Ölkədə heyvan qiymətləri BAHALAŞDIbackend

Ölkədə heyvan qiymətləri BAHALAŞDI

Qurban bayramı ərəfəsində ət bazarında qiymətlərin dəyişməsi hər il müzakirə mövzusuna çevrilir. Bayram günlərində minlərlə ailəyə qurban əti paylansa da, bazarda qiymətlərin ucuzlaşması əvəzinə bahalaşma müşahidə olunur. Bu vəziyyət istehlakçılar arasında suallar yaradır. Bəs ətin alıcılığının müəyyən qədər azalmasına baxmayaraq, qiymətlərin artmasının əsas səbəbləri nələrdir?

KONKRET.az xəbər verir ki, bu barədə Demokrat.az-a danışan iqtisadçı İlqar Hüseynli Azərbaycanın ət və ət məhsulları daxili bazarının təxminən 50%-dən çox hissəsinin artıq idxaldan asılı vəziyyətdə olduğunu bildirib.

“Ölkənin aqrar bölgələrində, xüsusən Ağcabədi, Beyləqan və İmişli kimi ərazilərdə kiçik və orta sahibkarlıq subyektləri arasında müəyyən qədər bu sahə ilə çalışan insanlar var. İşğaldan azad olunmuş ərazilərdə də yeni böyük aqroholdinqlər və maldarlıq kompleksləri tikilir, amma bu layihələr daxili ət bazarını tam təmin etmək üçün yetərli deyil. Ümumiyyətlə, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi prosesi, demək olar ki, daha doğru aparılmalıdır və bununla bağlı bizim zamanında kifayət qədər mövqelərimiz ilə təkliflərimiz olmuşdu. Əgər qoyunçuluq və maldarlıq sahələri iri şirkətlər tərəfindən müsadirə olunaraq, əkinçiliyə, tərəvəzçiliyə çevrilirdisə, başa düşülməli idi ki, maldarlıq və qoyunçuluq sahəsində kifayət qədər geriləmə olacaq. Nəticədə daxili bazarda bununla bağlı ciddi problemlərin yaranacağı gözlənilirdi və həmin problem sonradan real olaraq yarandı. Vaxtilə 1000 və ya 1500 baş qoyunu olan fermerin indi 100 və ya 150 baş qoyunu çətinliklə qalmaqdadır ki, bu da birbaşa örüş sahələrinin olmaması ilə bağlıdır”.

Ekspert deyib ki, ona görə də Azərbaycanda daxili bazarda kəsilən qurbanlar daxili bazardan alındığı üçün malın, heyvanın və qoyunun qiyməti kifayət qədər bahadır:

“Qiymətlərin bu dərəcədə yüksək olması yemin həddindən artıq baha olması, örüş sahəsinin yoxluğu və fermerlərin öz fərdi təsərrüfatlarını saxlamaq üçün çox böyük xərclər çəkməsi ilə əlaqədardır. Belə olan halda bazarda qiymətlərin enməsi deyil, əksinə, bahalaşması tendensiyası baş verir, çünki fermer də öz fəaliyyətində ziyana işləməli deyil. Bu gün mal bazarlarında normal qurbanlıq qoyunun qiyməti 350 ilə 400 manat arasında, iri buynuzlu heyvanın qiyməti isə 2500 və 3000 manat arasında təklif olunur. Buna görə də ucuzlaşma ilə bağlı problem kifayət qədər dərindir və bazarda yaxın zamanda ucuzlaşma deyil, bahalaşma olacaq və bu bahalaşma dalğası davam edəcək.

Builki yağışlar fermerləri bir az da çətin duruma salıb. Ot məhsulları sahələrdə qaldığı üçün çürüyüb. Hazırda taxılçılıqla bağlı da ciddi problemlər var və taxıl biçildikdən sonra ondan ot və yem tədarük olunduğu üçün indi bu proses də olduqca problemli görünür. Bütün bunların hamısını üst-üstə gəlsək, bazarda olan digər istehlak məhsullarının qiymətinin yüksəlməsi fermerləri də məcbur edir ki, fərdi təsərrüfatlarındakı heyvanları baha satsınlar və məhz bu səbəbdən gözlənilən ucuzlaşma baş vermədi. Demək olar ki, bu il həmişəki kimi imkansız ailələrə kütləvi şəkildə qurban paylarının paylanması qeydə alınmadı.

Sizdə elə bir təsəvvür formalaşa bilər ki, qurban ətləri hər kəsə paylanılır, amma bu proses kütləvi xarakter daşımadı və kütləvi olmadığı halda isə həmin o imkansız ailələr və vətəndaşlar sadəcə evlərində bir az qurban əti olsun deyə yenə də həmin əti az miqdarda almağa məcbur oldular”, – deyə ekspert bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*