Azərbaycanda yerli istehsalın artırılması, fermerlərin dəstəklənməsi və idxaldan asılılığın azaldılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Lakin bazarlarda bəzən maraqlı mənzərə ilə qarşılaşırıq. Bəzən ölkəmizdə yetişdirilən meyvə-tərəvəz eyni məhsulun xaricdən gətirilən növündən daha baha qiymətə təklif olunur.
Bəs öz torpağımızda yetişən məhsul niyə daha baha başa gəlir?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı-ekspert Akif Nəsirli yerli kənd təsərrüfatı məhsullarının baha olmasının əsas səbəblərini açıqlayıb:
“Yerli kənd təsərrüfatı məhsullarının idxal olunan analoji məhsullardan baha olmasının əsas səbəbi istehsalın maya dəyəri, məhsuldarlıq və logistika xərcləri ilə bağlıdır. Azərbaycanda fermer təsərrüfatlarının əksəriyyətinin kiçik və pərakəndə olması istehsalın miqyasını məhdudlaşdırır. Nəticədə toxum, gübrə, yanacaq, suvarma və texnika xərcləri məhsulun hər kiloqramına daha çox düşür. Xarici ölkələrdə isə iri təsərrüfatlar və müasir texnologiyalar hesabına daha ucuz istehsal mümkün olur”.
Ekspertin sözlərinə görə, qiymətlərin artmasında vasitəçilərin də payı var:
“Qiymət artımında vasitəçilərin də ciddi rolu var. Məhsul fermerdən tədarükçüyə, oradan topdansatış bazarına, daha sonra mağaza və marketlərə çatana qədər hər mərhələdə əlavə xərc və ticarət əlavəsi yaranır. Xüsusilə fermerin məhsulunu birbaşa satış şəbəkələrinə çıxarmaq imkanları məhdud olduqda bu fərq daha da artır.
Problemin həlli üçün ilk növbədə istehsal xərcləri azaldılmalı, məhsuldarlıq artırılmalı, fermerlərin kooperativlərdə birləşməsi təşviq edilməlidir. Müasir soyuducu anbarların və logistika mərkəzlərinin yaradılması da vacibdir. Bu, fermerin məhsulunu mövsüm vaxtı ucuz satmaq məcburiyyətini aradan qaldıra bilər.
Eyni zamanda, fermerlə istehlakçı arasında birbaşa satış imkanları genişləndirilməli, supermarketlərlə istehsalçılar arasında birbaşa müqavilələr təşviq olunmalıdır. Topdansatış və pərakəndə ticarətdə rəqabət gücləndirilməli, süni qiymət artımlarına nəzarət edilməlidir.
Əsas məqsəd fermerin qazancını azaltmaq deyil, məhsulun maya dəyərini və tarladan bazara qədər yaranan əlavə xərcləri aşağı salmaq olmalıdır. Yalnız bu halda yerli məhsul həm fermer üçün gəlirli, həm də istehlakçı üçün əlçatan ola bilər”.
