Son vaxtlar Oğuz rayonunda sahibsiz küçə itlərinin artması narahatlıq doğurur.
KONKRET.az xəbər verir ki, Oğuz şəhərinin tam mərkəzində itlərin insanlara hücum etməsi artıq adi hal alıb.
“Bura sahibsiz itlərlə doludur. Qonşuda neçə nəfəri qapıblar. Axşam olanda itlərin qorxusundan küçəyə çıxa bilmirik. Xahiş edirik ki, bununla bağlı tədbir görsünlər”, – deyə sakinlər narazılıqlarını ifadə ediblər.
Problemlə bağlı Oğuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq IDEA İctimai Birliyinin Heyvanlara Qayğı Mərkəzinə müraciət edilib və mərkəzin əməkdaşları tərəfindən ilkin olaraq şəhər ərazisində 50 sahibsiz küçə itləri tutularaq sığınacağa yerləşdirilib:
“Tədbirin davamı olaraq növbəti günlərdə də şəhər ərazisində küçə itlərinin sığınacağa yerləşdirilməsi tərəfimizdən təmin ediləcək”.
Qeyd edək ki, it dişləməsi zamanı həkimə müraciət etmək lazımdır. Belə ki, quduzluğa yoluxan heyvanların dişlədiyi insanlar peyvənd olunmadıqda bu, ölümlə nəticələnir. Belə hallar isə ölkə ərazisində zaman-zaman baş verib.
Daha ətraflı BAKU TV-nin süjetində:
KONKRET.az