvanlaya bilirlər. Yanvarın 1-dən etibarən isə Konqresdəki mövqeləri və səlahiyyətləri dəyişərsə, araşdırma üçün daha geniş imkanlar əldə edə bilərlər.
Müəllif: Mark Ginzburq
Təqdim etdi: Natiq Səlim,
KONKRET.az
